44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da gücləndi. Ermənilər uzun zaman idi ki, “Dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm ideya ilə yaşayırdılar. Rəsmi İrəvanın işğalçı siyasəti və saxtakarlığı müharibəni qaçılmaz etdi. Azərbaycan Ordusu bu müharibədə ermənilərə öz gücünü göstərdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 2020-ci ilin sentyabrın 27-də bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu işğal edilmiş əraziləri azad etməyə başladı.
Ermənistan ordusu bu müharibədə iflic vəziyyətinə düşdü. Həmin dövrdə biz bir daha müşahidə etdik ki, düşmən dövlətin heç bir milli ideoloji xətti yoxdur. Bu ölkədə dövlətlə xalq arasında böyük siyasi uçurum var. Yalan, böhtan üzərindən apardıqları siyasət onlara hər hansı fayda vermədi. Azərbaycan həm ərazi bütövlüyünü, həm də suverenliyini təmin etdi. Artıq 4 ildir ki, 44 gün ərzində qazanılan Zəfərin qürurunu yaşayırıq. Azərbaycan dövləti torpaqlarımızın azadlığı uğrunda, haqq savaşında geri çəkilmədi. Bütün bunlar ordumuzun vətənpərvərliyini, mübarizliyini, qəhrəmanlığını göstərdi və ən fərəh doğuran anlardır.
Azərbaycan Ordusu 30 ilə yaxın bir müddətdə davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yazdı. Bu gün əminliklə demək olar ki, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin Liderliyi ilə bundan sonra da inkişaf edərək müstəqil dövlət kimi yaşayacaq və torpaqlarımızın azad olunmasında əldə etdiyimiz şanlı Qələbə, Zəfər Günü tariximizdə əbədi qalacaqdır. Zəfər Günü milli qürur və şərəf tariximizdir, gələcək nəsillər bu qürurverici tarixi heç zaman unutmayacaq.
8 Noyabr Azərbaycan tarixinin şanlı səhifəsinə Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. 2020-ci il tariximizin ən şərəfli dövrlərindən biri kimi daim xatırlanacaq. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etdi. Hərbi əməliyyatlar zamanı müasir və güclü ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini azad etdi. Həmçinin Ağdam, Kəlbəcər və Laçın rayonları hərbi əməliyyatlar aparılmadan və qan tökülmədən Azərbaycana qaytarıldı. Məhz, yaşanan misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədi ilə artıq dördüncü ildir ki dövlət başçısı İlham Əliyevin qərarına əsasən, hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 44 günlük haqq savaşımız, Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu Qələbəni müzəffər ordumuzun şücaəti, xalqımızın birliyi hesabına qazandıq. Dünya azərbaycanlıları tarixi Qələbəni, Zəfər Gününü xüsusi qeyd edirlər.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri