"COP29-un Azərbaycanda keçirilməsi və bütün dünyanın məhz Bakıya diqqət kəsilməsi bir vətəndaş olaraq şəxsən məni çox qürurlandırır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.O bildirib ki, mənim ölkəm, dövlətim dünyanın taleyinin həll edilməsində öndədir: "Bütün dünya məhz bura diqqət kəsilib. Noyabrın 11-də başlayan, noyabrın 12-də isə liderlər sammiti ilə davam edən COP29-da özəlliklə Prezident İlham Əliyevin çıxışı çox ciddi mesajlarla zəngin idi. İstər Azərbaycanda, istərsə də başqa ölkələrdə bu çıxışa çox diqqətlə yanaşıldı və yanaşılmaqdadır. Əminəm ki, həmin çıxış uzun müddət hələ müzakirə və təhlil ediləcək. Orada müəyyən mesajların verilməsi özəlliklə bu tədbiri boykot edənlərlə bağlı deyilən Prezidentin sözü ilə desək, "pis xəbər", eyni zamanda Azərbaycanın çox qısa müddətə COP29-a hazırlaşması, ardından da digər liderlərin çıxışlarında Azərbaycanın çox yüksək səviyyədə tədbir keçirməsinin qeyd edilməsi ayrıca vurğulanmalıdır.Eyni zamanda BMT baş katibi Antoni Quterreşin çıxışında da çox ciddi məqamlar var. Özəlliklə bu məqama diqqət çəkilməlidir ki, Quterreş böyük, varlı, güclülərin problem yaratdığını, zəiflərin, kasıbların isə bu problemlərdən əziyyət çəkdiyini ayrıca vurğuladı. Bəllidir ki, dünyanın böyük gücləri, dövlətləri, həqiqətən də, iqlim dəyişikliyinə mənfi təsir göstərəcək hərəkətlərin önündə gedirlər. Bundan daha çox əziyyət çəkən kiçik dövlətlərdir. Bunun məntiqi davamı olaraq da ada dövlətlərlə bağlı ayrıca müzakirələrin keçirilməsi orada yenə də Prezident İlham Əliyevin çıxış etməsi, özəlliklə də Fransanın müstəmləkə siyasətinə diqqət çəkilməsi təsadüfi deyil. Həqiqətən də, Fransa kimi böyük dövlətlər kiçik ada dövlətlərinin təbii sərvətlərini talayır, həm də onların məhv olmasına yol açırlar"."Bunun ardından Fransanın ekologiya və iqlim dəyişikliyi nazirinin dünən açıqlamasına rast gəldim. O, Azərbaycanın bu yanaşmasından əsəbləşərək COP29 üçün Bakıya gəlməkdən imtina etdiyini bildirib. Yəni Azərbaycanın Fransaya qarşı haqsız iradları olduğunu iddia edir. Bu isə ondan xəbər verir ki, Azərbaycan əslində hədəfi düz seçib və oxu da hədəfə atıb. Azərbaycan bu məsələləri çılpaq şəkildə dünyanın diqqətinə çatdırır, dünyanın taleyinə məsuliyyət daşıyan dövlətlər Fransanın timsalında buna qarşı çox əsəbi reaksiya verir. Bu isə o deməkdir ki, önümüzdəki bir il ərzində Azərbaycan COP29-un Prezidenti, rəhbəri kimi dünyanın taleyini həll edəcək məsələlərdə öndə olacaq və çox ciddi nəticələr əldə ediləcək" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə