Siyasət

  • 613

Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə

image

Prezident İlham Əliyev: "Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq"

"Tatarıstan ilə Azərbaycan arasında münasibətlər Rusiya Federasiyasının və Azərbaycanın dövlətlərarası münasibətlərinin mühüm tərkib hissəsidir". Bu sözləri Azərbaycan Prezident İlham Əliyev Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşündə bildirib. Dövlətimizin başçısı Tatarıstan-Azərbaycan ikitərəfli formatının çox yaxşı olduğunu diqqətə çatdırıb. Əlbəttə ki, Azərbaycan Prezidentinin Tatarıstanın ali dövlət mükafatı ilə təltif olunması haqqında Fərmanın oxunması münasibətlərin yüksək olmasına əsaslanır. "Tatarıstan Respublikası Rəisinin Fərmanı ilə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə Prezident İlham Əliyev "Dostluq" ordeni ilə təltif olunur."

Bunun həqiqətən də böyük sürpriz olduğunu bildirən dövlətimizin başçısı bu barədə təyyarə Kazana enəndə öyrəndiyini diqqətə çatdırıb: "Tatarıstan Respublikasının yüksək ordeni ilə təltif olunmaq böyük şərəfdir. Bütün Azərbaycan xalqı adından, şəxsən öz adımdan bir daha Sizə təşəkkür edirəm"

Qeyd edək ki, müstəqil Azərbaycanın Rusiya Federasiyasının bütün bölgələri ilə, eləcə də Tatarıstanla münasibətləri inkişaf etməkdədir. Hər iki dövləti tarixən səmimi dostluq münasibətləri bağlayır və tarix boyu qurulmuş əlaqələr bu gün də davam etməkdədir. Belə ki, çoxlu sayda azərbaycanlı Tatarıstanda, tatarlar isə Azərbaycanda yaşayır. Ölkəmizdə Tatarıstan Respublikasının Daimi Nümayəndəliyi, "Tuqan Tel" Tatar Mədəniyyəti Cəmiyyəti, "Yaşlek" Azərbaycan Tatar Gəncləri Mərkəzi, "Tatarıstan" İctimai Birliyi və "Ak Kalfak" Tatar Qadınları Cəmiyyətinin Bakı bölməsi fəaliyyət göstərir. İki respublika arasında iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Bundan əlavə, hökumətlərarası komissiya yaradılıb. Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycana səfəri dostluq və qardaşlıq münasibətlərini özündə ehtiva edir.

REGİONAL SƏVİYYƏDƏ CİDDİ TÖHFƏ

Məlumdur ki, Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov işğaldan azad olunan bəzi ərazilərimizdə olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin açılışında iştirak etmişdilər. Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Sənaye Parkının logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. Park yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Rusiya və Azərbaycan birgə müəssisəsi olan "Avto Lizinq Azərbaycan" MMC tərəfindən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycana səfəri çərçivəsində yenidən qurulan və sakinlərini qoynuna alan Ağalıda da olub. Səfərdə olan Tatarıstan Respublikasının Rəisi real mənzərənin şahidi olub. Bu səfər ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə regional səviyyədə də ciddi töhfədir.

Oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin "Outreach"/"BRICS+" formatının ilk plenar iclasında iştirak edib. Qeyd edək ki, hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.

"DÖRDİLLİK SƏDRLİK DÖVRÜNDƏ QOŞULMAMA HƏRƏKATI ÖZÜNÜN İNSTİTUSİONAL İNKİŞAFINDA BÖYÜK ADDIM ATIB"

XVI BRICS Sammitinin "Outreach"/"BRICS+" formatının ilk plenar iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır olduğunu bildirərək, bunun 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirildiyini diqqətə çatdırıb: "Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir".

Qeyd edək ki, 4 il ərzində ölkəmizin BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu və əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq təqdir edilməkdədir. Təsadüfi deyil ki, Azərbaycanın sədrliyi dövründə əldə edilən uğurlar bütün üzv dövlətlər tərəfindən təqdir edilmiş və Azərbaycanın Hərəkata 3 il müddətinə nəzərdə tutulan sədrliyi yekdilliklə əlavə 1 il müddətinə artırıldı. Sədrlik dövründə Azərbaycan Hərəkatın beynəlxalq münasibətlər sistemindəki əvvəlki nüfuzunu bərpa etməyə yönəlmiş və heç bir beynəlxalq aktorla ziddiyyətə getmədən "Bandunq Prinsipləri"nin təşviqinə köklənmiş siyasət sərgiləyib. Sədrliyin böyük bir hissəsinin COVID-19 pandemiyasının yayılmasının intensiv dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüslər sayəsində mövcud çağırışlar yeni əməkdaşlıq imkanlarına çevrilib. Burada xüsusilə inkişaf etmiş ölkələrin "peyvənd millətçiliyi siyasəti" və inkişaf etməkdə olan ölkələrə qarşı ədalətsiz və biganə yanaşmasına son qoyulması üçün BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında ölkəmiz tərəfindən mühüm qətnamələrin irəli sürülərək qəbul etdirilməsini qeyd etmək olar"

Azərbaycan həmçinin Hərəkatın təsisatlandırılması istiqamətində mühüm addımlar ataraq, ölkə başçısının təşəbbüslərinə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi və Gənclər Təşkilatını yaradıb. Sədrliyimiz dövründə həmçinin Qoşulmama Hərəkatına üzv dövlətlərin beyin mərkəzlərinin ilk iclası keçirilib, onların şəbəkələşməsi istiqamətində ilk addım atılıb.

Onu da bildirək ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunmuşdur. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

"ŞƏRQ-QƏRB" VƏ "ŞİMAL-CƏNUB" NƏQLİYYAT DƏHLİZLƏRİ BİZİM ƏRAZİMİZDƏN KEÇİR"

Ölkəmiz hazırda Avrasiya məkanının mühüm logistik mərkəzlərindən biri kimi tanınaraq yeni təşəbbüslər irəli sürmək¬də davam edir. Eyni zamanda, İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradıl¬masının fəal iştirakçısı olan Azərbaycan gerçəkləşdirdiyi genişhəcmli layihələrin nəticəsi olaraq müxtəlif istiqamətlərə tranzit daşımaların səmərəli təşkilinə eti¬barlı təminat verir. "Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq", - deyə Prezident bildirib.

"COP29-UN AZƏRBAYCANDA KEÇİRİLMƏSİNƏ DAİR YEKDİL QƏRARI BİZİM SİYASƏTİMİZƏ HÖRMƏTİN VƏ DƏSTƏYİN PARLAQ SÜBUTUDUR"

Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un gələn il Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür. Əlbəttə ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir. İlk növbədə ölkəmizə gələn qonaqlar inkişafı öz gözləri ilə görmək imkanı qazanır, daha sonra isə bu haqda ətraflı məlumatlanırlar. Bu cür tədbirlər eyni zamanda ölkəmizin beynəlxalq imicinə də müsbət təsir edir. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. "Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik", - deyə Prezident bildirib.

Xatırladaq ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar COP28-in ötən ilin dekabrın 11–də keçirilən plenar iclasında verilib. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda mühüm əhəmiyyət kəsb edir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər