Gürcüstanda 26 oktyabr 2024 tarixində keçirilən parlament seçkisində saxtakarlıq edildiyi iddiaları əsasında istintaq başladılıb. SİA xəbər verir ki, Gürcüstan Prokurorluğundan verilən yazılı açıqlamada istintaqın Gürcüstan prezidenti Salome Zurabişvili və bəzi müxalifət partiyası liderlərinin "seçkilərdə saxtakarlıq edildiyi" iddiaları səbəbilə başladıldığı qeyd edilib.
Saxtakarlıq iddiası irəli sürənlərdən bütün sübutlarını prokurorluğa təqdim etmələri istənilən açıqlamada prezident Zurabişvilinin "əldə olması ehtimal olunan sübutları" paylaşmaq üçün 31 oktyabrda prokurorluğa dəvət edildiyi bildirilib. O, prokurorluğun başlatdığı istintaq haqqında hələ bir açıqlama verməyib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından verilən açıqlamada isə prezidentin və müxalifətin iddialarının əsassız olduğu qeyd edilib. Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərində səslərin 53,93 faizini alan iqtidardakı Gürcü Arzusu Partiyası qalib gəlmişdi.
Etiraz edən rəsmilər parlament seçkisinə "Rusiya əməliyyatı" ilə müdaxilə edildiyini iddia edərək seçki nəticələrini tanımayacaqlarını bildirmişdi. Gürcüstan Baş naziri İrakli Kobaxidze isə seçkilərin rəqabətli və şəffaf mühitdə demokratik şəkildə keçirildiyini vurğulayaraq seçkiləri tanımayanların ölkədə sabitliyi pozmaq cəhdində olduğunu ifadə etmişdi.