PDF Oxu

Siyasət

  • 1 645

Müasirləşən Bakı yeni inkişaf dövründə

image

Dövlət başçısı Bakı Dəmiryol Vağzalının və metronun "28 May" stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

Bu gün ölkəmizin iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunub. Ölkəmizin hər bir yerində abadlıq, quruculuq işləri geniş vüsət alıb. Dinamik inkişaf, infrastrukturun yeniləşdirilməsi, geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri regionlarla yanaşı, paytaxt Bakıda da uğurla davam etdirilir. Son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artıb. Hər zaman tarixi və bir-birindən maraqlı, diqqətçəkən tikililəri ilə göz oxşayan Bakının adı bu gün yeni-yeni möhtəşəm və bənzərsiz abidələri ilə dünyanın ən gözəl və müasir şəhərləri sırasında yer alıb. Paytaxtımızın görkəmi dəyişir, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, yeni yollar və parkların salınması, əlavə iş yerlərinin açılması istiqamətində ardıcıl işlər görülüb və bu davam etməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının və metronun "28 May" stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Raytaxtımızda Puşkin küçəsinin Azadlıq prospekti ilə birləşməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində - Bakı Dəmiryol Vağzalı və metronun "28 May" stansiyasının qarşısındakı ərazidə işlər görülüb. Ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb. Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.

TƏMİZ ƏTRAF MÜHİT VƏ YAŞIL ARTIM ÖLKƏSİ

Dünyanın iri şəhərləri, xüsusilə paytaxt şəhərlər məxsus olduqları dövlətlərin bütövlükdə siyasi-iqtisadi, tarixi-mədəni inkişaf səviyyəsini, eləcə də şəhərsalma mədəniyyətini özündə əks etdirir. Azərbaycanın paytaxtı Küləklər şəhəri Bakı da yüz illər ərzində formalaşan qədim şərq və müasir qərb memarlığının sintezinə əsaslanan özünəməxsus şəhərsalma ənənələrinə malik məkandır. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artıb.

Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində, o cümlədən paytaxt Bakıda abadlıq - quruculuq işləri geniş vüsət alıb.

Azərbaycanın 2030-cu ilə qədər təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi sosial-iqtisadi inkişafa dair milli prioritetlər sırasındadır. Bu xüsusda görülən işlər həm paytaxt sakinlərinin və Bakıya gələn çoxsaylı turistlərin istirahəti üçün müvafiq şəraitin yaradılması, həm də şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı olduğunu bir daha nümayiş etdirir. COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən abadlıq və yenidənqurma işləri də ətraf mühitin sağlamlaşdırılmasına mühüm töhfə verir, eyni zamanda, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.

ŞƏHƏRƏ GÖZƏLLİK GƏTİRƏN PARK VƏ XİYABANLAR

Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin göstərişinə əsasən Nəsimi rayonu ərazisində salınan yeni parkdır. Yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Ərazidə asfalt örtüyü ləğv edilərək müasir tələblərə cavab verən piyada yolları salınıb. Yeni parkda yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb. "Yaşıl dünya naminə həmrəylik ili"ndə də yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Nəsimi rayonu ərazisində yeni salınan park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından əhəmiyyətlidir.

Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağında və ətraf ərazilərdə də abadlıq - yenidənqurma işləri aparılıb. Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb. Bu, dövlətimizin başçısının Bakı şəhərində parkların, xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan növbəti istirahət guşələrindən biridir. Şəhərin mərkəzində yerləşən bağda sakinlərin istirahəti üçün qısa müddətdə gözəl şərait yaradılıb. Bu bağın Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində istifadəyə verilməsi ölkəmizə gələcək turistlərin istirahətinin səmərəli təşkilində də xüsusilə əhəmiyyətlidir.

ŞƏRQİN QOCAMAN ŞƏHƏRİ

Qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biri hesab olunan Bakının rəmzinə çevrilən və ona yeni sima və rəng verən müasir tikililər də, məhz iqtisadi göstəricilərin məntiqidir. Bakının ümumi görünüşünü daha da müasirləşdirən şəhərindəki ən hündür bina olan "Alov qüllələri" kompleksi, Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə yaradılan, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və s. istiqamətində sistemli fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, eləcə də Xalça muzeyi, Bakı Su İdmanı Mərkəzi və digər qədim tarixə tikililər Bakının simasına müasirlik gətirib. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması paytaxtımızın simasına daha bir rəngarənglik əlavə edib. Bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" - dünyanın səkkiz aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. "Bilirsiniz ki, mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir", - deyə Prezident çıxışlarının birində bildirib.

Bakıdakı Dənizkənarı Milli Park Bakı şəhərinin ən maraqlı və spesifik təbii şəraitə malik yerlərindəndir. Bu gün Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Burada "Baku Kristal Hall"ın inşası bu ərazinin görkəminə yeni rəng əlavə edib. 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Bu bənzərsiz, möhtəşəm görkəm Bakının dünyanın ən görməli 52 şəhərindən biri kimi seçilməsinə səbəb olub.

Bakı Bulvarında bərpa edilən "Qu quşları" fəvvarə kompleksi də paytaxtımızın əzəmətinə, görkəminə xüsusi bir rəng verir. Bakı Bulvarının tarixi rəmzlərindən biri olan "Qu quşları" fəvvarə kompleksi 60 ildən artıq tarixə malikdir. Paytaxtımızda qurulan "Qu quşları" fəvvarəsi də sakinlərin sevimli məkanlarından biri kimi hər zaman sevilib. Dünyaşöhrətli, Azərbaycanın dahi şairi Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin "Yeddi gözəl" poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə paytaxtın gözəl məkanlarından biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu tarixi ansambl yenidən bərpa edildi. Layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub və 7 qu quşu heykəli hazırlanıb. Bu məkan müasirləşən paytaxt Bakının görkəminə daha bir gözəllik və möhtəşəmlik gətirdi. İndi şəhərimizin sakinləri və buraya üz tütan minlərlə əcnəbi bu gözəlliyi seyr edərək, qədim və müasir Bakının gözəlliklərinə və hüsnünə heyran qalırlar.

EKOLOJİ FƏLAKƏT MƏNBƏYİ ARADAN GÖTÜRÜLDÜ

Paytaxt Bakı inkişafının yeni dövrünü yaşayır və şəhərimizi gözəlliyinə yeni gözəlliklər qatılır. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması davam edir. Yeni salınan parklar Bakının simasının daha da gözəlləşməsi baxımından mühüm rol oynayır. Cənab İlham Əliyev bildirdiyi kimi, parklar şəhərimizin hər bir yerində salınır, o cümlədən qəsəbələrdə: "Hesab edirəm ki, Bakı parkların sayına görə dünyada lider şəhərlərdən biridir".

Qəsəbələrin simasının dəyişdirilməsi, yaşıllıqların genişləndirilməsi istiqamətində atılan addımlar rayon sakinlərinin rahat yaşayışının təmin edilməsinə yönəlib. Yolların kənarında yaşıllıq zolaqları genişləndirilir. Keçmiş Balaxanı zibilxanasının buraxırdığı tüstü nəticəsində havanın keyfiyyəti böyük dərəcədə aşağı düşmüşdü və insan sağlamlığına böyük zərər verirdi: "İndi keçmiş Balaxanı zibilxanasının yerində müasir poliqon qurulub və zibilin çeşidlənməsi, bərk məişət tullantılarının yandırılması istiqamətində böyük addımlar atılıb, böyük investisiyalar qoyulub, zibilyandırma zavodu inşa edilibdir. Biz bu ekoloji fəlakət mənbəyini aradan götürdük". Dövlət başçısı digər ekoloji fəlakət mənbəyi kimi Bibiheybət neft mədənlərinin olduğunu vurğulayıb: "Oradakı vəziyyət, ümumiyyətlə, çox acınacaqlı idi, neftlə çirklənmiş yerlər, gölməçələr. Bunların hamısı aradan götürüldü. İndi orada gözəl park salınıb və vətəndaşların sərəncamına verilib. Eyni zamanda, idman şəhərciyi yaradılıb, müasir idman hovuzu, digər ictimai obyektlər tikilib".

Əlbəttə ki, ölkənin iqtisadi və maliyyə imkanları genişləndikcə bu, hər bir rayonun, qəsəbənin, bölgənin, həmçinin insanların gündəlik həyatında özünü büruzə verir. İqtisadiyyatın güzgüsü isə dövlət büdəcsidir. Dövlət büdcəmizin ildən-ilə artması sosial-iqtisadi islahatların uğurlu icrasından xəbər verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər