Azərbaycan dünya siyasətində, iqtisadi sferada gücləndikcə bəzi ölkələrin və beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli münasibəti və pozucu niyyətli addımlarının da sayı artmaqdadır. Avropa Oyunları, Eurovision müsabiqəsi, İslam Oyunları, “Formula-1”-in yarışları ərəfəsi olduğu kimi COP29 konfransı öncəsi də ABŞ-ın və Avropanın ermənipərəst dairələrindən qidalanan, maddi və mənəvi dəstək alan hakim zümrəsi Azərbaycana qarşı düşmən münasibətlərini daha iyrənc formada genişləndiriblər. Bəzən Avropa Parlamenti və AŞPA -da həmin qərəzli ölkələrin siyasətçilərinin çaldıqları havaya oynamaqla ölkəmizin imicinə kökə salmağa xidmət edən qətnamələr qəbul edirlər. Bu cür iyrənc kampaniya ilə əsas məkrli niyyətləri COP29 ərəfəsi Azərbaycanın siyasi imicinə zərbə vurmaq, ölkəmizi gözdən salmaqdan ibarətdir. Lakin əminliklə qeyd etmək olar ki, hər cür qarayaxma kampaniyasına, şər və böhtanlara və mənasız ittihamlara baxmayaraq, Azərbaycan bu mötəbər konfransı böyük uğurla keçirməyə nail olacaq. Artıq aparılan işlər onu deməyə əsas verir ki, ölkəmiz COP29-a hazırlıq prosesini tam şəkildə başa çatdırıb. Görülən işlərin uğurlu alınmasında Azərbaycanın bir çox ölkələr və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi də xüsusi rol oynayıb. COP29-un digər əvvəlki konfranslardan fərqi ondan ibarətdir ki, bu konfrans tarixə həm də sülh konfransı olaraq düşəcək. Çünki “COP29 naminə Birgə Atəşkəs Çağırışı” ilə bağlı dünyanın müxtəlif bölgələrində müharibə aparan, münaqişə edən tərəflərə çağırış edilib: “COP29 Sədrliyi rəsmi olaraq öz flaqman təşəbbüsünə - COP Atəşkəs Çağırışına start verir və bütün tərəfləri siyasi çətinliklərə rəğmən birlik olmağa, COP29-un keçirildiyi 1 ay ərzində atəşkəsə əməl etməyə çağırır. Maraqlı tərəflərin sülh prosesinə dəstək olmaları üçün COP29 naminə Birgə Atəşkəs Çağırışı rəsmi olaraq açıq elan olunur. Bütün dünyadan həm tərəflər, həm də müşahidəçi qismində çıxış edən maraqlı tərəflər artıq öz dəstəklərini bildirərək Birgə Atəşkəs Çağırışını təsdiq etmişlər. Çağırışı təsdiq edən ölkə və təşkilatların siyahısı veb-saytda dərc ediləcək”.
Əli Kərimlinin və Cəmil Həsənlinin erməni dairələri ilə iş birliyi üzə çıxır
Azərbaycan çox böyük xeyirxah, humanist missiyanı üzərinə götürüb, həyata keçirməyə səfərbər olunduğu bir vaxtda AŞPA, Avropa Parlamenti, eləcə də Almaniya, Fransa, ABŞ kimi ölkələrin qara niyyətli qara geşişlərinin Azərbaycanı hədəf seçmələri onların dünyada sülhə, təhlükəsizliyə, insan hüquq və azadlıqlarına düşmən kəsildiklərini göstərir. Bu azmış kimi sözügedən ölkələr və beynəlxalq təşkilatların erməni təəssübkeşləri maliyyə imkanlarına arxalanıb Bakıdakı təmsilçilərini də öz məkrli tezislərini gündəmə çıxarıb, sosial şəbəkələrdə və media müzakirələrində yaymağa təhrik edirlər. Söz və ələbaxan funksiyasını yerinə yetirən Milli Şuranın, AXCP-nin və Müsavatın rəhbərliyi və trolları xor dərnəyinin cükküldəyən üzvləri kimi ağız-ağıza verib ölkəmiz haqqında hədyanlar səsləndirirlər. Bütün günü bu məxluqlar saxta adlar altında sosial şəbəkələrdə dövlətimizin imicinə xələl gətirməyə hesablanan şər və böhtanlar yazır, videolar paylaşırlar. Sual edilir, nəyə görə xalqına düşmən kəsilmisiniz? Nədən dövlətinin beynəlxalq aləmdə imicini ləkələməyə çalışırsınız? Hər bir sualın, sadə cavabı var: maliyyə yardımları və mənəvi dəstək onları doğulub boya başa çatdıqları dövlətinə və sıralarında yer aldıqları xalqına düşmən kəsilməyə vadar edir. Hətta Əli Kərimli və Cəmil Həsənli aldıqları sifarişlərə uyğun olaraq COP29 konfransının keçirilməsinə saylı günlər qalanda Bakı şəhərində təxribat xarakterli icazəsiz aksiya keçirməyi planlaşdırırlar. Bununla bağlı Milli Şura-da və AXCP Rəyasət Heyətində müzakirələr aparılıb və müvafiq qərar verilib. İcazəsiz aksiyaların COP29 konfransını izləmək üçün Bakıya gələn xarici jurnalistlərin və müxtəlif ölkələrin rəsmi şəxslərinin yerləşdikləri otellərin yaxınlığında keçirilməsi nəzərdə tutulur.
Əli Kərimlinin qarşıdurma yaratmaqda məqsədi məlum olur
Qanunvericiliyə görə icazəsiz aksiyaların keçirilməsi yolverilməzdir. Yəni hər bir aksiya şəhər icra hakimiyyəti ilə razılaşdırılmaldır. Ə.Kərimli və C.Həsənli isə qanunlara qarşı çıxmaqla bilərəkdən icazəsiz aksiya keçirməyə və asayişi qorumağı vəzifə borcu hesab edən polislərlə qarşıdurma yaratmağı nəzərdə tuturlar. İcazəsi aksiyanın keçirilməsi zamanı polisin qanunu vəzifəsini icra edəcəyi şübhəsizdir. Bu halda Ə.Kərimli, C.Həsənli və onların trolları haray-həşir salıb ölkəmizə gələn qonaqların diqqətini özlərinə cəlb etməyə çalışacaqlar. Hətta üst-başlarını cırıb, sosial şəbəkələr vasitəsi ilə canlı yayımlar təşkil edib, vay-şüvən qoparacaqlar. Söz yox ki, ilana ağu verən kərtənkələ rolunda çıxış edən xarici anti-Azərbaycan qüvvələr də hərəkətə keçib, dağıdıcı müxalifətin təxribatına haqq qazandıran açıqlamalar verəcək, məlumatlar yayacaqlar. Əvvəlcədən hazırladıqları hesabatı yenidən nəzərdən keçirib, yayımını təşkil edəcəklər. Bununla da COP29 konfransını gözdən salmağa və Azərbaycana qarşı səlib yürüşünü davam etdirəcəklər. Lakin ortada olan bir həqiqət var ki, kimin nə düşünməsindən və hansı yönümlü təxribat planlaşdırmasından asılı olmayaraq Azərbaycan COP29 konfransını uğurla başa çatdıracaq və dünyaya azad, demokratik və böyük gücə, qüdrətə malik dövlət olduğunu nümayiş etdirəcək.
İLHAM ƏLİYEV