PDF Oxu

Siyasət

  • 1 412

Qürur duyduğumuz Bütöv Azərbaycan Bayrağı

image

Bayraqları bayraq yapan üstündəki qandır,

Torpaq, uğrunda ölən varsa, vətəndir.

Ucadan uca üçrəngli Azərbaycan bayrağı. Qürurlu, əzəmətli Azərbaycan Bayrağı. Hər zaman vətən torpağı üzərində məğrur-məğrur, azad dalğalanan Azərbaycan bayrağına bu gün vətən torpağının hər bir yeri bürünüb. Bu bayraq müstəqilliyimizin rəmzi, bütövlüyümüzün, varlığımızın simvoludur. Uşaqdan böyüyə qədər sanki hər kəs özünə bayraqdan don biçib. Bu bayrağı belə qüdrətli edən, dalğalandıran Azərbaycan xalqının Böyük Lideri, Prezidenti var. Bayraq bir dövlətin, millətin şərəf və ləyaqətinin ifadəsi milli suverenliyin simvolu, qürur mənbəyidir. Bayrağımız Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağını yüksək qiymətləndirərək "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir" – deyə bildirmişdir. Bütün zirvələrdən, yüksəkliklərdən uca olan dövlət bayrağımız hər bir insanın vətəndaşlıq qürurudur. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi, "Azərbaycan Respublikasının dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir".

Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il Sərəncamı ilə Dövlət Bayrağı Günü ölkəmizdə 9 noyabr tarixində qeyd olunmağa başladı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımızın yüksəklikdə dalğalanmasına sədd qoyulsa da, bu, xalqın təfəkküründə dərin iz salmışdır. Hər kəs bu böyük amalla Azərbaycan bayrağının Vətən torpağında dalğalanması arzusu ilə yaşamışdı. Yalnız 70 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı.

DÖVLƏTÇİLİYİMİZİN VƏ MÜSTƏQİLLİYİMİZİN RƏMZİ

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağımızın yenidən ölkəmizin müstəqillik rəmzinə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətlərindən biridir. İllər uzunu müstəqilliyə doğru gələn yolda Azərbaycan Respublikasının üç rəngli bayrağı ikinci dəfə qaldırıldı. Ulu Öndər Heydər Əliyev deyirdi: "Gərək hər bir evdə Azərbaycan Bayrağı olsun, hər bir ailə Azərbaycan Bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun".

Düz 71 il sonra Ümummilli Lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə Naxçıvanda dalğalandırıldı. 1990-cı illərin çətin, ağır günlərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin əsası qoyuldu.

1990-cı illərin çətin, ağır günlərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Sonralar Ümummilli Lider bu barədə deyirdi: "Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı".

Dövlət atributlarını bərpa edən Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin...".

BAYRAĞIMIZ ÜZƏRİNDƏKİ HƏR BİR RƏNG AZƏRBAYCAN TARİXİNDƏN DANIŞIR

Bayrağımızda olan hər bir rəng Azərbaycan xalqına məxsus dəyərləri özündə ehtiva edir. Göy rəng Azərbaycan xalqının türk mənşəli olmasını göstərir, türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni və inkişaf istəyini ifadə edir. Yaşıl rəng isə islam sivilizasiyasına və islam dininə mənsubluğun göstəricisidir. Demək, bayrağımız üzərindəki hər bir rəng Azərbaycan tarixindən danışır. Bayrağımız qürur mənbəyimizdir və and yerimizdir. Müqəddəs varlıq olan üçrəngli bayrağımıza and içirik. Bu gün hər bir vətəndaşın üzərində ciddi mənəvi məsuliyyət var. Hər bir vətəndaş bu yükü öz çiyinlərində hiss etdikcə, onun dövlətçilik idealları püxtələşir. Azərbaycan xalqının türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoluna çevrilən, azadlıq eşqimiz olan üçrəngli bayrağımız bu gün göylərə yüksəlib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlət rəmzlərinə böyük diqqət göstərir. Ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.

QARABAĞDA, ŞƏRQİ ZƏNGƏZURDA DALĞALANAN BAYRAĞIMIZ

Müasir dövrümüzdə Dövlət Bayrağımız dünyanın müxtəlif ölkələrində dalğalanır. Respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır. Mötəbər mərasimlərdə və yarışlarda Azərbaycan Bayrağının dalğalanması hər kəsdə qürur doğurur. Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar və azadlığın dərin hisslərini yaşadır.

Bu gün Azərbaycan Ordusunun sahib olduğu güc də Onun bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlanır. Azərbaycan əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə başlayarkən, müqəddəs bayrağımıza and içir. Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın bu gün Qarabağda, Şərqi Zəngəzurda, Şuşada dalğalanması hər bir vətəndaşımıza qürur hissi yaşadır. Artıq hər kəs əmindir ki, bayrağımız işğaldan azad olunmuş torpaqlarda da əbədi olaraq dalğalanacaq.

Nəzakət Ələddinqızı

Digər xəbərlər