PDF Oxu

Siyasət

  • 991

Haqq savaşımızın tarixi Zəfəri

image

Otuz ilə yaxın bir zamanda erməni işğalında olan torpaqlarını azad edən Azərbaycan bu gün yeni bir dövrünə qədəm qoyub. Bütün dünyaya, məsafəsindən, qitəsindən asılı olmayaraq, hər bir kəsə öz böyüklüyünü, gücünü göstərdi. Əlbəttə ki, ordumuzun gücü, xalqımızın qəhrəmanlığı, xalq-iqtidar birliyi və ən əsası da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün dünyanı təəccübləndirən 44 günlük Vətən müharibəsində Zəfər tariximizi yazdıq. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, mədəniyyət beşiyi olan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsi ilə yanaşı, bir çox kəndlərini, həmçinin Tərtər rayonunun Suqovuşan qəsəbəsini, Xocalı və Laçın rayonunun bir neçə kəndləri də daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycan Ağdam, Laçın və Kəlbəcər rayonlarını isə bir güllə belə atmadan öz sahiblərinə geri qaytardı. Bu böyük Zəfər Azərbaycan Respublikasının dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı.

Vətən müharibəsindən sonra ən qanlı toqquşma isə 2022-ci ilin 12-14 sentyabr tarixlərində baş vermişdir. Bu döyüşlərin səbəbi isə Ermənistan silahlı qüvvələri bölmələrinin 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi idi.

Daha sonra, 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni şəkildə Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur.

"AZƏRBAYCAN ƏSGƏRİ, ZABİTİ HƏM YÜKSƏK PEŞƏKARLIQ, HƏM DƏ YÜKSƏK MƏNƏVİ KEYFİYYƏTLƏR GÖSTƏRMİŞDİR"

Daha sonra Silahlı Qüvvələrimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha bir missiyanı uğurla yerinə yetirdi. Azərbaycan Ordusu Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Dövlətimizin başçısının ötən ilin sentyabrın 20-də növbəti tarixi qələbəmizlə bağlı xalqa müraciəti hər birimizi qürurlandırdı. Təqribən, bir gün davam edən antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində qeyd etdiyi kimi, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir.

Qeyri-qanuni erməni ordusu Qarabağ ərazisindən tərkisilah edildi və Azərbaycan öz dövlət suverenliyini tam və qəti şəkildə bərpa etdi. "Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır", - deyə Prezident bildirmişdir.

"Azərbaycan ərazisində Ermənistan ordusuna məxsus qanunsuz olaraq yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzündən çox top artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini canlı qüvvəsini və texnikanı bizim ərazimizdən çıxarmamışdır", - deyən dövlətimizin başçısı dəfələrlə bu məsələyə qayıdaraq Azərbaycan dövlətinin haqlı narazılığını ifadə etdiyini diqqətə çəkmişdi. Bu əməliyyatlar nəticəsində Xankəndi, Xocalı, Ağdərə və digər strateji şəhərlər üzərində tam nəzarət təmin edildi, üçrəngli dövlət bayrağımız azad edilmiş bütün ərazilərimizdə dalğalandırıldı.

Artıq ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərqərar olunmasından bir il ötür. Bölgəmizdə yeni vəziyyətin yaranmasının labüd olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib: "Çünki kriminal xunta rejimi təslim olandan sonra artıq bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər".

REALLIQLAR GÖZ YADDAŞLARINDA

30 il erməni işğalında qalan ərazilərimizdə erməni vandalların törətdikləri vəhşiliklərin nəticəsində yurd yerləri dağdılmış, viran qoyulmuşdur. Əqli mülkiyyətimizə, maddi mədəniyyət abidələrimizə böyük ziyan dəymişdir. Bunu dünyanın istənilən bir ölkəsindən gələn və Qarabağa səfər edən dinindən, irqindən asılı olmayaraq, insanlar görmüş olur. Bu gün də işğaldan azad olunan ərazilərimizə edilən səfərlər zamanı hər qarışda rast olunan vandallığa insanlar qəzəb və nifrəti ifadə edirlər. Qarabağ, eyni zamanda onun ətrafında yerləşən Azərbaycan ərazilərində Birinci və İkinci Qarabağ müharibələri zamanı qismən və ya tamamilə dağıdılmış, talan edilmiş və ya hər hansı bir şəkildə zərər çəkmiş tarix-memarlıq abidələrimiz əlbəttə ki, tədricən bəpra və təmir olunur və olunacaqdır.

Birinci Qarabağ müharibəsində ermənilər azərbaycanlıların geri dönməməsi üçün evləri yandırmışdılar. Ermənilər təkcə Şuşadan olan üç azərbaycanlı musiqiçi və şairin tarixi büstlərini də söküb satmışdır. Hələ 2005-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının araşdırma missiyası Füzuli şəhərinə səyahət etdikləri zaman şəhərin xarabalıq olduğunu bildirmişdilər.

Vətən müharibəsindən sonra dünya ölkələrindən ölkəmizə gələnlər öz gözləri ilə baş verən hadisələrin, vandallığın acı nəticələrini görmüş olurlar. Dünya səyyahlarının işğaldan azad edilən ərazilərə səfər edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qəhrəmanlığı nəticəsində azad olunan məkanlar ətrafında məlumat alır, bütün reallıqları göz yaddaşlarına çevirirlər. Səyyahların göz yaddaşına hopan tarixi faktlar sivil dünyanın gözü qarşısında baş verib. Məlumdur ki, İslam Konfransı Təşkilatının qətnaməsində üzv dövlətlərin "işğal olunmuş Azərbaycan ərazilərində arxeoloji, mədəni və dini abidələrin (İslam abidələri də daxil olmaqla) talan və məhv edilməsindən" narahat olduqları bildirilmişdir. Azərbaycan ərazisində etnik təmizləmə məqsədi ilə Azərbaycan məscidlərinin və digər İslam ziyarətgahlarının tamamilə və vəhşicəsinə məhv edilməsinin insanlığa qarşı cinayət olduğu bir daha təsdiqlənmişdir. Qətnamədə Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində Ermənistanın İslam irsinə təcavüzü nəticəsində, o cümlədən nadir qədim əsərlərin və İslam sivilizasiyasının, tarix və memarlıq abidələrinin, məscidlər, türbələr, məzarlar, arxeoloji qazıntılar, muzeylər, kitabxanalar, rəsm sərgi salonları və hökumət teatrları və konservatoriyalar, çoxlu miqdarda qiymətli xəzinələrin və milyonlarla kitabın və tarixi əlyazmanın məhv edilməsi və qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması işğal olunmuş Azərbaycan ərazilərində İslam irsini tamamilə məhv etmək cəhdi kimi tanınmış və Azərbaycanın özünə vurulan ziyana görə adekvat təzminat almaq hüququ təsdiqlənmişdir. İşğal dövründə məscidlər, kitabxanalar, tarixi abidələr də daxil olmaqla Azərbaycan irsinə daxil olan abidələrin ermənlər tərəfi tərəfindən dağıdılmışdır. Şuşa qəbiristanlıqları və mövcud olmuş 67 məsciddən 65-i məhv edilmişdir.

Qədim tarixə malik onlarla memarlıq və incəsənət abidələri dağıdılıb, təhqir edilib və yaxud tarixi saxtalaşdırılıb. İlk yaşayış məskəni kimi eramızdan əvvəl I minillikdə yaranan Ağdam şəhərində bəzi tarixi abidələrin tarixi eradan əvvələ gedib çıxır.

Üçoğlan kəndindəki abidələrin çoxu eneolit dövrünə aiddir. Bundan başqa, Ağdamda 14-cü əsrə aid bir sıra türbələr mövcuddur. 10-dan çox kənddə isə alban tarixini əks etdirən abidələr var. Tarixi mənbələrə istinadən deyə bilərik ki, 1868-70-ci illərdə iki minarəli və iki mərtəbəli Ağdam Cümə məscidi, XVIII əsrə aid Pənah xanın imarəti, Şahbulaq kəndində XVIII əsrə aid iqamətgah, Karvansara və bürc qalaları tarixin Ağdama bəxş etdiyi memarlıq abidələridir. Hesablamalara görə, Ağdamın tarix və mədəniyyətinə 4 milyard dollardan çox ziyan dəyib. Bu məbləğin artacağı istisna edilmir.

AZƏRBAYCAN ÖZ MİLLİ İRSİNƏ SAHİBDİR

Ağdam rayonu ərazisindəki Qutlu Musa türbəsi baxımsızlıqdan qəzalı vəziyyətə düşmüş, türbənin fasadlarını bəzəyən unikal divar rəsmləri boyanaraq məhv edilmiş, interyerindəki oyma naxışlı daş plitələri isə dağıdılmışdır. Şuşa şəhərinin tarixi mərkəzində yerləşən abidələr şəhərin 90-cı illərdə ermənilər tərəfindən bombardiman edilməsi zamanı ciddi zədə almışdır. 1992-ci ildə şəhərin ermənilər tərəfindən işğal edilməsindən sonra burda olan İslam memarlıq nümunələrinin hamısı tamamilə və ya qismən dağıdılmışdır.

XIII əsrə aid Gəncəsər monastırı 1990-cı illərdə erməni silahlı birlşmələri tərəfindən məşvərət yeri və silah anbarı kimi istifadə edilmiş və monastırın fasadına qismən zərər dəymişdir. 2011-ci ildən etibarən monastırın fasadlarının memarlığına müdaxilə edilmiş, kompleksi əhatə edən qala divarları müasir daşlarla üzlənmişdir. 1992-ci ildə Laçın rayonunun işğal edilməsi ilə ermənilərin nəzarəti altına keçən Sisərnəvəng monastırı 1999–2000-ci illərdə əsaslı təmir edilmiş, bu zaman abidənin dam örtüyü, fasadları və interyerinə ciddi dəyişikliklər edilmişdir. 2020-ci il atəşkəs bəyanatına əsasən, Laçın rayonu ərazisini tərk edən ermənilərin monasıtın həyətində yerləşən VI–IX əsrlər və sonrakı dövrlərə aid bədii təsvirli daşlar və xaç daşları aparmalarını əks etdirən fotolar sosial mediada yayımlanmışdır.

Dünya əhəmiyyətli tarix-memarlıq abidələri arasında ən çox ziyan çəkəni e.ə. II minilliyin sonlarına aid olan və Orta Tunc dövrü insanlarının yaşayış izlərini daşıyan Üzərliktəpə arxeoloji abidəsidir. 1993-cü ildən ermənilərin işğalı altında olan abidə ərazisi işğal dövründə mütəmmadi olaraq hər il ermənilər tərəfindən yandırılmışdır. Mil düzünün arxeoloji cəhətdən tədqiq olunmuş yeganə qədim yaşayış yeri Üzərliktəpədir. Bu abidə Ağdam şəhərindən şərqdə, coğrafi cəhətdən əlverişli mövqedə yerləşir. 1954-cü ildə Üzərliktəpədə arxeoloji qazıntı işləri aparılıb. Qazıntılar nəticəsində məlum olub ki, hazırda yüksəkliyi 6-7 m. olan Üzərliktəpə təxminən eradan əvvəl II minilliyin sonunda cəmi 3,5 m hündürlüyündə olmuşdur. Həmin dövrdə Üzərliktəpənin üstündə yerli sakinlər yaşayış məskəni salmışdılar.

Mənbələrdən məlumdur ki, 1965-ci il qazıntıları zamanı Üzərliktəpədən "hərəkət edən ocaq", yəni gildən düzəldilmiş və bir yerdən başqa yerə aparılması mümkün olan manqalvarı kürəcik də tapılmışdır. Buradan aşkar edilmiş maddi mədəniyyət qalıqları içərisində gil qablar xüsusilə çoxluq təşkil edir. Üzərliktəpədən aşkara çıxarılmış daha bir tapıntı elmi baxımdan son dərəcə maraqlı olub, sakinlərin dini ideologiyasını öyrənmək üçün böyük əhəmiyyət kəsb edir. Bu tapıntı qadın bütüdür. Üst təbəqədə daşdan düzəldilmiş ocağın içərisidən tapılmış büt, yerli əhali arasında bütpərəstliyin yayıldığını sübut edir. Ümumiyyətlə, Azərbaycan ərazisində hələ Eneolit dövründə müşahidə edilən bu dini təsəvvür sonralar inkişaf edərək antik dövrdə bir növ hökmran rol oynamışdır. Bu dövrdə qadın bütləri çoxluq təşkil edir ki, bu da ananın nəslartırma rəmzi və ya ona həyatın başlanğıcı kimi baxılması ideyasından irəli gəlmişdir. Arxeoloqlar müəyyən etmişlər ki, Üzərliktəpədə yaşayış eradan əvvəl I minilliyin sonunda kəsilmişdir.

Tariximizin daş yaddaşı olan bu və ya digər abidələrimiz erməni təcavüzkarlığı nəticəsində dağıdılıb, təhqir edilsə də, Azərbaycan öz milli irsinə sahibi olduğunu Zəfəri ilə dünyaya bəyan etdi. Artıq tarixi abidələrimiz öz görkəmlərini alırlar.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər