PDF Oxu

Siyasət

  • 1 966

Azərbaycan - Gürcüstan münasibətlərində yeni inkişaf mərhələsi

image

Prezident İlham Əliyev: "İnanıram ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir"

Müstəqil dövlət kimi, Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Əlbəttə, hər iki dövlət arasında siyasi-iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri mühüm baza rolunu oynayıb. Son illərdə isə ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki dövlətin parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradıb.

Bu günlərdə Gürcüstanda keçirilən parlament seçkiləri bu ölkənin gələcəyi üçün həlledici anlardan biri oldu. Gürcüstan və Azərbaycan arasında mövcud olan birlik, hər iki dövlətin gücünü artırmaqla yanaşı, onların regional və beynəlxalq arenalarda daha möhkəm mövqelərdən çıxış etmələrinə imkan verir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubu əlaqələrin dostluq və etimada əsaslandığını bir daha göstərir: "Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri və ölkənizin aparıcı siyasi qüvvəsi olan "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qələbəsi münasibətilə Sizi ürəkdən təbrik edirəm", - deyə Prezident təbrikində bildirib: "Bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər. İnanıram ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir".

Dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Dövlətlər arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Azərbaycanla Gürcüstan arasında yaxınlığın və əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar.

"İKİTƏRƏFLİ VƏ ÇOXTƏRƏFLİ QAYDADA QARŞILIQLI FAYDALI FƏALİYYƏTİMİZİN MÜVƏFFƏQİYYƏTLƏ DAVAM ETDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ BUNDAN SONRA DA BİRGƏ SƏYLƏR GÖSTƏRƏCƏYİK"

Dövlətimizin başçısı bildirib ki, eyni zamanda, seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edirəm: "Siyasi dialoqumuzu davam etdirmək üçün Sizi münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm. Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun rifahı və təhlükəsizliyi naminə strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı fəaliyyətimizin müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur. Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır".

AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİ ÜÇÜN BÖYÜK TÖHFƏ

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə də münasibətlər yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir. Bütün sahələrdə uğurlu əlaqələr böyük layihələrin reallaşmasına səbəb olur və iki dövlət arasında olan dostluğun təməlini daha da möhkəmləndirir. Ölkələrimiz arasında birgə icra olunan layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Gürcüstanla Azərbaycanı, hər şeydən əvvəl, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Regionda yeni mühüm bir layihəni ərsəyə gətirmək üçün iki dövlətin mövqeləri üst-üstə düşür. Həyata keçirilən bu layihələr iqtisadi inkişafa böyük təsirini göstərməkdədir.

Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri Avropa ölkələrinin enerji təhlükəsizliyinə böyük töhfələr verməkdədir. Dövlət başçımızın qeyd etdiyi kimi, hazırda Azərbaycan və Gürcüstan birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, region üçün və geniş mənada Avrasiya üçün də önəmli ölkələrə çevriliblər. Birgə həyata keçirilən infrastruktur layihələr, xüsusilə də nəqliyyat və enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir. "Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq əlaqələri və enerji sahəsində əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün böyük töhfədir", – deyə Prezident bildirmişdir.

Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün ölkələrimizi birləşdirən "Yaşıl enerji dəhlizi" layihəsidir. Burada da Azərbaycan və Gürcüstan Avropa ölkələri ilə sıx əməkdaşlıq edirlər. Ən əsası, həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və bu potensial ölkələrimizin inkişafına böyük töhfələr verəcək. Bu gün Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əməkdaşlıq nünasibətləri dinamik inkişaf edir. Azərbaycan şirkətləri qonşu dövlətə ciddi sərmayə yatıran şirkətlər sırasında olmaqla, həm də bu ölkədə ən böyük vergi ödəyiciləridir.

"AZƏRBAYCAN VƏ GÜRCÜ XALQLARI XOŞBƏXTDİRLƏR Kİ, ONLAR QONŞU XALQLARDIR"

İki ölkə arasında münasibətlərə nəzər salarkən, humanitar sahədə əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Bu sahədə əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Ümummilli Lider iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə etmişdi: "Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək".

Gürcüstanda, həmçinin azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, "ERA Teatrı" və "Beez" Uşaq teatrı fəaliyyət göstərir. Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir.

Ölkələr arasında regionlararası əməkdaşlıq həmçinin yüksələn xətlə davam edir. Belə ki, iki ölkənin bir sıra şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan ilə Gürcüstanın bir sıra şəhərləri arasında "qardaşlaşma" əlaqələrinə dair müvafiq memorandumlar imzalanıb: Gəncə-Kutaisi (1995-ci il), Sumqayıt-Rustavi (2007-ci il), Naxçıvan-Batumi (2012-ci il), Şəki-Telavi (2012-ci il), Bakı-Tbilisi (2021-ci il), Şəmkir-Marneuli (2022-ci il), Ağstafa-Qardabani (2022-ci il), Göygöl-Bolnisi (2022-ci il), Daşkəsən-Dmanisi (2022-ci il).

Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər