Azərbaycan möhtəşəm tarixi gününün - 8 Noyabr Zəfər günü ərəfəsindədir. Məğrur, qalib Azərbaycan xalqı Zəfər tarixinin dördüncü ildönümünü qeyd edəcəkdir. Azərbaycan Prezidentinin Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edilməsi Azərbaycan xalqının ən qürurlu, ən fəxarətli tarixinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və Ordumuzun rəşadəti sayəsində bu gün qalib ölkənin vətəndaşları kimi Zəfər Gününü böyük təntənə ilə qeyd edirlər. Xalqımız Vətən müharibəsində 44 gün ərizində qələbələr qazanaraq, Zəfərə doğru addımladı və tarixi qələbəni əbədiləşdirdi. Müzəffər Azərbaycan ordusu və onun Sərkərdəsi Cənab İlham Əliyev tariximizə silinməz bir gün yazdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dörd il əvvəl noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibə verərkən Ona ünvanlanan "Hazırda Dağlıq Qarabağdakı müharibənin altıncı həftəsi başlayır. Cəbhədə hazırda vəziyyət necədir?" sualını cavablandıraraq belə demişdir: "Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik".
"ERMƏNİSTAN ARTIQ BİZİM TƏRƏFİMİZDƏN AZAD EDİLMİŞ ƏRAZİLƏRİ GERİ ALMAĞA CƏHD GÖSTƏRİRDİ"
Müharibənin gedişində məğlubiyyəti ilə barışmayan ermənilər dinc insanlara qarşı terror törədirdilər. Bərdədə, Gəncədə yaşanılanlar hər kəsin yaddaşındadır. Humanitar atəşkəs elan olunsa da 2020-ci ilin noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tuturdu., Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülürdü.
Cənab Prezident müsahibəsində bildirdiyi kimi, bu atəşkəslərin işləməməsinin səbəblərindən biri ondan ibarət idi ki, Ermənistan artıq bizim tərəfimizdən azad edilmiş əraziləri geri almağa cəhd göstərirdi: "Başqa sözlə, onları yenidən işğal etmək istədilər. Ona görə də onlar sizin doğru olaraq qeyd etdiyiniz kimi, humanitar məqsədlərlə elan olunmuş bu atəşkəsdən resursları səfərbər etmək və yeni hücuma keçmək üçün istifadə etmək istədilər. Onlar bunu edə bilməyəndə, Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlə hücum etdilər. Onlar bunu iki dəfə etdilər. Lakin birinci dəfə oktyabrın 10-da, atəşkəs elan olunandan dərhal sonra etdilər və bunun nəticəsində 10 mülki şəxs həlak oldu, onlarla adam yaralandı. Beləliklə, onlar birinci atəşkəsi kobud şəkildə pozdular". İkinci atəşkəs də elan olunan vaxtdan təxminən 5 dəqiqə sonra ermənilər tərəfindən bu pozuldu. Növbəti atəşkəsdə isə Bərdəyə hücum etməklə pozdular. 21 nəfər mülki şəxs qətlə yetirildi, 70 nəfər isə yaralandı. "Beləliklə, hər 3 dəfə bu, Ermənistanın bizə qarşı məqsədli şəkildə təcavüzkar hücumu idi və biz cavab verməli və özümüzü müdafiə etməli olduq", - deyə Prezident bildirmişdi.
Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə düşmənin bu illər ərzində yaratdığı "yenilməzlik" mifini darmadağın etdi. Azərbaycan beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirərək,dünyanı təəccübləndirən müharibədə 30 illik işğala son qoymuş oldu.
"8 NOYABRDA ERMƏNİ ORDUSU ARTIQ TƏSLİM OLMUŞDU"
2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi yadda qaldı. Cənab Prezidentin bildirdiyi kimi, "Noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul edib, etiraf edib, bu məğlubiyyətlə barışıb və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Biz isə Zəfər gününü məhz 8 Noyabr tarixində qeyd edirik. Çünki 8 noyabrda erməni ordusu artıq təslim olmuşdu". Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan edərək: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! ... Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deməsi hər bir azərbaycanlının qəlbində böyük bir sevinc yaşatdı. Əvəzsiz və əbədi sevinc hissini. "Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir", - deyə Prezident bildirib.
"ÜÇTƏRƏFLİ BƏYANAT MƏSƏLƏNİN HƏLLİ İSTİQAMƏTİNDƏ SON NÖQTƏ OLACAQDIR"
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti Azərbaycan tarixində yeni səhifəyə çevrildi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır". Cənab Prezidentin bu ifadələri xalqın tarixinə həkk olundu. Bu Qələbəni, Zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu.
Bildiyimiz kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi ATƏT çərçivəsində başlamışdır. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqləmiş oldu. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırdı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atdı. Bu münaqişənin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüquq və normalar və bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirildi. İllərlə davam edən danışıqlara baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədi. Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. "Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb", - deyə Azərbaycan Prezidenti bildirib.
BÜTÖV VƏ SUVEREN AZƏRBAYCAN İNKİŞAF YOLUNDA
Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğuru kimi tarixdə yer aldı. Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə edildi. Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini tam bərpa etdi. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir.
30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunandan sonra Qarabağımız, Şərqi Zəngəzurumuz müasir dünyanın ahəngində qurulur, yeni həyat, nəfəs verilir. Əsrlərin yaddaşında özünə yuva qurmuş əzəli torpaqlarımız tarixi, daşı, qayası, mədəniyyət abidələri, dini ocaqları hər zaman möhtəşəmliyi ilə diqqətdə olmuş və qürurla səhifələdiyimiz daş abidələrdə öz əksini tapmışdır. Bu gün Zəfər qazanan BÜTÖV və SUVEREN AZƏRBAYCAN tarixin dönəmində inkişaf yolu keçmiş qeyd etdiyimiz məkanlarda böyük quruculuq-abadlıq işlərinə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə səfərləri və burada görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur. Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Böyük Qayıdışın yüksək səviyyədə reallaşmasına xidmət edən addımların miqyasının genişliyi diqqətdən kənarda qalmır. Qarabağın tacı Şuşada, Ağdamda, Laçında və digər ərazilərdə aparılan bərpa-quruculuq işlərinin vüsəti artır. Verilən göstərişlər vaxtında və yüksək səviyyədə yerinə yetirilir.
Zümrüd BAYRAMOVA