Qürur hissi ilə deyə bilərik ki, 30 ilə yaxın bir müddət ərzində erməni işğalında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun sücaəti və qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olundu.
Azərbaycan xalqı öz Liderinin - cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu müharibədə xalqımız milli həmrəyliyini, öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. 10 dekabr 2020-ci il tarixdə keçirilən Azərbaycan Ordusunun Zəfər paradında Prezident, Ali Baş Komandan İlham Əliyev bununla bağlı deyib: “Bu Zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi”.
Bəli, Azərbaycan BMT-nin və digər beynəlxalq qurumların qərar və qətnamələrini döyüş meydanında təkbaşına özü yerinə yetirdi və tarixi ədaləti bərpa etməklə öz ərazi bötövlüyünü təmin etmiş oldu. Hazırda işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu, nəqliyyat qovşağlarının bərpası və digər sosial yönümlü layihələrin icrası uğurla və çox sürətlə davam etdirilir. Bütün sadalanan bu amillər Azərbaycanın nə qədər güclü və qüdrətli bir dövlət olduğunu bir daha sübuta yetirmiş olur. Prezident İlham Əliyev bu Qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz güc yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan 30 ilə yaxın müddətdə təhdid mənbəyi olan münaqişəyə son qoydu, ərazi bütövlüyünü təmin etdi.
Postmüharibə dövründə regionda yeni geosiyasi vəziyyət yaranıb, bu proseslər Azərbaycanın xeyrinə davam edir. Bu gün Azərbaycan sözün əsl mənasında həm beynəlxalq aləmdə, həm də regionda böyün nüfuza sahib olan bir dövlətdir. Tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni uğurlara, yeni Qələbələrə imza atacaqdır. Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan nəinki regionda, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir dövlətə çevrilmişdir.
Beləliklə, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. 2023-cü il sentaybrın 19-20-də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 24 saata yaxın müddət ərzində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinə ciddi zərbələr endirildi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bu, Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə əldə etdiyi növbəti tarixi Zəfər salnaməsidir.
Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri