Siyasət

  • 885

“8 Noyabr - Tarixi Qələbə, Zəfər Günü”

image

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Zəfər Günü ilə əlaqədar “8 Noyabr - Tarixi Qələbə, Zəfər Günü” mövzusunda tədbir keçirib.

Şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirak etdikləri tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qarşıdan gələn 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Bayraq Günü və 21 Noyabr - Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Natiq bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 8 noyabr tarixinin hər il Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi qərara alınıb: “Bu şanlı Zəfəri Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, o cümlədən torpaqlarımızı canları bahasına azad edən şəhidlər və sağlamlığını itirən qazilər xalqımıza bəxş etdi. 2020-ci ilin sentyabrın 27-də başlanan və cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 30 ilə yaxın erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu”.
S.Əliyev qeyd edib ki, noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi: “Bu Zəfər dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Dünya azərbaycanlıları milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Böyük Qələbəni yüksək səviyyədə qeyd edir”.
Çıxış edən Masallı şəhər 1 saylı tam orta məktəbin ərazi partiya təşkilatının sədri, şəhid anası Mehriban Sultanova bildirib ki, biz qalib ölkənin vətəndaşlarıyıq: “Azərbaycan xalqı xoşbəxtdir ki, bu tarixi Qələbənin sevincini böyük qürur hissi ilə yaşayır. Bizə bu xoşbəxtliyi yaşadan Ali Baş Komandana və müzəffər ordumuza təşəkkür edirik. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”.
Daha sonra şəhid atası Teymur Hüseynov, Vətən müharibəsi iştirakçılarından Nazim Cəfərov, Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Nurlan Muradov, “Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Nahid Rəhimov və başqaları şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Onlar dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan şəxslərə göstərdikləri diqqət və qayğını yüksək dəyərləndiriblər.

Digər xəbərlər