PDF Oxu

Siyasət

  • 1 944

Müasirləşən və gözəlləşən doğma Bakımız

Müasirləşən və gözəlləşən doğma Bakımız

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub

Bakı şəhərinin müasir görkəmi, onun simasının gündən-günə dəyişməsi, ürəkaçan mənzərəsi oun dünyanın ən gözəl şəhərləri ilə bir sırada adının çəkilməsinə səbəb olub. Bakının simasına yeni-yeni bənzərsiz naxışlar vurulub, gözəl park və xiyabanlar, geniş prospektlər, möhtəşəm və modern binalar, meydanlar və körpülər paytaxtımızın ayrılmaz atributları sırasındadır. Qədimlik və müasirliyin heyrətamiz harmoniyası şəhərimizə özünəməxsus yaraşıq verir. Paytaxtımız hərtərəfli gözəlləşir. Dünyanın qədim neft sənayesi mərkəzi olan paytaxt Bakı da qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə edib. Bakıda həyata keçirilən ardıcıl inkişaf prosesi şəhərimizin tarixi ilə müasirliyini özündə birləşdirərək onun tamamilə yeni bir simasını təqdim edir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları və göstərişləri ilə şəhərimiz daha da müasirləşir və gözəlləşir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yeni salınan parkda yaradılan şəraitlə tanış olub. Son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artmaqdadır. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən quruculuq işlərinin daha da genişləndiyini göstərir. Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin göstərişinə əsasən Nəsimi rayonu ərazisində salınan yeni parkdır. Yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Ərazidə asfalt örtüyü ləğv edilərək müasir tələblərə cavab verən piyada yolları salınıb. Yeni parkda yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb.

"Yaşıl dünya naminə həmrəylik ili"ndə də yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Nəsimi rayonu ərazisində yeni salınan park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından əhəmiyyətlidir. Yeni parkın salınması gələn ay COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır.

YENİ DÖVRÜNÜ YAŞAYAN PAYTAXTIMIZ

Bu gün hər sahədə qazandığımız uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi, müdrik syasəti dayanır. Azərbaycan həm bölgədə, həm də dünya miqyasında ən sabit və dinamik inkişaf edən ölkələrdən birinə çevrilib. Uğurlu inkişaf yolu keçən Azərbaycanın paytaxtı Bakı da bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar Azərbaycan dövlətinin inkişafına, onun sosial-iqtisadi bazasının yüksəlməsinə, regionların sosial-iqtisadi inkişafına, insanların rifah halının yüksəldilməsi istiqamətində islahatların həyata keçirilməsinə və s. yönəlmişdir. Bu Sərəncamlar dövlətin təməlinin daha da möhkəmlənməsinə, Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verir. Azərbaycanda insanların sağlamlığı, rahatlığı, firavan həyatı da daim diqqətdə saxlanılır.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizin hər yerində olduğu kimi, paytaxt Bakımızda da parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə ardıcıl tədbirlər davam etdirilir. "Yaşıl dünya naminə həmrəylik ili"ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Qeyd edək ki, son zamanlar bu istiqamətdə görülən işlərin miqyası artıb. Bildiyimiz kimi, Azərbaycan Prezidenti bu yaxınlarda "Xaqani" bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdu.

Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağında və ətraf ərazilərdə abadlıq-yenidənqurma işləri aparılıb. Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb. Bu, dövlətimizin başçısının Bakı şəhərində parkların, xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan növbəti istirahət guşələrindən biridir. Şəhərin mərkəzində yerləşən bağda sakinlərin istirahəti üçün qısa müddətdə gözəl şərait yaradılıb.

Bu bağın Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində istifadəyə verilməsi ölkəmizə gələcək turistlərin istirahətinin səmərəli təşkilində də xüsusilə əhəmiyyətlidir.

"YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ"NƏ TÖHFƏ

Paytaxtımızda ən müasir parklar və yeni yaşıllıq zolaqları salınır, Bakının qədim tarixi memarlıq nümunələri bərpa edilir və müasir binalar tikilib istifadəyə verilir. Bu işlərin hamısı şəhərə daha çox gözəllik və kolorit verir, məhz bunun sayəsində Azərbaycan paytaxtı insanların həyatı və asudə vaxt keçirməsi üçün rahat məkana çevrilir. Yeni parkların salınması və mövcud olanların yenidən qurulması, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbirlər də ətraf mühitin sağlamlaşdırılması işinə mühüm töhfə verir.

Nərimanov rayonu ərazisində yenidən qurulan Nərimanov parkı da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. Nərimanov parkının yenidən qurulması da bu il COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır. Qeyd edək ki, ərazisi 4,1 hektar olan park XX əsrin 50-ci illərində salınıb. Ötən müddətdə bu park gəzinti və əyləncə baxımından şəhər sakinləri üçün sevimli məkana çevrilib. 1960-cı illərdə yaxınlıqda metro stansiyasının tikilməsi parka marağı daha da artırıb. Şəhərimizin müasir inkişaf səviyyəsinə və memarlıq üslubuna uyğun olmayan park nadir dizaynda yenidən qurulub. Burada müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılıb, o cümlədən uzun müddət yararsız vəziyyətdə olan fəvvarə meydanının yenidən qurulması işləri həyata keçirilib. Parkın ərazisində yeni yaşıllıq sahələri yaradılıb, istismara yararsız, parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ərazidən götürülüb. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir edilib, o cümlədən yeni işıq dirəkləri, eləcə də idman qurğuları və uşaq əyləncə meydançası yaradılıb. Mühəndis-kommunikasiya xətləri əsaslı şəkildə yenilənən park yağış sularının axıdılması üçün nəzərdə tutulan xətlərlə təmin edilib.

ŞƏHƏRİMİZƏ XÜSUSİ GÖZƏLLİK VERƏN MƏKAN

Müasir parklardan olan Dədə Qorqud parkı da şəhərimizə xüsusi gözəllik verən məkanlardandır. 6 hektar ərazidə salınmış bu park paytaxtın ən böyük parklarındandır. Burada istirahət üçün hər cür şərait yaradılıb, yaşıllaşdırma işləri aparılıb, süni göl yaradılıb, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. "Kitabi-Dədə Qorqud" dastanı 1300 il yaşı olan, Azərbaycan xalqının tarixi keçmişini əks etdirən sənət abidəsidir. Dastanda xalqın vətənpərvərliyi, qəhrəmanlığı, müdrikliyi, tarixi keçmişi, mənəvi dəyərləri, oğuz türklərinin adət və ənənələri, Azərbaycan toponimləri əksini tapıb. Bu dastan dilimizin qədim incəliklərini, xalqımızın mədəniyyətini öyrənmək üçün əvəzolunmaz mənbədir. Parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə yaradılıb.

Görülən işlər bir daha göstərir ki, Bakı artıq parklar ölkəsinə çevrilib. Bakı şəhərində 300-ə yaxın park, bağ və istirahət məkanları vardır və yeni parkların salınması, mövcud olanlarında isə əsaslı təmir-yenidənqurma prossesi davam edir.

Hər yerdə aparılan-abadlıq quruculuq işləri onun simasını köklü şəkildə dəyişib, infrastruktur təminatı, kommunal xidmətlərin keyfiyyəti yaxşılaşıb, əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər