Siyasət

  • 515

BRICS güclü iqtisadi platformaya çevriləcək ŞƏRH

image

BRICS+ birliyi inkişaf etməkdə olan digər ölkələri də əhatə edən format qlobal iqtisadiyyatda və beynəlxalq siyasətdə mühüm dəyişikliklərə səbəb ola biləcək bir platformadır. BRICS+ formatı dünya miqyasında şaxələndirilmiş bir iqtisadi sistemin yaradılması, inkişaf edən ölkələr arasında əməkdaşlığın artırılması və qlobal problemlərə birgə yanaşmaların inkişaf etdirilməsi baxımından perspektivlər vəd edir.

Ölkəmiz beynəlxalq sammitlərdə fəal iştirak edərək regional sülhün qorunması və iqtisadi tərəqqinin təmin edilməsi istiqamətində önəmli işlərə imza atır. Respublikamızın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatında uğurlu sədrliyi və digər qlobal forumlarda aktiv iştirakı, onun beynəlxalq arenada etibarlı tərəfdaş və sülhsevər dövlət kimi tanınmasına səbəb olub. Azərbaycan enerji təhlükəsizliyi, multikulturalizm və humanitar əməkdaşlıq sahələrində də dünya ölkələri ilə genişmiqyaslı əlaqələr quraraq nüfuzunu gücləndirir.

2024-cü ilin 24 oktyabr tarixində Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası beynəlxalq əlaqələrin gücləndirilməsi və inkişaf etməkdə olan ölkələrin birgə strateji əməkdaşlığının genişlənməsi baxımından önəmli bir platforma oldu. Prezident İlham Əliyevin sammitdəki çıxışına Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipini əsas tutaraq siyasət yeritdiyini iştirakçılara xatırladaraq başlaması Azərbaycanın BRICS ölkələri ilə iqtisadi və strateji əməkdaşlığını inkişaf etdirmək səylərini, qlobal problemlərin həllində daha aktiv rol oynamağa hazır olduğunu nümayiş etdirdi. Bu çərçivədə Prezident İlham Əliyev Azərbaycanın regional sabitlik və iqtisadi inkişafda oynadığı rolu qeyd edərək bildirdi ki, ölkəmizin coğrafi mövqeyi, enerji resursları və nəqliyyat infrastrukturu onu beynəlxalq əməkdaşlıqda strateji mərkəz halına gətirir.

Dövlət başçısı Azərbaycanın BRICS+ platformasında iştirakı ilə bağlı ölkəmizin inkişafını dəstəkləyən bir neçə əsas prioriteti təqdim etdi. Prezident İlham Əliyev iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektoru ilə bağlı investisiyaların artırılması, “yaşıl enerji” təşəbbüsləri və texnoloji innovasiyaların inkişaf etdirilməsi məsələlərini vurğuladı.

Prezident İlham Əliyev qlobal təhlükəsizlik və enerji təminatı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və digər aktual məsələlərə də toxundu. O, bu problemlərin müzakirəsi üçün BRICS+ platformasının əhəmiyyətini vurğuladı və iştirakçı ölkələri birgə fəaliyyət göstərməyə dəvət etdi.

2019-2023-cü illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxtərəflilik xüsusilə ön plana çıxmış və bu prinsip ölkəmizin xarici siyasətində aydın şəkildə təcəssüm olunmuşdur. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ölkənin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, təşkilatın institusional inkişafına da ciddi töhfələr vermişdir. Hərəkatın fəaliyyətindəki yeniliklər və müasir tələblərə uyğunlaşması Azərbaycanın dördillik sədrliyi dövründə daha da inkişaf etmişdir. Bütün bu uğurlu təcrübə bu gün ölkəmizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində fəaliyyətinə kömək edir.

Dövlət başçısı çıxışında gələn ay Azərbaycanda keçirilməsi planlaşdırılan COP29 Beynəlxalq İqlim Dəyişikliyi Konfransından da bəhs etmişdir. 200- ə yaxın ölkənin COP29-un Azərbaycandan keçiriməsinə dair yekdil qərarı ölkəmizin qlobal problemlərin həllində apardığı uğurlu siyasətinin və beynəlxalq aləmdə ekoloji mövzularda aktiv iştirakının məntiqi nəticəsidir.

Cənub və Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verən Azərbaycan eyni zamanda beynəlxalq hüququn qorunması, bir – birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət kimi önəmli prinsipləri yüksək səviyyədə dəstəkləyir.

Oktyabrın 24-də 22 dövlət başçısının iştirak etdiyi XVI BRICS sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş də baş tutmuşdu. Görüş zamanı sülh gündəliyi, sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlər müzakirə olunmuş, ikitərəfli danışıqların davam etdirilməsi üçün hər iki ölkənin xarici işlər nazirlərinə göstərişlər verilmişdir.

BRICS+ ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, ticarət mübadilələrinin genişlənməsi və investisiya axınının artırılması perspektivlərini ortaya qoyur. Bu, qlobal ticarət sistemində daha balanslı bir yanaşma təmin edə bilər və inkişaf etməkdə olan ölkələrin iqtisadi müstəqilliyini artırar.

BRICS+ ölkələri arasında texnoloji əməkdaşlıq nnovasiyaların inkişafı və bilik mübadiləsi üçün geniş imkanlar açır. Xüsusilə, yaşıl enerji, informasiya texnologiyaları, biotexnologiya və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi iştirakçı ölkələrin iqtisadiyyatlarını modernləşdirməyə kömək edə bilər.

BRICS+ formatının perspektivləri inkişaf etməkdə olan ölkələrin qlobal iqtisadiyyatda və beynəlxalq siyasətdə daha aktiv rol oynamaq imkanlarını artırır. Bu cür əməkdaşlıq, həmçinin dünya miqyasında daha ədalətli və balanslı bir müstəvinin yaradılmasına töhfə verə bilər.

Prezident İlham Əliyevin XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında çıxışı, Azərbaycanın beynəlxalq səviyyədə öz mövqeyini daha da gücləndirmək və inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığını genişləndirmək istiqamətində əhəmiyyətli addım oldu. Bu mühüm tədbirlərdə Azərbaycanın ən yüksək səviyyədə təmsil olunması daha geniş əməkdaşlıq perspektivləri yaradır.

Saleh MƏHƏRRƏMOV,

YAP Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər