Prezident İlham Əliyev: "Müharibəni dayandırmağın yeganə yolu Ermənistanın dayanması, öz məğlubiyyətini, bizim isə qələbəmizi qəbul etməsi, əraziləri boşaltmasıdır"
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qarşısında bir hədəf var idi: mülki insanlara ziyan vurmadan, yalnız hərbi hədəfləri dəqiq atəşlə məhv edərək işğal altında olan bütün torpaqlarımızın azad olunması. Bu ruh ilə qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan Ordusu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbə tariximizi yazırdı. Uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunurdu və Azərbaycanın gücü və qüdrəti dünyaya bir daha təqdim edilirdi. 44 günlük müharibə bizim daş yaddaşımıza əbədi olaraq köçdü. Bu tarixi günləri həyəcansız, sevinclə yaşamamaq mümkün deyildi. Dörd il bundan əvvəl ilin bu günündə müharibənin bitməsinə sayılı günlər qalırdı. Artıq bir neçə gündən sonra Qələbə xəbərini eşidəcəydik. Qələbəmiz bir addımlıqda idi. 30 ilə yaxın gözlədiyimiz tarixi Zəfər sevincimizin lap astanasında idik. Cənab Prezident böyük xalqımıza bu Qələbə xəbərini verəcəkdi. Hər gün şəhidlər verirdik. Vətənin mərd, igid övladları Vətən, deyib düşmən üzərinə hücum edirdilər. Xocalı qisası alınırdı, 30 il torpaq nisgili ilə yaşayan insanların qisası alınırdı, mübarizlərin, poladların qısası alınırdı, bir ovuc torpaq nisgili ilə dünyasını dəyişən insanların qisası alınırdı. Qisas qiyamətə qalmadı. Qisas almaq və torpaqların hər qarışı uğrunda mübarizəyə qalxan övladlarımız ölümün gözünə dik baxdılar. Hələ uşaqlıqdan torpaqlarımızdan erməniləri qovmağa və onlara dərs verməyə hazır yetişmişdilər. Gerçəkliyə çevrilən bu günü sanki hər gün xəyallarında qurmuşdurlar. Bir yumruq olaraq birləşməyi bacardıq. Xalqın əzəməti, böyüklüyü bir daha göründü.
XOCALIDA CANSIZ BƏDƏNLƏR VƏ RUHLAR QALDI
Erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran Xocalı soyqırımını törətməklə öz terrorçu, təcavüzkar simasını ortaya qoydu. 1992-ci il yanvarın 16-da keçirilən "Xüsusi müşavirə" sözügedən planın tərtib edilməsinə xidmət edib. "Xüsusi müşavirə"də "Hoydad" və "ASALA" erməni terror təşkilatlarının nümayəndələri ilə yanaşı, Xankəndidə yerləşdirilmiş ruslara məxsus 366-cı motoatıcı alayın komandiri polkovnik Zarviqorov da iştirak edib. Xocalı soyqırımı ilə ermənilər Xocalının 1992-ci il 26 fevralda yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Xocalı bir gecənin içərisində yerlə yeksan olundu. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən, Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir.
Xocalı qırğınının şahidi olmuş fransız jurnalisti Jan İv Yunet məqaləsində belə yazırdı: "Biz Xocalını müdafiə edənlərin, yüzlərlə dinc sakinlərin – qadınların, uşaqların, qocaların tanınmaz hala salınmış meyitlərini öz gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu da atəşə tutduğundan çəkilişi sona çatdıra bilmədik. Amma yuxarıdan gördüklərimiz törədilən vəhşilikləri təsəvvürə gətirməyə kifayət edirdi. Bu, tükürpərdici mənzərə idi. Mən müharibələr, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular… Növbəti kəndi zəbt edərkən bir erməninin sağ-salamat uşağı götürüb iki yerə böldüyünü gözlərimlə gördüm. Sonra həmin bədənin bir hissəsi ilə ananın sifətinə, başına o qədər döydü ki, övladının al-qanına bulaşmış qadın havalanıb gülməyə başladı".
Ermənilər bu qəddar terror aktı ilə öz vəhşi xislətlərini bütün dünyaya bəyan etdilər və həmin gün Xocalıda divan tutulmuş cansız bədənlər və ruhlar qaldı.
"BU QƏLƏBƏNİN QAZANILMASINDA BÜTÜN XALQIMIZ BİRLİK, HƏMRƏYLİK GÖSTƏRMİŞDİR"
Dövlət başçısına ünvanlanan məktublarda da qələbə əzmi, dövlət başçısna minnətdarlıq özünü açıq-aydın göstərirdi. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandanın Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı uğurlu haqq savaşı milyonlarla insanı sevindirirdi. Erməni vandalları tarixən xalqımıza qənim kəsilmiş və həmişə Azərbaycan torpaqlarına göz dikmişlər. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan Ordusu tariximizdə yeni zəfər səhifəsi açaraq ərazi bütövlüyünün təmin olunması və Qarabağın işğaldan azad edilməsi tarixini yazırdı. Haqq davası ilə dünyaya bir daha daha göstərə bildik ki, Ermənistan hakimiyyətinin və şovinist ermənilərin pis xislətləri bu savaşda da özünü göstərir. Belə ki, bizim ordumuz öz torpaqlarımızda erməni hərbçiləri ilə döyüş apardıqları halda, onlar yaşayış məntəqələrinə atəş açaraq günahsız və dinc əhaliyə, yaşlı və körpə insanlara qarşı müharibə cinayəti törədirlər. Onların bu əməlləri sübut edir ki, müzəffər Ordumuzun qarşısında tab gətirə bilmədiklərinə görə dinc əhalidən qisas alırlar.
Qızğın döyüşlər davam edirdi. Hələ neçə-neçə Vətən övladı can fəda edəcəkdir. Şəhadətə qovuşacaqdı, Şəhidlik zirvəsinə yüksələcəkdir. Vətəni vətən edən, torpağı torpaq edən üzərində tökülən qandır. Bu gün ən yüksək zirvədə duran şəhidlərimiz ölümsüzlüyə qovuşublar, adları gələn yerdə vüqarlı bir xalq olduğumuzla qürurlanırıq. Azərbaycan tarixinə silinməz tarixi həkk edən şəhidlərimiz. Bu gün onların Vətən uğrunda savaşının nəticəsidir ki, torpaqlarımız azad nəfəs alır. Ali Baş Komandanın gücü və qətiyyətli iradəsi, siyasəti nəticəsində Azərbaycan Ordusu müharibədə QALİB oldu. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi".
Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Dəmir yumruğun gücünə imzalanan bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.
Artıq 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımız bu gün dirçəlir. O yerlərə yeni nəfəs gəlib.
BEYNƏLXALQ SƏYAHƏTÇİLƏR KLUBLARININ QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURA SƏFƏRİ
Müharibədən ötən müddətdə azad olunan ərazilərimizə beynəlxalq səyahətçilərin səfəri çərçivəsində erməni vəhşiliyini bir daha görmüş olurlar. Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə, 50-dən artıq ölkədən 400-dən çox məşhur beynəlxalq səyahətçi iştirak edib. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün mühüm əhəmiyyət daşıyır.
Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın "Piki Reels" klubunun 33 nəfərlik səyyahlar qrupu işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb. Füzuli rayonuna gələn səyyahlar işğaldan azad edilən Kənd Horadiz ərazisində ANAMA tərəfindən aparılan mina təmizləmə işləri ilə tanış olublar. Kənd Horadizin ərazisində əsasən tank əleyhinə minalar basdırılıb. Axtarış zamanı ərazidə partlamamış silah-sursatlar da aşkarlanır. İşğal zamanı ərazilər tank əleyhinə minalarla bərabər, piyada əleyhinə minalarla və digər partlayıcı qurğularla da həddən çox çirkləndirilib və aşkarlanan piyada əleyhinə minalar Ermənistan istehsalıdır.
Xarici səyyahlar erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılıb, eləcə də azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik ediblər.
Rumıniyadan gəlmiş səyyah Qarabağın mənzərəli yerlərini, xüsusilə Ömər aşırımını ziyarət edərək, 800-900 il əvvələ aid tarixi abidələri görüb. Həmçinin yenidənqurma işlərinə, yeni tikilmiş beynəlxalq hava limanına baxıb. "Belə qısa zaman ərzində bu qədər layihənin həyata keçirilməsi və davam etdirilməsi həqiqətən inanılmazdır", - deyə bildirib.
Artıq bu gün ermənilərin yaratmaq istədikləri mif dağıdılıb. Ölkəmizin dinamik inkişafı, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi ölkəmizin nüfuz və mövqeyini yüksəldib.
Zümrüd BAYRAMOVA