Siyasət

  • 612

Türkiyə 101 illik tarixi yolda

image

Siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit olan Türkiyə Cümhuriyyəti müstəqilliyinin 101-ci ildönümünü qeyd edir. Azərbaycana dost, qardaş ölkə olan Türkiyə uğurlu bir inkişaf yolu keçib. 1923-cü il oktyabrın 29-da idarəetmə formasına görə respublika elan olunan Türkiyə 101 ildir ki, müstəqil yaşayır. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk Qurtuluş savaşında Qərb ölkələri üzərində qələbədən sonra 1923-cü il oktyabrın 29-da Türkiyədə respublika qurulduğunu elan edib. Əlbəttə ki, Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün çətinliklər, ağır imtahanlar hesabına əldə olunub. Tarixi dövrə nəzər salsaq görərik ki, Türkiyə dünyanın siyasi və hərbi baxımdan çox mürəkkəb dövründə respublika olmaq qərarına gəlir. Belə ki, Birinci Dünya müharibəsindən məğlub ayrılan Osmanlı imperiyası İngiltərə, Yunanıstan, Fransa və İtaliya kimi xarici dövlətlərin işğalı ilə üzləşib. Belə bir dövrdə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk vətənsevərlər 1919-cu il mayın 19-da Samsundan ölkənin azadlığı uğrunda mübarizəyə başlayıblar. Ağır və əzmkar mübarizə qısa müddət sonra müsbət nəticəsini verməyə başladı, vətən torpaqları düşmən tapdağından xilas edildi. Tarixi zəfərlərlə zəngin olan Türkiyənin zəfərləri sırasında ən önəmli yerlərdən birini tutan 30 avqust 1922-ci ildə sonu qələbə ilə bitən Dumlupınar savaşı olub.

"APARDIĞI MÜBARİZƏ MƏZLUM MİLLƏTLƏRİN, BÜTÜN ŞƏRQİN MÜBARİZƏSİDİR"

Mustafa Kamal Paşa həmin dövrdə deyirdi: "Türkiyənin bugünki mübarizəsi yalnız özünün azadlığı naminə olsaydı, bəlkə daha qısa və daha az qanlı olar və tez də qurtarardı. Türkiyə qəti və ciddi səylər sərf edir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün Şərqin mübarizəsidir". Mustafa Kamal Paşa tarixi əmrini vermişdi: "Ordular! İlk hədəfiniz Ağ dənizdir. İrəli!" Bu əmri alan qəhrəman türk ordusu böyük bir qələbə həyəcanı ilə irəli atıldı. Türk süvariləri, xüsusilə çevik hərəkətləri ilə uğurlar qazandılar. Aparılan mübarizə və mücadilə uğurlu bir sabahla nəticələndi. Tarixi mənbələrdə qeyd olunur ki, 1923-cü il oktyabrın 23-də Ankara paytaxt elan edildi. Oktyabrın 28-də axşam Mustafa Kamal Paşa yaxın dostlarını Çankayaya dəvət etdi və "sabah respublikanı elan edəcəyik", dedi. Oktyabrın 29-da Mustafa Kamal Atatürk əvvəlcədən hazırladığı və ölkənin respublika elan olunmasını nəzərdə tutan layihəni TBMM-ə təqdim etdi. Həmin layihədə "Türkiyə dövlətinin forması cümhuriyyətdir. Türkiyə dövləti Böyük Millət Məclisi tərəfindən idarə olunur" sözləri yer alırdı. Parlament həmin qanun layihəsini qəbul etdi və Türkiyə respublika elan olundu. Həmin tarixdən etibarən Osmanlı imperiyası rəsmi şəkildə Türkiyə Cümhuriyyəti ilə əvəzləndi. Ölkənin ilk prezidenti Mustafa Kamal Atatürk (1923-1938) olub.

"DÜNYA MİQYASINDA TÜRKİYƏ VƏ AZƏRBAYCAN QƏDƏR BİR-BİRİNƏ YAXIN İKİNCİ ÖLKƏ TAPMAQ MÜMKÜN DEYİL"

Dövlətçilik ənənələri olmadan müstəqilliyə nail olmaq və onu qoruyub saxlamaq əlbəttə ki, mümkün deyil. Ötən 101 ildə Türkiyə Cümhuriyyəti müstəqilliyini və dövlətçiliyini möhkəmləndirərək dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirdi. Milli liderlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən bir millət, iki dövlət səviyyəsinə yüksəldilmiş Azərbaycan-Türkiyə dostluq və qardaşlığı bu gün regionda əmin-amanlığın və sabitliyin təminatıdır. Vətən müharibəsində Türkiyə dövlətinin Azərbaycana göstərdiyi siyasi dəstək bunun bariz ifadəsidir. Bu məqamda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" ifadəsini xatırlamaq yerinə düşər.

Beynəlxalq Qars müqaviləsinə əsaslanan siyasi müttəfiqliyimiz 100 ildən sonra Şuşa Bəyannaməsi ilə bir daha təsdiq olunmuş, həm ikitərəfli münasibətlərimiz, həm də regional əməkdaşlığımız yeni mərhələyə yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq".

TÜRKİYƏ-AZƏRBAYCAN ƏLAQƏLƏRİ TƏKCƏ İKİ ÖLKƏYƏ DEYİL, BÖLGƏYƏ SÜLH VƏ SABİTLİK GƏTİRİR

Ölkə prezidentlərinin 2021-ci il iyunun 15-də türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada dostluq və qardaşlığımızı gücləndirəcək, əlaqələrin daha da inkişafına səbəb olacaq Şuşa Bəyannaməsini imzaladılar. Bu Bəyannamə müttəfiqlik münasibətlərinin gündən-günə genişlənməsində əhəmiyyətli bir sənəddir. Bu gün Türkiyə-Azərbaycan əlaqələri yalnız iki ölkəyə deyil, bölgədə sülh və sabitliyə xidmət etməkdədir.

Ümummilli Lider Heydər Əliyevin bütün türk dünyasında məşhur olan kəlamı – "Bir millət, iki dövlət" anlayışı gerçək həyatda təcəssümünün şahidi olduğumuz tarixi məqamda Türkiyənin dünyada artan nüfuzu və rolu hər bir azərbaycanlıda qürur hissi yaşadır. Bu gün Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, dünyada bənzəri olmayan qarşılıqlı etibara və etimada əsaslanır. Bizim xalqlarımızı birləşdirən yalnız etnik, dini və mədəni köklər deyil, eyni zamanda, mürəkkəb və ziddiyyətli proseslərin cərəyan etdiyi XXI əsrdə bir-birimizin yanımızda olmağımızdır.

Azərbaycan-Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportunun açılışı Azərbaycandan dünyaya bir mesaj oldu. Hava Limanının Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə açılışı qardaş ölkə ilə birliyimizi, dostluğumuzu, gücümüzü bir daha göstərdi. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqlarının dalğalanması da qırılmaz dostluğumuzdan qaynaqlanır. Azərbaycan və Türkiyə prezidentlərinin Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini birgə qoymaları tarixi bir hadisə olaraq əbədiləşdi. Zəngəzur dəhlizi türk dünyasının birləşməsi, regionun təhlükəsizliyi və sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. İki qardaş ölkənin birgə səyi ilə fəaliyyətə başlayacaq Zəngəzur dəhlizi yalnız Azərbaycanın və Türkiyənin deyil, bütün region xalqlarının həyatında dəyişikliklər mərhələsinin başlanmasına səbəb olacaq. "Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik" – deyən dövlət başçısı bildirib ki, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar: "Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq"

Zəngilanın işğaldan azad edilməsindən iki il sonra qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıla səfər etməsi və Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı tarixi hadisəyə çevrildi. Hər zaman bir-birinin yanında olan Azərbaycan və Türkiyənin birliyinin, həmrəyliyinin dünya üçün nümunə olduğu bir daha təsdiqləndi. Əlbəttə ki, bu və ya digər yaddaqalan hadisələrlə zəngin olan tarixi qardaşlıq nümunələri bir daha göstərdi ki, bizim birliyimiz Azərbaycan – Türkiyə birliyi əbədi və sarsılmazdır.

"ƏCDADLARIMIZIN MƏNƏVİ MİRASI OLAN QARDAŞLIĞIMIZ, BİRLİYİMİZ VƏ HƏMRƏYLİYİMİZ XALQLARIMIZ ÜÇÜN ƏSAS YOL İSTİQAMƏTİDİR"

Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. O, 2014-cü ilin 10 avqustunda ilk dəfə xalq tərəfindən ümumi səsvermə ilə seçilib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır və dövlətlər arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan tam üstünlüklə qalib gələrək ölkənin 13-cü Prezidenti seçilməsi Türkiyə ilə yanaşı, həm də Azərbaycanın siyasi qələbəsi kimi səsləndi. Əlbəttə ki, son illərdə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi mövcud əlaqələrin möhkəmliyinə, sarsılmazlığına əsaslanır. 2023-cü ildə keçirilən seçkilər bir daha göstərdi ki, Türkiyə cəmiyyəti son dərəcə demokratdır, bu ölkənin vətəndaşları yüksək siyasi mədəniyyətə sahibdirlər. Həm seçkilərin keçirilməsi prosesi, həm də onun nəticələri bizə deməyə əsas verir ki, qardaş ölkədə demokratiya, haqq-ədalət zəfər çaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana seçkilərdən sonra zəng edərək prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbriki qardaşlıq münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləmiş oldu. Bu, dünya dövlətləri arasında Türkiyə Prezidentinə ünvanlanan ilk təbrik idi. Əlbəttə ki, belə də olmalı idi. Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək, əmin olduğunu bildirmişdi ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.

Son 20 ildə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə böyük tarixi yol qət edib. Bu illər geniş islahatlar və inkişafla yanaşı, siyasi böhranlarla da müşayiət olunub. 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhdin iqtidar-xalq birliyi ilə dəf edilməsi ölkənin həm daxildən güclənməsinə, həm də regional və beynəlxalq məsələlərdə daha çox söz sahibi olmasına zəmin yaradıb. Bu günün Türkiyəsi daha güclü, sürətlə inkişaf edən milli hərbi sənayesi ilə daha da qüdrətlidir.

Bu gün Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Türkiyə Cümhuriyyəti ötən müddət ərzində daha da güclənərək beynəlxalq aləmdə sabitliyin və təhlükəsizliyin simvoluna çevrilib. Qardaş ölkədə seçkilərin tam demokratik şəkildə keçirilməsi və Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi bu ölkənin gələcək uğurlarını təmini deməkdir. Onun liderliyi ilə Türkiyə inkişaf yolunda daha yüksək zirvələr fəth edir. Regionda yaşanan hadisələr Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb. Azərbaycan Prezidenti çıxışlarının birində belə demişdir: "İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir."

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər