Siyasət

  • 1 099

Möhkəmlənən mövqeyimiz

image

Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın digər sahələr kimi, xarici siyasətdə də davamlı uğurları diqqətdən kənarda qalmır. Bu, həm qarşılıqlı səfərlərdə, həm də Azərbaycanın beynəlxalq təşkilatlar daxilində möhkəmlənən mövqeyində özünü aydın şəkildə nümayiş etdirir.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində səfərdə oldu. Cənab İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər ölkəmizin benəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinə işıq saldı. Bu görüşlərin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında ölkəmizin xarici siyasət uğurlarına diqqəti yönəltdi və bir daha bildirdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.
Qeyd edək ki, 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə quruma sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı. Belə ki, BMT-dən sonra ikinci böyük təsisat olan, 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycanın Hərəkata əlavə bir il sədrlik etmək barədə müraciətinin müsbət cavablandırılması ölkə Prezidenti İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymət, ölkəmizə olan etimadın, inamın növbəti təzahürü kimi dəyərləndirildi. Bu mühüm addım, eyni zamanda, təşkilata sədrliyi dövründə Hərəkatın beynəlxalq nüfuzunun artması, Hərəkat üzvlərinin marağının, beynəlxalq hüququn və ədalətin müdafiəsi üçün göstərdiyi səylərin yüksək qiymətləndirilməsinin nəticəsi kimi də qəbul edildi. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə dəstək Azərbaycanın beynəlxalq nüfuzunun, söz sahibliyinin artmasında aydın ifadəsini tapır.
Cənab İlham Əliyev daim çıxışlarında bu reallığı xüsusi qeyd edir ki, bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.
Azərbaycanın dünyaya sülh, əməkdaşlıq, qlobal problemlərin həllində birgə səylərin göstərilməsi ilə bağlı çağırışları təqdir edilir. 2019-cu ilin sonlarından dünyanı cənginə alan koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi dövrdə Azərbaycanın irəli sürdüyü təşəbbüslərə, səsləndirdiyi çağırışlara diqqət yetirmək kifayətdir. Xatırlasaq, öncə türk dünyasının birliyini təmin etmək üçün Türk Şurasının Zirvə Görüşü, onun ardınca isə bütün dünyaya birlik çağırışının təsdiqi olaraq Qoşulmama Hərəkatının Zirvə Görüşü, daha sonra isə BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası keçirildi. Bu tədbirlərin keçirilməsi təşəbbüsü dövlətimizin başçısı İlham Əliyev tərəfindən irəli sürüldü və reallaşdı. Azərbaycanın beynəlxalq nüfuzu, dövlətimizin başçısına etimad irəli sürülən hər bir təşəbbüsün dəstəklənməsində öz təsdiqini tapır.
Bu gün dünyanın diqqətini Azərbaycana yönəldən COP29 da mühüm məqamları özündə ehtiva edir. Prezident İlham Əliyev yuxarıda qeyd etdiyimiz tədbirdəki çıxışında bir daha diqqəti COP29-a yönələdərək bildirdi ki, təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.

Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri

Digər xəbərlər