PDF Oxu

Siyasət

  • 1 707

Zəfər tariximizin astanasında

image

Bir neçə gündən sonra xalqımız şərəfli tarixini – Zəfər gününü qeyd edəcək. Dünyaya, düşmənə məğrur və yenilməz xalq olduğunu göstərən Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək işğala son qoyduq. Azərbaycan xalqının torpaq uğurunda savaşı və sonda qələbə tarixinin yazılması ilə nəticələnən 44 günlük müharibə Azərbaycan ordusunun Vətən Müharibəsindəki hünərindən, qəhrəmənamığından qaynaqlanırdı. Sanki hadisələr xronoloji ardıcıllıqla davam edirdi. Beləliklə, Zəfər tariximiz yazıldı. Bu sevincləri yaşadan Azərbaycan əsgəri qəhrəmanlıq simvoluna çevrildi. Döyüşdən qorxub qaçan erməni Azərbaycan əsgəri qarşısında məğlub olduğunu dünyaya göstərdi. 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımızda şumlama əməliyyatı aparmış, insanları doğma ocaqlarından didərgin salmışdılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin noyabrın 2-də İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədə belə deyirdi: " Bu ərazidə bəlkə də indi daha çox erməni məskunlaşıb, çünki bütün azərbaycanlılar didərgin salınıblar. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdilər. Bu, statistikadır, bizim deyil, sovet dövrünün statistikasıdır. 1970-ci illərin sonunda Dağlıq Qarabağ muxtar vilayətində müxtəlif millətlərdən olan neçə nəfər yaşayırdı? Əhalinin demək olar ki, 25 faizi azərbaycanlılar idi, 40 min nəfər. Şuşada 98 faiz azərbaycanlılar məskunlaşmışdılar. Bu gün orada bir nəfər azərbaycanlı belə yoxdur. Xankəndidə çox sayda azərbaycanlı var idi. Hadrut rayonunda, digər rayonlarda, soyqırımı törətdikləri Xocalıda 100 faiz azərbaycanlılar idi. Beləliklə, onların hamısı etnik təmizləməyə məruz qalıb, qətlə yetirilib, işgəncəyə məruz qalıb və didərgin salınıblar. Təəssüflər olsun ki, heç kim Ermənistanı bunda günahlandırmayıb."

ZƏFƏR SEVİNCİMİZİN LAP ASTANASINDA İDİK

Hər dəfə qələbə sevincini bizlərə yaşadan Ali Baş Komandanın xalqa müraciətləri zamanı işğaldan azad olunan şəhər, kənd, qəsəbələrin xəbərini bizə çatdırması qələbəmizin lap yaxında olmasından xəbər verirdi. Dörd il əvvəl 3 noyabrda müharibənin başlanmasından 38 gün keçmişdi və işğalda olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər, Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi, Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri, Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri və s. onlarla belə ərazilərimiz işğaldan azad olundu. 4 noyabr tarixində isə Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri işğaldan azad olundu. Bu və ya digər ərazilərin işğaldan azad olunması Azərbaycanın güclü və qüdrətli bir ölkə olduğunu təqdim edirdi.

Bir neçə gündən sonra artıq Qələbə xəbərini eşidəcəydik. Qələbəmiz bir addımlıqda idi. 30 ilə yaxın gözlədiyimiz tarixi Zəfər sevincimizin lap astanasında idik. «Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!»

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 noyabr 2020-ci il tarixində özünün "Twitter” hesabında bildirmişdi. Zəfərimizə tarixi günlər qalmışdır. 44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunurdu.

ERMƏNİ TƏRƏFİ YALNIZ FEYK XƏBƏRLƏR YAYIRDI

Ermənistanda isə vəziyyət tamamilə başqa məcrada idi. Vətəndaşları döyüşmək üçün könüllü şəkildə Qarabağa getməkdən imtina edirdilər. Erməni vəkil Robert Ayrapetyan sosial şəbəkə hesabında yazırdı ki, doğum evlərində ataları döyüşə getməkdən imtina edən körpələrə doğum haqqında şəhadətnamə vermirlər və faktiki olaraq "uşaqları və anaları girov götürürlər". Ermənistan tərəfi döyüşdə verdiyi itkilərin sayını açıqlamaqdan imtina edirdi. Paşinyan hakimiyyəti real rəqəmləri açıqlamır, çünki xalqın qəzəbindən qorxurdu.

Qarabağdakı rejim daxilində də xaos hökm sürürdü. Yaranmış xaosda erməni tərəfi yalnız feyk xəbərlər yaymaqla məşğul idi. Amma artıq bu proses də o qədər xaotik xarakter almışdır ki, ermənilər özləri öz feykləri arasında çaş-baş qalmışdılar.

Müharibə şəraitində yaşayan Azərbaycan müharibəyə qədər olan dövrdə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordunun peşəkar kadrlarla təchizatı, döyüş hazırlığının artırılması dövlət siyasətinin prioritet istiqamətini təşkil edib və hər il bu məqsədlər üçün büdcədən qeyd olunan böyük həcmlərdə vəsait ayrılıb. Sentyabrın 27-dən etibarən genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu xilaskarlıq missiyasını yerinə yetirərək hər gün yeni hərbi uğurlara imza atırdı. Azərbaycan Ordusu doğma torpaqlarında vuruşur, doğma torpaqlarında şəhidlər verirdi. Ordumuz döyüş meydanlarında bir sıra innovativ texnologiyaları məharətlə tətbiq etməklə, taktiki və strateji əməliyyatları düzgün əlaqələndirməklə dünyanın hərb tarixinə yeniliklər bəxş etdi. Prezident İlham Əliyev çıxışlarında və müsahibələrində də bildirdiyi kimi, Ordumuzun qələbələrinin əsas qəhrəmanları Vətəni çox sevən, torpaqlarımızın hər qarışı uğrunda canından, qanından keçməyə hazır olan əsgər və zabitlərimizdir.

MÜDRİKLİYƏ VƏ QƏTİYYƏTƏ İNAM

Azərbaycan xalqı isə Azərbaycan Prezidenti İlham Əliyevə məktublar göndərməkdə davam edirdilər. Onlar rəşadətli ordumuzun uğurlu əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı sevinc hisslərini bölüşür, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirdilər. Xaricdə yaşayan soydaşlarımızdan biri belə yazırdı: "Çox hörmətli cənab Prezident, bu gün dünyanın harasında olmasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının diqqəti Sizə yönəlib. Müzəffər Ali Baş Komandan kimi xalqımızın torpaqlarımızın bütövlüyü, haqq və ədalət uğrunda mübarizəsinə rəhbərlik edirsiniz. Bu gün ölkəmizə qarşı şər və böhtan kampaniyalarına külli miqdarda vəsait xərclənir. Azərbaycanın dünyaya açıq və aydın mesajları təhrif olunur. İndi ən mühüm işlərdən biri Azərbaycanın həqiqətlərini və hədəflərini dünyaya çatdırmaq üçün informasiya hücumlarını dəf etməkdir. Bu hər bir vətənpərvər insanın ümumi vəzifəsidir. ..Biz həmişə Sizinləyik. Sizin müdrikliyinizə, xoşməramlılığınıza, qətiyyətinizə əminik. Daim xalqımızın, dövlətimizin mənafelərini qorumaq üçün davamlı səy göstərdiyinizə inanırıq. Uca Allah qətiyyətinizi, gücünüzü yüz qat artırsın və Sizin vasitənizlə xalqımızı gücləndirsin”.

"DƏMİR YUMRUQ" VƏ İMZALANAN BƏYANAT

Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddialarına 1988-ci ildə başlanıb. Sonradan müharibəyə çevrilən bu münaqişə xarici havadarlarına arxalanan Ermənistanın qələbəsi ilə yekunlaşıb. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs elan olunub. Qarabağda yaşayan separatçı ermənilər müstəqil respublika elan etsələr də bu qondarma "dövlət" heç bir beynəlxalq qurum və dövlət tərəfindən tanınmayıb. BMT Təhlükəsizlik Şurası Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etsə də, Ermənistan hökuməti bu sənədləri icra etmədi.

Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgəri düşmənin işğal edilmiş ərazilərdə 30 il müddətində tikdiyi istehkam maneələrini yarır, qurduğu pusquları dağıdır və hədəfə yaxınlaşırdı. Əks-hücum əməliyyatında ordumuzun qarşısında duran əsas tapşırıq çətin relyef və iqlim şəraitində mütəşəkkil qaydada irəliləmək və işğal altında olan torpaqlarımızı cinayətkar ordu qruplaşmasından xilas etmək idi.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. "Dəmir yumruğ"un gücünə imzalanan bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.

Ölkəmizin tarixi qələbəsi, münaqişənin həlli regionun yenidən çiçəklənməsinə böyük stimuldur. Cənab Prezidentin də qeyd etdiyi kimi, bizə maksimum sərf edən sənəd imzalanıb. Bu nəticənin əldə olunmasında başda Müzəffər Ali Baş Komandan olmaqla, bütün ordumuzun və hərbi əməliyyatlar dövründə birlik, həmrəylik nümayiş etdirən xalqımızın hər bir nümayəndəsinin rolu oldu. Biz böyük bir nailiyyəti ZƏFƏRİ əldə etdik.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər