Zaman keçdikcə daha çox ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər, soyqırımı aktları barədə geniş və əhatəli məlumatlar, faktlar və sübutlar üzə çıxmaqdadır. Bu da müasir texnoloji yeniliklər, dünyanın bir sıra kitabxanalarına, dövlətlərin arxivlərindən informasiyalar əldə edilməsi nəticəsində əldə olunur. Ermənistanın xunta rejimlərinin zorakılığından bezərək xaricə üz tutan nisbətən savad sahibi olan elm adamları da iştirakçısı olduqları tədbirlərdə, TV-lərdə ermənilərin tarixin müxtəlif dönəmlərində azərbaycanlılara qarşı törətdiyi bəşəri cinayətlərdən söhbət açıb, erməni soydaşlarının terrorçu xislətə malik toplum olduğunu etiraf edirlər. Ermənistan vətəndaşı Mesrop Martirosyanın ABŞ məhkəməsinə verdiyi ifadəsində birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı əsirlərə və mülki insanlarına qarşı törədilmiş vəhşilikləri, cinayətləri detallı şəkildə bildirib. Ermənistan vətəndaşı, 1967-ci il təvəllüdlü Mesrop Martirosyan ABŞ Məhkəməsində 2000-ci ildə keçirilmiş dinləmələrdə Ermənistandan qaçması və ABŞ-dan sığınacaq istəməsini əsaslandırarkən, azərbaycanlı əsir və girovlarla bağlı diqqətçəkən faktlar açıqlamışdır. M.Martirosyan məhkəməyə ifadəsində hərbi əsir düşərgələrində əzab verilmiş, bədənlərinin hissələri kəsilmiş əsirləri gördüyünü bildirib: “Mən qulaqları kəsilmiş insanlar görmüşəm… Uşaqların kəsilmiş bu qulaqlarla oynamasının şahidi olmuşam”. M.Martirosyan bildirir ki, Qarabağda gedən hərbi əməliyyatlarda iştirak etməsi üçün 1991-ci ildə könüllü dəstəyə qoşulmaq qərarını verir. Lakin Martirosyan, sovet zabiti kimi həbsdə olan şəxslərin (əsirlərin) düşərgəsinə göndəriləcəyini bildikdə, qərarını dəyişdirdiyini deyir.
Martirosyan ifadəsində qeyd edir ki, məcburi qaydada orduya çağırıldıqdan sonra onu hərbi əsirlərin saxlandığı düşərgəyə göndərmək istəyiblər, lakin o bildirib: “Mən əsgərəm, cəllad deyiləm. Mən əsirlərə qarşı eşitdiyim vəhşilikləri öz əməlimlə təkrarlaya bilmərəm".
M.Martirosyan azərbaycanlı əsirlərə qarşı vəhşiliklər barəsində fikirlərini əsaslandırmaq üçün bir sıra beynəlxalq təşkilatların məqalələri və press-relizlərini də misal çəkir. Məsələn, o, məhkəmə heyətinin nəzərinə çatdırır ki, “Human Rıghts Watch” təşkilatı 1993 və 1994-cü illərdə Ermənistan Respublikasının dəstəyi ilə Qarabağın erməni silahlıları tərəfindən bir çox vəhşiliklərin törədildiyini bildirib. M.Martirosyan bütün bu vəhşiliklərdə, o cümlədən hərbi əsirlərlə qəddarcasına davranma hallarında, onların analarının ermənilər tərəfindən girov saxlanılması, əsirlərin özlərinin isə təhdid altında terror aktı törətmək məqsədi ilə Azərbaycana göndərilməsi kimi hallarda iştirak etmək istəmədiyini bəyan edərək məhkəmədən iddiasının təmin olunmasını xahiş edib.
Ermənilərin terrorçu toplum olduğunu dünya etiraf edir
M.Martirosyanın etirafı kimi digər misallar və sübutlar göstərmək olar ki, bəli, ermənilər özləri terrorçu toplumun nümayəndələridir. Dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatları da mövcud faktlardan məlumatlıdır, sadəcə, erməni lobbisinin təsiri və erməni terror təşkilatlarının hədələri bir sıra siyasətçiləri susmağa məcbur edir. Ancaq 44 günlük Vətən Müharibəsində Azərbaycanın hərbi, siyasi, diplomatik qələbəsindən sonra dünyanın əksər demokratik düşüncəli xalqları və hakimiyyətləri erməni lobbisinə qarşı dirəniş göstərməyə və Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə başlayıblar. Bu səbəbdən də demək olar ki, çox yaxın vaxtlarda dünyanın əksər tərəqqipərvər xalqlarının siyasi dairələrini dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları, ümumiyyətlə, erməni toplumunun sivil, demokratik dünya üçün təhlükə mənbəyi olmasına dair dinləmələrini keçirilə bilər. Daha doğrusu, Azərbaycan dövlətinin Ermənistanın 30 il ərzində işğal olunan ərazilərdə törətdiyi dağıntılar, insanlara qarşı vəhşilikləri, mədəni irsinin məhv edilməsi iddiası ilə beynəlxalq məhkəməyə müraciət etməsindən sonra BMT-də erməni vəhşiliklərinə dair müzakirələrin aparılması və müvafiq qərarın qəbul edilməsi aktual görünür. Ortada olan, hələlik, müsbət nəticə ondan ibarətdir ki, dünyanın bir sıra elm ocaqları, tanınmış tarixçilər, siyasətçilər ermənilərin Qafqaza, xüsusilə də Azərbaycan ərazilərinə köçürülməsinin yanlış olduğunu bildirirlər.
Görünən ondan ibarətdir ki, ermənilərin bu ərazilərə köçürülməsinin bir günahı xarici xain ermənipərəst dairələrin və hökumətlərin rolu olubsa, digər günah elə böyük sərkərdələrimizin sadəlövhlüyü və xeyirxahlığı olub. Çünki böyük sərkərdələrimiz ermənilərin hiyləgərliklə bölgəyə yerləşdirilməsinin qarşısını alardılar. Ən azı onların saylarının artmasına qarşı ciddi tədbirlər görərdilər. Ancaq fakt ondan ibarətdir ki, ermənilərin bölgədə saylarının artmasına qarşı heç bir tədbir görməyiblər. Hətta yerlərdən hakimiyyətlərə olunan çağırışlara, ünvanlanan xəbərdarlıq məktublarına məhəl qoymayıblar. XVI əsrin əvvəlində Rəvan xan Səfəvi şahı Şah İsmayıl Xətaiyiyə məktub göndərək qeyd edir ki, hazırkı fars-molla rejiminin nəzarət etdiyi ərazilərdən Azərbaycan torpaqlarına köçürülən ermənilərin sayının çoxalması bizə çoxlu sayda problem yaradacaq. Təəssüf ki, Şah İsmayıl Xətai Rəvan xanın xəbərdarlığını nəzərə almayıb. Bu kimi laqeydlik, etinasızlıq nəticə etibarı ilə Rəvan xanın da qeyd etdiyi kimi, sonrakı proseslərdə xalqımıza acılar yaşatdı. Bu azmış kimi 1507-ci ildə Osmanlı torpaqlarından və digər xarici ölkələrdən 10.000 erməninin İrəvan, Qarabağ daxil olmaqla Azərbaycanın digər ərazilərində yerləşməsinə izn verdi. Baş verən proseslər onu göstərdi ki, Rəvan xanın söylədiyi həmin xəbərdarlıqdan sonralar da nəticə çıxarılmadığından Azərbaycan xalqı çox ciddi bəlalarla üzləşməli oldu.
İki əsr ərzində ermənilər 2 milyondan çox azərbaycanlını qətlə yetirib
Tarixi sənədlərə istinadən qeyd olunur ki, iki əsr ərzində ermənilər 2 milyondan çox azərbaycanlını qətlə yetirib, on minlərlə yaşayış məskəni dağıdıb, yer üzündən silmişlər. Düzdür, burada böyük güclərin ermənilər göstərdiyi siyasi, hərbi dəstəkdə xüsusi rol oynayıb. Məhz xarici məkrli dairələrin dəstəyinə arxalanan ermənilər Cənubi Qafqaza köçürülüb, möhkəmləndikdən sonra azərbaycanlılara qarşı vəhşiliklər, soyqırımı aktları həyata keçirmişlər. 1918-ci ilə qədər zaman-zaman ermənilər dövlət yaratmaq iddialarını reallaşdırmaq üçün səylər göstərdilər. Nəhayət, ermənilər Rusiyanın himayəsi və dəstəyi ilə İrəvan xanlığı ərazisində Ermənistan dövləti yaratdılar. İstəsək də və istəməsək də reallıq ondan ibarətdir ki, İrəvanın ermənilərə verilməsində 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ciddi səhvləri rol oynamışdır. Bunu sonrakı mərhələlərdə cümhuriyyət qurucuları da qeyd ediblər. 1919-ci il dekabr ayının 1-də Fətəli xan Xoyski Nəsib bəy Yusifbəyliyə bir teleqram ünvanlayır. Həmin teleqramda göstərilir ki, İrəvanı Ermənistana verməklə biz sərhəd məsələsini həll etmiş olduq və ermənilərlə bizim daha heç bir problemimiz olmayacaq. 1919-cü ildə İrəvan torpaqlarının arxasınca Dərələyəz, daha sonra isə Göyçə ermənilərə verildi. Bir məsələni də xatırlatmaq lazımdır ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda Azərbaycanın ərazisi 114 min kv. km idi. Amma 1920-ci il aprel ayında Azərbaycan ərazisi 86 min kv.km oldu. Çox təəssüflər olsun ki, 1918- 1920-ci illərdə ADC-nin bu cür buraxdığı səhvlər 1992-1993-cü illərdə AXC hakimiyyəti dövründə də təkrar olundu. XX əsrin sonlarında Azərbaycanın aran Qarabağ ərazisi ermənilər tərəfindən işğal olundu. Qeyd etmək lazımdır ki, ermənilərin aran Qarabağı işğal etmək niyyəti olmayıb. AXC hakimiyyətinin prosesləri düzgün qiymətləndirib, ondan düzgün nəticə çıxarmaması ermənilərin Qarabağı, daha sonra isə aran Qarabağı işğal etmələrinə gətirib çıxarmışdır. Yəni bütün hallarda AXC-nin səhv, düşünülməmiş siyasəti Azərbaycan xalqının başına bəla oldu. XX əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan Xalq Cəbhəsi Qarabağ məsələsini beynəlmiləlləşdirməklə eyni səhvi təkrarlamış oldu. Bununla onlar Azərbaycana ən böyük bəla gətirdilər. Çox təəssüflər olsun ki, bu məsələ tarixçilərimizin də diqqətindən kənarda qalıb. Biz buraxdığımız səhvlərdən çıxartmadığımız nəticələrin bəlasına düşmüşük. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin, ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hal olmayıb. Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başladı. 1823-cü il məlumatına görə, Qarabağ vilayətinin (keçmiş Qarabağ xanlığının ərazisi) 20 minə yaxın ailəsindən cəmi 1, 5 minini erməni ailəsi təşkil edirdi. Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir. 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etmişdir. Rusiya bu siyasəti məqsədyönlü şəkildə dəyişməklə davam etdirilməyə başladı.
Bu gün ərazi bütövlüyü və suverenliyi bərpa olunan, dünyanın ən qüdrətli dövlətlərindən olan Azərbaycan var
1918-1920-ci illərdə Ermənistan Respublikasının törətdiyi azərbaycanlı qırğınları Qarabağı da əhatə etmişdi. 1923-cü ildə Qarabağ Muxtar Respublikasını təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövqeyinə ciddi zərbə vuruldu. XX əsrin 20-60-cı illərində yəni, 1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş siyahıya almalara görə DQMV-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1%»; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9% olmuşdur. Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Mardakert – Ağdərə rayonunun Marağaşen - Leninavan kəndində xüsusi abidə qoymuşdular. Ermənilərin köçürüldüyü qeyd edildiyi kimi, həm Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olmuşdur. İqtisadi mənafe ilə bağlı olan məsələlərdə çox pərgar olan ermənilər bu siyasi oyunların acınacaqlı nəticələrindən dərs ala bilməmiş, Rusiya və Ermənistan liderlərinin onlar üçün müəyyən etdiyi fitnə və xəyanət rolunu həmişə canla-başla və amansızlıqla yerinə yetirmiş, hər dəfə də bu əməllərin qanunauyğun nəticəsi kimi milli məğlubiyyət və faciəyə düçar olmuşlar. Bu fitnəkarlığın başlıca obyekti olan Türkiyə və Azərbaycan müəyyən çətinliklərə baxmayaraq həmişə düşməni məhv edib, qələbəyə nail olmaqla çıxıb. 44 günlük Vətən savaşında Ermənistanın arxasında az qala bütün xristian dünyasının hərbi, siyasi, maliyyə dəstəyinin dayanmasına baxmayaraq Azərbaycan Fateh Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqla olan möhtəşəm birliyi nəticəsində 30 il erməni işğalı altında olan torpaqlarımı azadlığına nail oldu. Bu gün artıq təmas xətti və münaqişə deyilən bölgə mövcud deyil, artıq bu gün ərazi bütövlüyü və suverenliyi bərpa olunan, dünyanın ən qüdrətli dövlətlərindən olan Azərbaycan var.
İLHAM ƏLİYEV