PDF Oxu

Siyasət

  • 1 180

BRICS+ formatı dövlətlərarası münasibətləri genişləndirmək üçün platformadır ŞƏRH

BRICS+ formatı dövlətlərarası münasibətləri genişləndirmək üçün platformadır ŞƏRH

Cari ilin 24 oktyabr tarixində Rusiyanın Kazan şəhərində keçirilən və Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi 16-cı BRICS sammiti bütün dünya ölkələrinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bu sammitdə iştirakı bir çox aspektlərdən mühüm əhəmiyyət kəsb etmiş oldu. Üzvlərinin sayını artırmağı nəzərdə tutan BRICS sammitinin iştirakçıları siyasi, iqtisadi, təhlükəsizlik, humanitar və digər məsələləri müzakirə ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16-cı BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış edib və bu çıxış tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib. Qoşulmama Hərəkatındakı sədrliyindən bəhs edən cənab İlham Əliyevin bu fikirləri xüsusi əhəmiyyət kəsb edir: “Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.

Bu Sammit əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Odur ki, bu görüş bir daha dövlətlərarası münasibətlərin inkişafında tarixi status daşıyaraq bölgədə barışın əldə olunacağına böyük nikbinlik yaradıb.

Kazanda 16-cı BRİCS Sammitində çıxışı zamanı ölkəmizin rəhbəri İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsini dünya əhəmiyyətli bir tədbir kimi qeyd edib və bildirib ki, 200 ölkənin səs verdiyi bu tədbirin Azərbaycanda keçirilməsi çox mühüm bir hadisədir, Azərbaycana göstərilən böyük etimadın ifadəsidir. Bu sözsüz ki, həm tədbirə dəyərin verilməsi, həm də dünya ölkələrinə bir ehtiramın nümunəsi idi ki, cənab Prezident bunu öz çıxışında qeyd etdi və göstərdi ki, dünya ölkələrinin Azərbaycana belə etimadı tədbirin uğurla keçirilməsinə məsuliyyəti qat-qat artırır.

Bildiyimiz kimi, artıq uzun müddətdir ki, Azərbaycan üzv olmadığı BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumların toplantılarında mütəmadi iştirak edir, bu təşkilatlara üzv ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən sammitlərə dəvət edilir, aparılan müzakirələrə qatılır. Əlbəttə ki, bu fəaliyyət ilk növbədə Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, eyni zamanda da ölkəmizin ikitərəfli formatda əlaqəlırinin inkişafına mühüm təsir göstərir.

Azərbaycan hələlik BRICS sammitinə üzv olmasa da, bu qurumda yer almaq niyyətindədir. BRICS-ə üzvlük Azərbaycan üçün Rusiya və Çinlə, eləcə də digər üzvlərlə əməkdaşlığı daha da genişləndirmək üçün platforma ola bilər. Azərbaycan Rusiya ilə yaxın müttəfiqdir və hətta iki il əvvəl imzaladığı bəyannamə ilə qarşılıqlı öhdəlik götürüb ki, beynəlxalq məsələlərdə eyni və ya yaxın mövqe nümayiş etdirsinlər. Çinin isə bölgədə strateji önəmi artır. Azərbaycan da iqtisadi və siyasi dəstək baxımdan Çinin imkanlarından imtina etməz. Elə bu quruma üzvlük arzusunu da Azərbaycan Çinlə birgə verdiyi, strateji əməkdaşlıq qurmaqla bağlı bəyannamədə səsləndirib. BRICS ölkələri dünya üzrə istehsalın böyük həcminə malik olduğundan Azərbaycanın bu təşkilata üzvlüyü ona böyük ixrac imkanları qazandıra bilər.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər