“Yaşadığımız dövr demokratiya, danışıqlar yolu ilə sülh əldəetmə və humanizm prinsiplərinə əsaslanaraq məsələləri həlletmə dövrüdür. Hər bir insanın olduğu kimi, ölkələrin də söz, ifadə azadlıqları var. Əgər hər hansı bir problem yaşanarsa, bu zaman baş vura biləcəkləri Ədalət məhkəməsi də mövcuddur. Lakin bütün bu sistemə baxmayaraq, hələ də bəzi dövlətlər özlərinin heç bir əsası olmayan iddiaları, neokolonialist, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam edir. Bu kimi dövlətlər müstəmləkə qurmaq, insanları digər bir ölkəyə tabeçiliyə zorlamaq kimi niyyətlərindən əl çəkmirlər. Bu siyahının başında isə mənfur Ermənistanın "bacısı" Fransa durur”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.O bildirib ki, Fransa müstəmləkəçiliyi ən “sistemli” şəkildə həyata keçirən ölkədir. Təkcə Ermənistan yox, həmçinin özündən minlərlə kilometr uzaqlıqda olan Afrika, Kaledoniya kimi ölkələrdə də öz müstəmləkəçiliyini əldən vermək istəmir. Tarixə nəzər salsaq, 300 il boyunca Afrikanın Fransanın nəzarətində qaldığını, Seneqal, Fildişi Sahili və Benin kimi ölkələr həmin illərdə qul ticarəti mərkəzləri kimi istifadə olunduğunun və bölgədəki bütün resursların istismar edildiyinin şahidi oluruq. Bu isə neokolonialist ölkənin bir tərəfdən işğalçı və digər işğalçı dövlətlərə qeyd-şərtsiz dəstək verən bir dövlət olduğunun açıq nümunəsidir.Bəşəriyyət Fransanın timsalında XXI əsrdə neokolonializmin ən amansız və aşkar təzahürü ilə üzləşib. Özünü dünyaya demokratiya beşiyi kimi sırımağa çalışan bu ölkə beynəlxalq aləmin susqunluğu qarşısında bu siyasətini ən sərt formada həyata keçirir. Rəsmi Paris “Parçala və hökm sür” prinsipi ilə hərəkət edir, xalqları əsarətdə saxlamağa çalışır, buna nail olmadıqda isə repressiv, zorakı addımlara əl atır. Fransa sərhədlərindən minlərlə kilometr aralıda - keçmiş müstəmləkələrində, konkret olaraq Yeni Kaledoniya, Mayot adaları, Fransız Qvianası və s. bölgələrdə milli azadlıq hərəkatlarını, müstəqillik çağırışlarını qan içində boğur. XXI əsrdə özünü "insan hüquqlarına hörmət edən əsas ölkə" adlandıran rəsmi Paris keçmiş müstəmləkələrində yerli əhalinin əhəmiyyətli bir hissəsinin ən adi hüquqlarını pozur. Hətta vəziyyət o yerdədir ki, Mayot əhalisinin, demək olar, yarısının doğum haqqında şəhadətnaməsi belə yoxdur. Konkret olaraq Yeni Kaledoniyada törətdikləri isə əsl insanlıq faciəsidir.Fransa yeganə ölkədir ki, dənizaşırı departamenti adı altında keçmiş müstəmləkə ərazilərinə nəzarəti saxlayır və həmin yerlərdə müstəmləkəçilik siyasətini davam etdirir. Bunun nəticəsidir ki, dənizaşırı ərazilərdən olan Yeni Kaledoniyada gərginlik davam edir. Burada polislə etirazçılar arasında dəfələrlə toqquşmalar yaşanıb. Bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıq ediblər. Bölgədə fövqəladə rejim elan edilib, yerli kanak xalqının nümayəndələri kütləvi şəkildə həbs olunub, arxipelaqın müstəqilliyini tələb edən, etirazların rəhbəri olan 2 siyasi xadim isə ev dustaqlığına salınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, dövlət müstəqilliyi tərəfdarları ilə onların əleyhdarları arasında baş verən toqquşma nəticəsində onlarla insan, o cümlədən 50-yə yaxın şəxs xəsarət alıb.Bölgədə etiraz hərəkatını yatırmaq üçün 11 fəalı həbs edib və hazırda da Fransada saxlanılırlar. Onların arasında Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının lideri Kristian Ten də var. Numea şəhərində saxlanılaraq dindirilən digər 10 nəfər barədə də oxşar qərar qəbul edilib. Onlara qarşı konkret hansı maddələrlə ittiham irəli sürüldüyü açıqlanmır. Lakin istintaq cinayətkar birlik yaratma, quldurluq və vəzifəli şəxsləri öldürməyə cəhd faktları üzrə aparılır.Bütün bunlar barədə isə heç bir beynəlxalq qurum, təşkilat danışmır, susqunluq nümayiş etdirir. Avropa Parlamentinin ermənipərəst deputatları - Yanis Matiyatis, Şerban Sturza, Cordan Bardela, Mixael Blossom, Mari Tussan, Avropa Parlamentinin iş yerləri və sosial hüquqlar üzrə komissarı Nikolas Şmit bir dəfə də olsun bu məsələyə diqqət yetirmirlər.Diqqət yetiriləsi mühüm bir məsələ, şübhəsiz ki, Qərbin Fransanın törətdiyi cinayətlərə biganəliyi, görməzdən gəlməsidir. Necə olur ki, insanların hüquq və azadlıqlarına qarşı hörmətsizlik edilir, lakin beynəlxalq təşkilatlar, müxtəlif dövlətlər buna reaksiya verməyə tələsmir. Şübhəsiz ki, bunun da kökündə Qərb ölkələrini birləşdirən “dəyərlər” durur. Bunlar isə bütövlükdə Avropada kritik həddə çatan islamofobiya, ifrat sağçılıq, türkofobiyadır. Hazırda Avropada miqrantlara qarşı sərt qərarlar qəbul edilir, onların kütləvi şəkildə deportasiyası həyata keçirilir.Göründüyü kimi, Yeni Kaledoniyada yaşananlara, eləcə də miqrantlara qarşı qərəzli “siyasət” yürüdülməsinə münasibət bildirməyə ehtiyac görməyənlər bunun əvəzinə müstəqil xarici siyasət yürüdən ölkələri hədəfə alırlar. Avropa İttifaqının aidiyyəti qurumları da analoji mövqe nümayiş etdirirlər. Nə Fransanın, nə də bütövlükdə Avropa İttifaqı ölkələrində insan haqları sahəsində kök salmış sistematik problemlərə, artan islamofobiya və ikrah doğuran neokolonial siyasətə, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və “sarı gödəkçəlilər” kimi aksiyalarda həyatlarını itirməsinə göz yumurlar.Bütün qeyd olunanlar Fransanın kolonial hakimiyyətinin əsl mahiyyətini ortaya qoyur. Bu ölkə hələ də anlamaq istəmir ki, bu cür siyasətin sonu iflasa məhkumdur. Fransanın konkret olaraq Azərbaycanla bağlı yürütdüyü riyakar və qərəzli siyasətin nə ilə nəticələndiyi də göz önündədir. Azərbaycan cavab addımları atdıqda, neokolonializmə qarşı mübarizəni prioritet elan edəndə bu, ölkənin daxili işinə qarışmaq cəhdi kimi dəyərləndirir.Təəssüf ki, bir çox ölkələr və başçıları Prezidentcənab İlham Əliyev kimi cəsarətli və açıq şəkildə öz fikrini Fransaya qarşı ifadə etməkdən çəkinir. Bu, bir daha sübut edir ki, istər daxili, istərsə də beynəlxalq arenada Prezident cənab İlham Əliyev güclü siyasi xadimdir. Əgər Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlüyündən sui-istifadə etməyə davam edib, Ermənistanın üzərindən Azərbaycana qarşı çirkin əməllər törətməyə çalışarsa, bu zaman Azərbaycanın güclü siyasəti ilə qarşı-qarşıya qalmış olacaq.Azərbaycan Fransanın müstəmləkəsi altında saxladığı xalqların insan hüquqlarını pozmasını, müstəqillik tələb edənləri həbs etməsini, öldürməsini beynəlxalq səviyyədə ifşa etməkdədir. Yəni Azərbaycan neokolonializmlə mübarizəyə qətiyyətlə öndərlik edir və müstəqillik uğrunda mübarizəyə qalxan yerli xalqların nümayəndələri Bakı Təşəbbüs Qrupu ətrafında birləşərək azadlıq səslərini daha gur şəkildə dünyaya çatdırırlar”.
Müəllif: Səbinə Hüseynli