“Zəfər Günü şərəf tariximizdir. Azərbaycan torpaqları erməni daşnaq qrupları tərəfindən işğal edilərkən ermənilər qədər onlara havadarlıq edən, onları haqlı sayan çox sayda dövlət və nüfuzlu təşkilat var idi. Təəssüflər olsun ki, yetmiş illik Sovet dönəmində erməni ideoloqları Azərbaycanın tarixi torpaqlarına bağlı hər cür yalan məlumatlar yazır, təbliğ edirdilər. Azərbaycan tərəfi isə yalnız xalqlar dostluğunu, Sovet beynəlmiləlçiliyini təbliğ etməklə öz işlərini bitirmiş hesab edirdilər. Bunun isə ağır nəticələri oldu. Nəhəng Sovet dövləti süqut edəndə və müttəfiq respublikalar öz müstəqilliklərini elan etdikdə Azərbaycan dövləti müstəqilliyin şirinliyini dada bilmədi. Çünki erməni tərəfinin Azərbaycana ərazi iddiaları, torpaqlarımızın böyük bir hissəsinin işğalı, yüz minlərlə qaçqın və məcburi köçkünün olması Azərbaycan üçün ağır imtahan idi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib.Deputat bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın haqq işi uğrunda mübarizəsi başladı: “Mübarizənin ana xəttini isə işğal altında olan torpaqların azad edilməsi dayanırdı. Bunun üçün ilk növbədə Azərbaycanın bütün bölgələrində bayrağımızın dalğalanması üçün güclü orduya ehtiyac var idi. Buna görə də təsadüfi deyil ki, Ali Baş Komandan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin dörd şərtini göstərir. Həmin dörd şərtdən biri də dövlət başçısının sözləri ilə desək, 17 illik hakimiyyəti dövründə öz əsgərindən bir gün belə ayrı qalmamasıdır. Bizim müstəqillik əldə etdikdən sonra güclü orduya ehtiyacımız var idi. Vətən müharibəsinə qədər Ali Baş Komandan güclü ordunu yaratdı və inkişafı üçün mümkün olanları etdi. Həmçinin Azərbaycan güclü iqtisadiyyata sahib oldu.Azərbaycanın neftinin dünyaya çıxarılması, milyardlarla gəlirin əldə edilməsi nail olundu. Bunun nəticəsində isə dünyanın bir neçə dövlətindən müxtəlif silahlar alınması və orduya təslim edilməsi qələbəmizə gedən yolun başlanğıcı idi. Azərbaycan əsgəri iqtisadiyyatımızın güclənməsi hesabına həmin silahların sahibi oldu. Azərbaycan qalib dövlətə çevrilmək, uzun illərin məşəqqətlərindən azad olmaq üçün hərbi xərclərini artırdı və ordunu inkişaf etdirdi. Bu isə ordunun rifahının yüksəlməsinə zəmin yaratdı.Zəfər Günü təsadüfi qələbənin nəticəsi deyil. Ölkə başçısı İlham Əliyev başda olmaqla Azərbaycan dövləti öz gücünü ortaya qoydu və 44 gün ərzində bütün dünyaya bəyan etdi ki, Azərbaycan torpaqlarını öz gücü hesabına azad etdi”.
Müəllif: Səbinə Hüseynli