PDF Oxu

Siyasət

  • 1 319

Dünya çapında nadir əməkdaşlıq !

Dünya çapında nadir əməkdaşlıq !

Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından, sarsılmaz qardaşlığımızdan böyük fərəh hissi duyuruq"

"Dünyada güc mərkəzinə çevrilmiş qüdrətli Türkiyənin bütün uğurları bizi də öz uğurlarımız qədər sevindirir və ruhlandırır. Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından, sarsılmaz qardaşlığımızdan böyük fərəh hissi duyuruq. Dinamik və fəal inkişaf edən, regional əməkdaşlığın onurğa sütununu təşkil edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə inkişafa, sülhə və təhlükəsizliyə böyük töhfə verməklə yanaşı, bütün Avrasiya üçün önəmli amil rolunu oynayır". Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Respublika Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına ünvanladığı təbrik məktubunda bildirilib. Azərbaycan-Türkiyə qardaşlığının dünyaya təqdimatı olan tarixi Zəfərimizdən bu günədək iki dost ölkənin Prezidentlərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər bu birliyin təzahürüdür. Azərbaycan ilə Türkiyə arasında dostluq qardaşlıq münasibətləri uğurla inkişaf edir və bütün sahələri əhatə edir. Bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm də regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir.

Bu gün Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. 1923-cü il oktyabrın 29-da idarəetmə formasına görə respublika elan olunan Türkiyə 101 ildir ki, müstəqil yaşayır. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk Qurtuluş savaşında Qərb ölkələri üzərində qələbədən sonra 1923-cü il oktyabrın 29-da Türkiyədə respublika qurulduğunu elan edib. Türkiyə Cümhuriyyəti ötən müddət ərzində daha da güclənərək beynəlxalq aləmdə sabitliyin və təhlükəsizliyin simvoluna çevrilib. Ötən il qardaş ölkədə seçkilərin tam demokratik şəkildə keçirilməsi və Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi bu ölkənin gələcək uğurlarını təmin edəcəkdir. Onun liderliyi ilə Türkiyə inkişaf yolunda daha yüksək zirvələr fəth edəcəkdir. Regionda yaşanan hadisələr Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb. Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Türkiyə-Azərbaycan birliyi sarsılmazdır. Azərbaycan Prezidenti çıxışlarının birində belə demişdir: "İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir."

"AZƏRBAYCAN-TÜRKİYƏ STRATEJİ MÜTTƏFİQLİYİ BUNDAN SONRA DA BİRGƏ SƏYLƏRİMİZLƏ "BİR MİLLƏT İKİ DÖVLƏT" PRİNSİPİNƏ UYĞUN OLARAQ DAHA DA DƏRİNLƏŞƏCƏK VƏ MÖHKƏMLƏNƏCƏKDİR"

Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edən münasibətlər regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Ölkələrimizin siyasi-iqtisadi əlaqələri tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə ilə əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. Eyni kökə, dilə, dinə sahib xalqlarımızın minilliklərə söykənən qədim tarixinə nəzər saldıqda saysız-hesabsız qardaşlıq nümunələrinə rast gəlmək mümkündür. Türkiyə və Azərbaycan xalqlarının Ulu Öndərləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamları xalqlarımızın çoxəsrlik qardaşlıq əlaqələrinə verilən ən yüksək qiymətdir. Qeyd edək ki, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Qardaş ölkə Azərbaycanın müstəqilliyini 1991-ci il noyabrın 9-da tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci il yanvarın 14-də qurulub. 1992-ci ilin avqustunda Azərbaycanın Türkiyədə səfirliyi fəaliyyətə başlayıb. Sonrakı illərdə - 1993-cü ildə Azərbaycanın İstanbulda, 2004-cü ildə isə Qarsda baş konsulluqları təsis edilib.

"Fəxrlə qeyd etmək istərdim ki, Türkiyə Respublikası tarixinin ikinci yüzilliyinə siyasi, iqtisadi, hərbi və digər hər bir cəhətdən qüdrətli, qabaqcıl və sabit, beynəlxalq aləmdə yüksək nüfuz və etimad qazanmış, qlobal məsələlərdə söz sahibi olan güclü ölkə olaraq qədəm basmışdır. Bütün bu möhtəşəm nailiyyətlərin əldə olunması məhz Sizin uzaqgörən və müdrik rəhbərliyiniz altında aparılan siyasət və gərgin əməyiniz nəticəsində mümkün olmuşdur", - deyə Prezident təbrikində bildirib: "İnanıram ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığı və birliyindən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə "Bir millət iki dövlət" prinsipinə uyğun olaraq daha da dərinləşəcək və möhkəmlənəcəkdir".

İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini ortaya qoyan Azərbaycan və Türkiyə birlikdə nəhəng layihələr reallaşdırmaqla təkcə ölkələrimizin deyil, böyük bir regionun da inkişafına mühüm töhfələr verir. Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP kimi meqalayihələrdən qardaş ölkələrimizlə yanaşı, digər xalqlar da faydalanır.

AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNİN TARİXİNDƏ YENİ SƏHİFƏ

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın otuz ilə yaxın davam edən işğalına son qoyulması ilə nəticələnən Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində tamamilə yeni səhifə açdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında Azərbaycana açıq, dəqiq və birmənalı dəstək ifadə etməsi nəinki xalqımızı ruhlandırdı, eyni zamanda, müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Bu tarixi Qələbənin təntənəsi olan Zəfər paradında Azərbaycan və Türkiyə prezidentləri çıxışlarında dünyaya xalqlarımızın və ölkələrimizin qardaşlığının sarsılmazlığı və daim bir-birinin yanında olmaları barədə çox mühüm və aydın mesajlar verdilər. Qardaş ölkələrimizin dövlət başçılarının Zəfər paradında tarixi çıxışları qələbəmizin möhtəşəmliyini bir daha dünyaya çatdırdı.

Sarsılmaz dostluq və qardaşlığa söykənən və uğurla davam etdirilən Türkiyə-Azərbaycan birliyi əsrlərdir ki, davam edir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır və dövlətlər arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Əlbəttə ki, son illərdə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi mövcud əlaqələrin möhkəmliyinə, sarsılmazlığına əsaslanır.

DOSTLUQ VƏ QARDAŞLIQ MÜNASİBƏTLƏRİNİN TƏNTƏNƏSİ

Türkiyə-Azərbaycan əlaqələrini ən yüksək müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsi əhəmiyyətli rola malikdir. Dostluq və qardaşlığa söykənən Azərbaycan-Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu: "Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir. Əminəm ki, "Bir millət iki dövlət" şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir", - deyə Prezident bildirmişdir. Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi oldu və dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahələrini əhatə edir.

MÜTTƏFİQLİK NÜMUNƏSİ

Vətən müharibəsində qələbəmizdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri qardaşlıq, dostluq mesajının daha bir təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk". Bu birliyin və qardaşlığın sarsılmaz nümunəsinin Vətən müharibəsində bir daha şahidi olduq. "Biz Azərbaycanın yanındayıq. Hadisələrə müdaxilə edənlər öndə bizi görəcəklər!", - söyləyən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdi. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları dalğalanır.

Azərbaycanla Türkiyənin ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətləri böyük inkişaf yolu keçib. Bu gün bu münasibətlər ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər