Siyasət

  • 3 854

Bir əsrə yaxın tarixi yol

image

6 noyabr - Azərbaycan radio və televiziya işçilərinin peşə bayramı günüdür

1926-cı ilin 6 noyabr tarixində Azərbaycan radiosunun yaradılması ölkənin ictimai-mədəni həyatında əhəmiyyətli hadisəyə çevrildi. Bu yenilik minlərlə dinləyiciyə xoş ovqat bəxş etdi. Hər kəsin evinə yeni bir ab-hava daxil oldu. Bir əsrə yaxındır ki, insanlara yol yoldaşı olan Azərbaycan radiosu tarixi bir yol keçib. XX əsrin ən möhtəşəm kəşflərindən olan və hər gün insanlarla ünsiyyət yaradan, cəmiyyət həyatında əvəzsiz yer tutan radio yarandığı zamandan informasiya liderliyini qoruyub-saxlaya bilib. Neçə-neçə onilliklər arxada qalıb. Xalqın bir əsrə yaxın tarixi ilə birgə yol gələn Azərbaycan radiosu keşməkşli günlərin də, xoş soraqların da tarixini əbədiləşdirib. Sirli-soraqlı dünyamızdan bizlərə məlumatları çatdıran radiomuz bu illərdə, qərinələrdə olan tariximizin keşməkeşli, uğurlu zamandan dinləyicilərinə danışıb. Bəzən sevindirib, bəzən kövrəldib, bəzən də tariximizin dönəmində bizləri düşündürüb. Nələri bizə danışmayıb. Diqqətimizi ondan çəkməmişik. Axı əsrlərin tarixindən süzülüb gələn ulu babalarımızın yaşadığı zaman, bu günün həqiqətləri radiodan eşitdiyimiz məlumatlarda bizləri böyük bir xalqın keçdiyi yol ilə baş-başa qoyub. Xalqın maarifləndirilməsi, əxlaqi-estetik tərbiyəsi, məlumatlandırılması kimi təməl prinsiplərini fəaliyyət məqsədinə çevirən radio istənilən məkanda dinləyicilərin dostu olaraq, hər nəslin müasirinə çevrilir. Bu gün radionun bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir. Müxtəlif məzmunlu proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə, ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır. Bu gün də Azərbaycan radiosuna maraq azalmayıb və hər gün dinlədiyimiz xəbərlər bizə ölkəmizin ictimai-siyasi mədəni həyatı ilə bağlı əhəmiyyətli hadisələri çatdırır.

ƏN KƏSƏRLİ SİLAH

Qısa da olsa Azərbaycan radiosunun yaranma günündə şərəfli, zəngin tarixi yoluna nəzər salaq. Xalqı ilə hər zaman təmasda olan, ötən və yaşanılan hadisələri dinləyicisinə çatdıran Azərbaycan radiosu "Sabahınız xeyir olsun, əziz dinləyicilər", "Axşamınız xeyir olsun, hörmətli dinləyicilər", deyərək günün istənilən zamanında dinləyicilərinə yeni xəbərləri, xoş ovqatları çatdırmağa çalışıb. Tarixi dövrü vərəqlədikcə "Satira atəşiylə", "Ədəbiyyatın vəzifələri", "Radio saatı" kimi verilişlərin səsləndirilməsi ilə ilk, kövrək addımlarını atan radio qısa bir zamanda zəngin verilişlərin yaradıcısına çevrilir. Təbii ki, radioda yeni verilişlərin hazırlanması və yeniliklər yeni, istedadlı kadrların cəlb olunmasını tələb edirdi. Radionun ilk azərbaycanlı diktorları Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov və Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olurlar. Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişirlər. Radioya peşəkar mütəxəssilərin yol açması Azərbaycan radiosunun gündəlik verilişlərinin həcminin artmasına gətirib çıxarır. İlk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak edirdilər. Bədii və musiqili verilişlərin müəllifləri Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov kimi Azərbaycan mədəniyyətində yeri və çəkisi olan sənətkarlar olur. Qısa məsafədə radionun dinləyici auditoriyası da genişlənir və Bakıda 35 kilovat gücündə yeni radio stansiyasının işə salınması ilə Azərbaycan radiosunun verilişləri Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidilir. 1940-cı ilin sonunda ölkə ərazisində radio nöqtələrinin sayı 51 minə çatır. 32 rayonda yerli radio verilişləri redaksiyaları fəaliyyətə başlayır.

Azərbaycan radiosu ilə dinc və təmiz səma altında yaşayan insanlara Böyük Vətən müharibəsinin elan olunmasını - gərgin, fövqəladə, acınacaqlı bir xəbəri ictimaiyyətə çatdırmaq nə qədər çətin olsa da, bu gerçəkliyi hamıya bəyan etdi. 1941-ci il iyunun 22-nə keçən gecə müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə diktor Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir otaqdan xəbər verir. Həmin zamandan 5 il müddətində Azərbaycan radiosunun işçiləri faşizmlə mübarizədə mikrofonu ən kəsərli silaha çevirirlər. Müharibə dövrünün tələblərinə uyğun olaraq radio buraxılışları çox qısa müddətdə hazırlanır, verilişlər gecə-gündüz ara vermədən yazılır və montaj edilirdi. Ağır müharibə dövrünün ən çox dinlənilən verilişi "Azərbaycan - cəbhə üçün"ü hər kəs böyük həyəcanla gözləyirdi. Əsas ağırlıq isə, təbii ki, "Son xəbərlər" redaksiyasının üzərinə düşürdü. Hər gün dinləyiciyə mühüm məlumatlar, dövlət qərarları 30 dəqiqə ərzində tərcümə edilərək, Azərbaycan dilində çatdırılırdı. Elə qələbə sorağını da Azərbaycan dinləyicisi radio vasitəsilə eşidir. Həmin dövrdə SSRİ rəhbərliyi radionun ictimai-siyasi, mədəni həyatda və faşizmə qarşı mübarizədə oynadığı böyük rolu nəzərə alaraq, 1945-ci il mayın 2-də xüsusi qərarla mayın 7-sini Radio Günü elan edir. Bu tarixi gün uzun illər boyu Azərbaycanda da bayram edilir. Amma tarixi ədalət qələbə çalır. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan radiosunun yaranma günü - noyabrın 6-sı "Azərbaycan Televiziya və Radio işçilərinin peşə bayramı" elan olundu.

Azərbaycan radiosunun böyük bir dövrü Ulu Öndər Heydər Əliyevin ideyalarından bəhrələnib, cəmiyyətin ən müxtəlif təbəqələrinin arzu və maraqlarını əks etdirib. Bir çox nəzəriyyəçilərin və təcrübəli jurnalistlərin gəldiyi qənaətə görə, Ulu Öndər Heydər Əliyev teleradio ilə təbliğatın, əsasən, tarixi-siyasi, milli əxlaqi, elm-maarifçilik istiqamətlərinə öz çıxış və məruzələrində ideyalar verirdi.

RADİODA HƏRBİ SENZORUN FƏALİYYƏTİ

Ötən əsri 70-ci illəri Azərbaycan radiosu üçün, xüsusilə əlamətdar olmuşdur. "Sabahınız xeyir", "Axşam görüşləri", "Bulaq", "Natəvan" qızlar klubu, "Lirika dəftərindən", "Muğam saatı", "Arzu" musiqi poçtu, "Yazıçı və zaman", "Mahnı şəhəri gəzir", "Teatr mikrofon qarşısında" kimi verilişlər radionun nufuzunu daha da yüksəldir. Bu verilişlərdə xalqın ruhu, onun folklor irsi, tarixi mədəniyyəti kimi dəyərlər öz əksini tapır. Milli maraq və düşüncədən qaynaqlanan bu verilişlərin hazırlanması Ulu Öndər Heydər Əliyevin radioya ayırdığı diqqətdən irəli gəlirdi. Heydər Əliyev radionun böyük təbliğat mexanizmi olaraq aşıladığı dəyərlərin mahiyyətini müdrikcəsinə anlayırdı. Hər bir ailənin sevilən verilişi olan "Bulaq" belə milli verilişlərin ilk qaranquşu oldu. Ulu Öndərin xeyir-duası ilə fəaliyyətə başlayan bu radiotoplu ilk dəfə Azərbaycan efirinə şifahi nitqin ən koloritli, milli, etnoqrafik, xalq düşüncə tərzi ilə cilalanmış nəfəsini gətirdi. Radio dalğaları ilə Şərqə yayımlanan "Bulaq" xaricdəki soydaşlarımızın arzu və istəklərini vahid dil, düşüncə, ortaq Vətən duyğularını ifadə edən məktubları efirdə səsləndirdi. Ulu Öndərin göstəriş və məsləhəti əsasında daha sonra "Ozan" teletoplusu yaradıldı və tezliklə ümumxalq məhəbbəti qazandı. Radionun yaxın keçmişinə yazılan tarixi də Onun prinsipial mövqedən çıxış etdiyini bir daha göstərir. 1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio Azərbaycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-cı ilin yanvarında özünü daha da qabarıq şəkildə göstərdi. Sovet imperiyası təkcə xalqı deyil, həm də Azərbaycan radiosunu susdurmağa cəhd edir. Mənbələrdə yazılır: "...Televiziyanın enerji blokunu partladıb sıradan çıxarmaqla yanaşı, radionun əməkdaşları da efirdən uzaqlaşdırılır. Radioda hərbi senzor fəaliyyət göstərirdi. Matəm içində olan ölkəmizə komendantın həqiqətdən tamamilə uzaq, iftira dolu məlumatlar ötürülürdü. Lakin həmin faciəli günlərdə Azrəbaycan radiosunun xaricə yayım redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdıra bildi".

Qarabağ uğrunda erməni işğalçılarına qarşı savaşın başlanılması ilə radio hər gün Müdafiə Nazirliyinin məlumatlarını yayırdı. Dinləyicilərdə vətənpərvər hissləri gücləndirən "Açıq-aşkar", "Xudafərin", "Sözün düzü", "Baxış bucağı", "Dünya", "Pillə", "Çevrə", "Radio-atmaca", "Molla Nəsrəddin", "Yol", "Yuva", "Vaxt", "Dan yeri" kimi verilişlər hazırlanır, hərbi marşlar səsləndirilirdi. Azərbaycanın işğal olunmuş torpaqları, torpağın bölünməzliyi uğrunda canını sipər edən vətən oğullarının mübarizliyi və s. kimi fikirləri daim bizlərə çatdırıb Azərbaycan radiosu.

44 günlük Vətən müharibəsindən xəbərləri Azərbaycan televiziyası radiosundan aldıq. Azərbaycan radiosu xoş müjdələrlə bizləri sevindirdi. Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından bizə məlumat verdi radiomuz. Qələbə sorağını verdi. Füzulinin, Cəbrayılın, Zəngilanın, Şuşanın və başqa ərazilərimizin işğaldan azad olunma xəbərini çatdırdı. Qəhrəman oğullarımızın şücaətindən danışdı. Zəfərimizi dinlədikcə sevinc göz yaşımızı saxlaya bilmədik. Bizim yol yoldaşımız olan bu gün öz sözünü deyə bilən, öz fərqli dəsti-xətti ilə seçilən, ən güclü təbliğat sisteminə çevrilən radiomuz 98 ildir Azərbaycan dinləyicisi ilə yol gəlir. Bu yol hələ neçə-neçə onillikləri əhatə edəcək, xalqın milli tarixi, gələcəyi, Azərbaycanın dinamik inkişafı, uğurları, beynəlxalq mövqeyi ilə bağlı bizə çox xəbərləri çatdıracaq. Zaman yetişəcək keçmiş köçkünlərin Qarabağımızda necə yaşamasının sədasını bizlərə çatdıracaq.

30 İL SONRA AZƏRBAYCAN TELEVİZİYASI

Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başladı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib. 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi.

1956-cı ildə Bakı televiziya studiyası və Radioinformasiya idarəsi ayrılıqda fəaliyyət göstərirdi. 1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu aldı. 1991-ci ildə komitə şirkətə çevrildi. 2005-ci ildən isə Azərbaycan Prezidentinin sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrildi.

1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlanması Azərbaycan televiziyası üçün əsl sınağa çevrildi. Kommunist Partiyasının nəzarəti altında fəaliyyət göstərdiyindən və SSRİ daxilində başlayan münaqişəyəhazır olmadığından Azərbaycan televiziyası informasiya siyasətini qura bilmirdi. Separatçıların Xankəndidəkeçirdiyi fasiləsiz mitinqlər barədə qısa xəbəri Azərbaycan televiziyası yalnız 10 gündən sonra – hökumətin icazəsi ilə "Qarabağda yaranmış vəziyyət" adı altında efirə verdi. Bakıda başlayan kütləvi nümayişlər zamanı da meydandan birbaşa yayıma TV iki gün gec başladı. Bu isə AzTV rəhbərliyinin Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun iradəsinin əleyhinə çıxması nəticəsində mümkün oldu. Azərbaycan televiziyasının əməkdaşları da xalqla birlikdə Qorbaçovun addımlarına qarşı çıxaraq Azərbaycan Konstitusiyasına, beynəlxalq hüquq normalarına əməl edilməsini, erməni separatçılarının qanunsuz hərəkətlərinin qarşısının alınmasını tələb edirdi. Azərbaycan televiziyası ilə çıxış edən siyasi icmalçılar Kremlin Azərbaycana qarşı apardığı siyasətin mahiyyətini, respublikamızda yaranmış idarəolunmaz ictimai-siyasi vəziyyəti, xalqın haqlı tələblər irəli sürdüyünü cəsarətlə dilə gətirirdilər. Moskvadan gələn emissarların Azərbaycan televiziyası vasitəsilə Kremlin Bakıya qoşun yeritməyəcəyi və fövqəladə vəziyyət elan etməyəcəyi barədə vədlərinə baxmayaraq, 1990-cı il yanvarın 19-da saat 19:26-da Azərbaycan televiziyasının enerji bloku partladıldı. Azərbaycan televiziyasının yayımını yalnız yanvarın 28-də bərpa etmək mümkün oldu.

ƏN GÜCLÜ TƏBLİĞAT SİSTEMİ

2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. Bu məqsədlə Teleradio İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal TV – Up-link stansiyasını quraşdırdılar. İndi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya "Hot Bird", Şimali Amerikaya "Galaxy 25", Asiyaya isə "Azerspace-1" peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası "Avropa keyfiyyəti" medalına layiq görülmüşdür.

Sonrakı illərdə Space TV, İTV kimi kanallar fəaliyyətə başladı. Müasir dövrümüzdə Azərbaycan televiziyası və radiosu yeni dövrünü yaşayır.

2020-ci il dekabrın 31-dən etibarən, radio-televiziya yayımının təşkili Şuşa, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib. Şuşa Radio-Televiziya Yayım Stansiyasında rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib. Artıq Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə istismara verilib. Bununla da Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radionun yayımı təmin olunub. Qubadlı Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Qubadlı şəhəri və Qubadlı rayonunun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub. Bu və ya digər ərazilərdə də radio-televiziya yayımı bərpa edilib.

Bu gün Azərbaycan televiziyası və radiosu yeni dövrünü yaşayır. Öz sözünü deyə bilən, öz fərqli dəsti -xətti ilə seçilən, ən güclü təbliğat sisteminə çevrilən radiomuz, televiziyamız illərdir ki, Azərbaycan tamaşaçıları ilə yol gəlir. Bu yol hələ neçə-neçə onillikləri əhatə edəcək, xalqın milli tarixi, gələcəyi, Azərbaycanın dinamik inkişafı, uğurları və beynəlxalq mövqeyi ilə bağlı bizə çox xəbərləri çatdıracaq.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər