PDF Oxu

Siyasət

  • 2 615

XVI BRICS Sammiti – səmərəli əməkdaşlıq üçün yeni platforma ŞƏRH

XVI BRICS Sammiti – səmərəli əməkdaşlıq üçün yeni platforma ŞƏRH

Azərbaycan daima xarici siyasət kursundə əməkdaşlıq və sabit münasibətlərə üstünlük verib. Əslində beynəlxalq səviyyədə ölkəmizə olan etimad və tərəfdaşlıq rəğbəti məhz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düzgün xarici siyasət kursunun məntiqi nəticəsidir. Bu mənada 24 oktyabr tarixində Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası beynəlxalq əlaqələrin gücləndirilməsi və inkişaf etməkdə olan ölkələrin birgə strateji əməkdaşlığının genişlənməsi baxımından önəmli bir platforma oldu. Bu tədbirdə Prezident İlham Əliyev çıxış edərək dövlətimizin BRICS+ çərçivəsindəki perspektivlərini, regional və qlobal məsələlərə yanaşmalarını və əməkdaşlıq imkanlarını vurğulayıb.

Sammit zamanı Prezident İlham Əliyevin məhsuldar görüşləri də diqqət mərkəzində olub. Çox məhsuldar keçən səfər zamanı dövlətimizin başçısı Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit, BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşləri olub. Oktyabrın 24-də Kazan şəhərində keçirilmiş XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdı olduğunu diqqətə çatdırıb.

SİTAT “...bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.

Bu da qeyd edilməlidir ki, Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək.

Ölkə başçısı həm də bildirib ki, növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. “Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”.

Prezident İlham Əliyevin XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında çıxışı, Azərbaycanın beynəlxalq səviyyədə öz mövqeyini daha da gücləndirmək və inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığını genişləndirmək istiqamətində əhəmiyyətli addım oldu. Cənab İlham Əliyevin bu mühüm tədbirdə iştirakı, Azərbaycanın BRICS+ formatında fəaliyyətinin regional və qlobal sabitlik, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığının göstəricisidir.

Digər bir məqama da diqqət edək. Bu gün bir təşkilat kimi BRİCS-i cəlbedici edən əsas məqamlardan biri ondan ibarətdir ki, bu birlik müxtəlif siyasi sistemlərə və iqtisadi modellərə malik ölkələri özündə birləşdirir və bu da öz növbəsində BRİCS-i müasir dövrün müxtəlif çağırışlarına qarşı çevik və uyğunlaşa bilən edir. BRİCS-in xarici siyasətinin əsas aspektlərindən biri təzyiq göstərməkdən və qərarların zorla qəbul etdirilməsindən imtina etməsidir. Blok çoxşaxəli dialoqu fəal şəkildə təşviq edir ki, bu da onu ənənəvi qlobal güc mərkəzlərinin birtərəfli təzyiqindən qaçmağa çalışan ölkələr üçün cəlbedici edir. Neytrallıq və açıqlıq siyasəti BRİCS-ə təsir dairəsini genişləndirməyə və qərb institutlarından asılılığa son qoymaq istəyən daha çox inkişaf etməkdə olan ölkələri cəlb etməyə imkan verir.

Bütün bu sadalananların Azərbaycanın da xarici siyasət prioritetləri ilə üst-üstə düşməsi bizim də BRİCS-ə marağımızı artırır. Belə ki, Azərbaycan multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiyanı həyata keçirir. Regionda sülhün, təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması dövlətimizin xarici siyasətində xüsusi yer tutur.

Sammitin mövzusuna diqqət yetirdikdə bu məsələnin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğu, ölkəmizin daim bu istiqamətdə çağırışlar etdiyi diqqətdən kənarda qalmır. Belə ki, Azərbaycan multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiyanı həyata keçirir. Regionda sülhün, təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması dövlətimizin xarici siyasətində xüsusi yer tutur. Bu isə öz növbəsində müxtəlif qütblərin bir araya gətirilməsində, yeni dostların, tərəfdaşların qazanılmasında Azərbaycanın rolunu daha da artırır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir, edəcək.”

Azərbaycanın BRICS ilə əməkdaşlığın intensivləşməsində maraqlı olması onun dünya siyasətinə və beynəlxalq münasibətlər məsələlərinə balanslaşdırılmış yanaşma strategiyasının məntiqi davamıdır. Bu, xüsusilə beynəlxalq münasibətlərin indiki mərhələsində, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı qeyd etdiyi kimi, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasının demək olar ki, tamamilə məhv edildiyi bir vaxtda daha aktualdır.

Azərbaycanın BRICS+ formatında iştirakı təkcə iqtisadi deyil, həm də diplomatik baxımdan strateji əhəmiyyətə malikdir. Bu iştirak Azərbaycanın beynəlxalq təşkilatlar və regional əməkdaşlıq formatlarında artan nüfuzunu və aktiv rolunu nümayiş etdirir. Azərbaycan müstəqil və balanslı xarici siyasət yürüdən bir ölkə kimi, qlobal məsələlərdə müsbət rol oynamağa çalışır və bu istiqamətdə BRICS kimi nüfuzlu platformalarla əməkdaşlıq onu dünya siyasətində daha güclü mövqeyə gətirir.

Ümumilikdə Azərbaycan bir çox sahələrdə istər Şərq və Qərb, istər Şimal və Cənubla iqtisadi və siyasi münasibətlərini tənzimləyir. Bəli, bu gün etiraf olunduğu kimi, BRİCS təşkilatı dünyada yeni iqtisadi güc mərkəzidir. Təbii ki, bu güc mərkəzinə Azərbaycanın maraq göstərməsi dövlət və milli maraqlardan irəli gəlir. Eyni zamanda Azərbaycan Prezidentinin Kazana səfəri və yüksək səviyyədə qarşılanması təhlükəsizliyinin yüksək səviyyədə qorunması bir daha Azərbaycana olan diqqətdir. Bununla yanaşı Azərbaycan Prezidenti həmin təşkilatın iştirak edən dövlət başçıları ilə ikitərəfli görüşlər keçirilməsi Azərbaycan reallıqlarının, Azərbaycanla bağlı olan məsələlərin dünya ictimaiyyətinə çatdırılması ölkəmizin dövlət və milli maraqlarından qaynaqlanır.

Təşkilatla bağlı daha bir məqama diqqət edək. Sammitdə BRICS ölkələri ilə yanaşı, "BRICS+" və "Outreach" formatlarında bir sıra digər ölkələr də iştirak edib. Bu ölkələrdən biri Azərbaycandır. Ölkəmiz artıq BRICS-in gələcək üzvü olmaq istəyini ifadə edib. Bu fakt, BRICS-in qlobal təsir dairəsinin genişləndiyini və onun çoxmillətli və mədəni dialoq platforması kimi əhəmiyyətini artırdığını göstərir.

Sammitin vacib mövzuları sırasında Yaxın Şərqdəki vəziyyət də yer alıb. İran, Türkiyə, Misir və digər ölkələrin iştirak etdiyi müzakirələrdə, xüsusilə Fələstin və İsrail arasındakı münaqişə, Qəzza müharibəsi, İran və İsrail arasında davam edən qarşıdurmalar müzakirə mövzusu olub. BRICS Sammitində bu münaqişələrin diplomatik vasitələrlə həlli üçün yollar axtarılıb, qlobal təhlükəsizliyin təmin edilməsi ilə bağlı fikir mübadilələri aparılıb.

Bəli, Kazanda keçirilən BRICS sammiti qlobal səviyyədə ədalətli və çoxqütblü dünya nizamının qurulmasına yönəlmiş mühüm diplomatik tədbir kimi yadda qaldı. Ölkəmizin bu mötəbər beynəlxalq tədbirdə layiqincə təmsil olunması, Sammit zamanı Azərbaycan Prezidentinə göstərilən diqqət və ehtiram birbaşa ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi kimi qəbul edilməlidir.

Zərifə Quliyeva

YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri