Siyasət

  • 397

Siyavuş Novruz: “YAP-ın yaradılmasında məqsəd demokratik yolla hakimiyyətə gəlib vətəni xilas etmək idi" - MÜSAHİBƏ

image

SİA ölkənin tanınmış ictimai-siyasi xadimi, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun "Səs" İnformasiya Agentliyinə verdiyi müsahibəni təqdim edir:

- Bu günlərdə Yeni Azərbaycan Partiyasının 32-ci ildönümü qeyd olunur. Partiya hansı tarixi zərurətdən yarandı və qarşıya qoyulan başlıca məqsəd nədən ibarətdir?

- İlk növbədə, bütün xalqımızı, o cümlədən Yeni Azərbaycan Partiyasının üzvlərini təbrik edirəm. Partiyanın yaranmasından artıq 32 il ötür. YAP tarixi zərurətdən yaranmış bir partiya idi. Bu gün də partiyanın yaranması zərurəti nəticəsində YAP-ın ölkəmizdə həyata keçirdiyi islahatların bilavasitə şahidiyik. 31 ildir ki, Yeni Azərbaycan Partiyası iqtidardadır. Ümummilli Lider Heydər Əliyevin və hazırki Prezident cənab İlham Əliyevin sədrliyi ilə partiyamız ölkə həyatında həyata keçirilən bütün işlərdə, islahatlarda, tədbirlərdə yaxından iştirak edir, dövlətinə dayaqdır və ölkənin bütün ağır yükünü öz üzərində daşıyır və daşımağa da hazırdır. O baxımdan YAP-ın gələcək fəaliyyətində də bol uğurlar arzulayıram.

Təbii ki, 32 il bundan öncəyə nəzər salsaq görərik ki, ölkəmizdə çox acınacaqlı bir vəziyyət idi. Yeni Azərbaycan Partiyasının yaranma tarixi demək olar ki, ölkə müstəqilliyinin tarixi ilə eynidir. Keçmiş pos-sovet məkanında ən acınacaqlı müstəqillik məhz Azərbaycana nəsib oldu. Bir tərəfdən yerində olmayan rəhbərlər, digər tərəfdən səriştəsizlik, həmçinin ermənilərin Azərbaycana qarşı torpaq iddiası, hərc-mərclik, özbaşınalıq, idarəçiliyin bilinməməsi və s. bu kimi halları ortaya saldı. Bütün insanların arzusu, istəyi, təklifi ondan ibarət idi ki, onları düşdükləri bu vəziyyətdən ancaq təcrübəli, bacarıqlı, dünyagörüşlü, xalqını, Vətənini, dövlətini sevən, ölkəsinə sadiq olan və həyat təcrübəsində bunu göstərmiş bir şəxsiyyət xilas edə bilər. Onu da məhz Ümummilli Lider Heydər Əliyevin simasında görürdülər. Baxmayaraq ki, həm ermənilər, həm də o vaxtki hakimiyyət tərəfindən Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində idi. Burada bir informasiyanın belə kənara sızdırılmasına imkan verilmirdi. Hətta orada olan əhaliyə ərzaq məhsullarıının çatdırılmasına belə məhdudiyyətlər tətbiq olunmuşdu. Belə bir məqamda insanlar düşündü ki, hakimiyyətə gəlməyin yeganə qanuni yolu partiyadır və onun yaranıb seçkilərdə iştirak etməsidir. YAP fəaliyyət göstərdiyi istər iqtidarda, istərsə də müxalifətdə olduğu dövrdə qanundan kənar heç bir fəaliyyətlə məşğul olmayıb. Müxalifətdə və iqtidarda olanda da qanun çərçivəsində mübarizəsini aparıb. O vaxtı partiyanın üzvləri olan insanlar yaş senzi ilə bağlı mitinqlər keçirirdi ki, Ümummilli Liderin namizədliyi qeydiyyata alınsın. Sinəsinə döyənlər, demokratiyadan dəm vuranlar o zamanlar buna imkan vermədilər. Hətta Azərbaycan Respublikası Konstitusiyasının 121-ci maddənin ikinci bəndinə düzəlişlər etdilər ki, 65 yaşından yuxarı olanlar namizədliyini irəli sürə bilməsinlər.

Bildiyiniz kimi bu yaxınlarda dünyanın aparıcı dövlətində Amerika Birləşmiş Ştatlarında (ABŞ) növbəti prezident seçkiləri keçirildi və Cozef Bayden 82 yaşında seçkilərə qatılmaq istəyirdi. Donald Tramp isə 78 yaşında yenidən ABŞ-nin prezidenti oldu. Eləcə də Fransa dövlətində Jak Şirak, Türkiyədə Süleyman Dəmirəl və s. olmaqla digər yerlərdə yaşlı nəslin nümayəndələri var idi. Adətən seçmək-seçilmək, səs vermək və digər hüquqlar üçün 18 yaş həddi müəyyənləşdirilir. Amma yuxarı yaş həddi dünyanın heç bir yerində yoxdur. Heç kimə sirr deyil ki, bu gün insan yaşlaşdıqca daha da müdrikləşir və təcrübəsi artır. 65 yaş insan üçün ən məhsuldar dövrdür. Ulu Öndər Heydər Əliyevin qarşısını almaqdan və Onunla mübarizəyə girmək qorxusundan məhz belə bir maddə irəli sürüldü. Nəticə etibarilə biz Ali Sovetin qarşısında 18 gün yaş senzi ilə bağlı mitinqlər keçirsək də amma buna da imkan vermədilər. Baxmayaraq ki, namizədlik məsələsi o zamanlar müəssisə-təşkilatlar tərəfindən irəli sürülürdü. Heydər Əliyevin də namizədliyini 300-dən artıq müəssisə-təşkilat irəli sürmüşdü. O vaxtlar həmin sənədləri mən özüm toplayırdım. Həmin dövrdən prezidentliyə namizədlərin səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərmişəm. Biz həmin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etsək də komissiya sənədləri qəbul etmədi. Əsaslandırıldı ki, qanunda buna icazə verilmir və oan görə də Heydər Əliyevin namizədliyi qeydə alınmadı. Belə olan təqdirdə insanlar fikirləşdilər ki, ancaq partiya yaratmaqla və Heydər Əliyev partiyaya rəhbərlik etməklə, siyasi mübarizə aparmaqla növbəti dəfə keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyası tam qələbə çala bilər.

- Cəmiyyətin öndə gedən bir qrup ziyalısı 16 oktyabr 1992-ci ildə "Səs" qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə müraciət etdi. "91-lər"-in fəaliyyəti kimi tariximizə düşən bu hadisə çox önəmlidir. İstərdik bir qədər də bu barədə danışaq.

- 1992-ci il mayın 28-də Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində "Ümid" körpüsünün açılışı olmuşdu və biz də "Əlincə" Xeyriyyə Cəmiyyəti olaraq həmin açılışa dəvət olunmuşduq. "Səs" qəzeti də həmin "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı idi. "Səs" qəzeti yeganə qəzet olub ki, Heydər Əliyevin səsini bütün dünyaya yayıb. O zamanlar ölkəmizin regionları arasında Naxçıvan daha çətin durumda idi və iqtisadi, siyasi, informasiya cəhətdən blokadaya alınmışdı. Yadımdadır ki, qəzet o informasiyanı yardı və Naxçıvan Ali Məclisinin qəbul etdiyi bütün qərarları öz səhifəsində dərc etdirdi. Biz bunları çox çətin mübarizələr şəraitində edirdik. Çünki bildiyiniz kimi o zamanlar senzura fəaliyyət göstərirdi və harda Ümummilli Lider Heydər Əliyevin adı gəlirdisə dərhal o səhifəni çıxarırdılar və yayımlanmasına imkan vermirdilər. Amma buna baxmayaraq çox çətin və mübarizə şəraitində yazılar dərc olundu. "Səs" qəzetinin elə nömrələri olurdu ki, ancaq Naxçıvan Ali Məclisinin, Heydər Əliyevin qəbul etdiyi qərarlara həsr olunurdu. "Səs" partiya yaranana qədər də Ümummilli Liderin səsini bütün dünyaya çatdırırdı. Qəzetin adının "Səs" seçilməsi də əbəs yerə deyildi. Ümummilli Lider Heydər Əliyev dəfələrlə qurultaylarda, toplantılarda 5-6 dəfə də olsa "Səs" qəzetinin adını çəkirdi. Hətta yeganə müsahibə verdiyi qəzeti belə "Səs" olub.

Təbii ki, "91-lər"-in fəaliyyəti kimi tariximizə düşən bu hadisə çox önəmlidir. Çünki bu ziyalılar görürdülər ki, ölkədə separatçılıq baş alıb gedir, qanunsuz silahlı dəstələr insanlar üçün böyük təhlükəyə çevrilir, əhalinin həyat səviyyəsi də sürətlə aşağı düşür. Yəni, sözün əsl mənasında Vətən əldən gedirdi. Belə bir şəraitdə 91 ziyalı Heydər Əliyevə yeni bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsi ilə bağlı müraciət etdi. Partiyanın yaradılmasında məqsəd demokratik yolla hakimiyyətə gəlib vətəni xilas etmək idi. Bütün Azərbaycan xalqı görürdü ki, Heydər Əliyev Naxçıvanı məhv olmaqdan xilas etdi. Blokada şəraitində olan bir bölgədə insanlarla Heydər Əliyevin birliyi bütün çətinliklərə sinə gərdi. Bütövlükdə bütün xalqımız Heydər Əliyevi çox sevirdi. Çünki Ulu Öndərimiz bütün həyatı boyu xalqına şərəflə xidmət etmişdi. Beləliklə, o dövrdə "91-lər" çox mühüm missiyanı həyata keçirdi.

Ulu Öndər "91-lər"in müraciətinə bir neçə gündən sonra verdiyi müsbət cavab yenə "Səs" qəzetində dərc olundu və partiyanın yaradılması istiqamətində hazırlıq işləri başladı. "Səs" qəzeti rupor rolunu oyanyırdı.Hakimiyyət isə Heydər Əliyevin rəhbərliyi ilə partiyanın yaranmasının qarşısını almağa çalışırdı. Onlar başa düşürdülər ki, xalqın Heydər Əliyevə böyük sevgisi var və belə bir partiya yaransa, xalqın ən güclü siyasi təşkilatına çevriləcək. Ona görə də, partiya işi ilə məşğul olan şəxslərə qarşı hədə-qorxular edirdilər, fiziki təzyiqlərə məruz qoyurdular. Amma bütün bunlar bu insanların iradəsini sındıra bilmədi. 1992-ci ilin oktyabr ayında isə Naxçıvanda Ulu Öndər Heydər Əliyevi hakimiyyətdən devirməyə cəhd göstərdilər. Amma Naxçıvan əhalisi Heydər Əliyevi qorudu və çevriliş cəhdi edənlərə tutarlı cavab verdi. Beləliklə, bütün çətinliklərə rəğmən 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyev partiyanın Sədri seçildi, eləcə də YAP-ın Proqram və Nizamnaməsi qəbul olundu, partiyanın rəhbər orqanları formalaşdı. Bundan sonra isə respublikada təşkilatlanma prosesi başlandı. Bu günə qədər də YAP-ın Proqram və Nizamnaməsində bir vergül belə olsun dəyişiklik olmayıb. Çünki Ümummilli Lider öz qələmi ilə onu ustalıqla hazırlayıb. 1992-ci ilin dekabrın sonlarında ilk YAP-ın ilk Biləsuvar rayon təşkilatı yarandı, daha sonra Sabirabad və Şərur təşkilatları yarandı. Sonradan isə digər təşkilatlar yaranmağa başladı. Bunu o zamanlar görən AXC-Müsavat cütlüyü dərhal fövqəladə vəziyyət elan etdilər. "Səs" qəzeti o zamanki iqtidarlar, demokratiyadan dəm vuranlar tərəfindən bir neçə dəfə bağlanıb. Hətta qəzetin binasına bir neçə dəfə basqınlar olmuşdu, redaksiya dağıdılmışdı və əməkdaşlarına xəsarətlər yetirilmişdi. Hətta "91"-lərin üzvlərini Bakı Şəhər Prokurorluğuna çağırıb döyürdülər. YAP İdarə Heyətinin sabiq üzvü, görkəmli alim, pedaqoji elmlər doktoru, professor, Moskvadakı Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, tanınmış ictimai-siyasi xadim Zahid Qaralovun "Heydər dağına kölgə salmaq olmaz" adlı müsahibəsi "Səs" qəzetində dərc olunduğuna görə "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərovu həbs etdirmək istəyirdilər. Partiyanın İdarə Heyətinin, Siyasi Şuranın üzvləri ara-sıra yazılar verirdi, çıxışlar edirdilər və beləcə təbliğatımız getikcə güclənirdi. Bu gün də ölkəmizin inkişafında, tərəqqisində YAP-ın Proqram və Nizamnaməsinin bütün layihələri tam şəkildə həyata keçirilir.

- Siyavuş müəllim, bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı durmadan artmaqdadır. Bəs, hakim Partiyanın bundan sonrakı hədəfləri nədən ibarətdir?

- 25 ildir ki, partiyanın təşkilati məsələlərinə rəhbərlik etmişəm. Hər il orta hesabla 25-35 minə yaxın insan partiyanın sıralarına qəbul olunurdu. Cənab Prezident İlham Əliyevin o zamanlar partiya sədrinin müavini seçilməsindən sonra yeni üzvlərin sayı daha da artdı. Təsəvvür edin ki, Milli Məclisin 8 nəfər bitərəf deputatı belə partiya sədrinə ərizə ilə müraciət edərək YAP-ın üzvü olmaq istədilər. Hətta nazirlər, komitə sədrləri də partiyaya üzv olmaq üçün müraciət etmişdilər. Əgər əvvəllər partiyaya üzv olanların sayı 200 min nəfər idisə, cənab İlham Əliyev partiyanın sədri olduqdan sonra üzvlərin sayı 500 mini ötmüşdü. Hazırda isə YAP-ın üzvlərinin sayı 800 minə yaxınlaşır. Sözün həqiqi mənasında bu insanlar əqidə ilə partiyanın işi, fəaliyyəti, ölkədə apardığı siyasəti görərək bura üz tuturlar. Partiya üzvləri də həm dövlət quruculuğunda, iqtisadiyyatın inkişafında, sosial problemlərin həll olunmasında yaxından iştirak edirlər.

- Bu gün dövlət strukturlarının əksəriyyətində hakim Partiyanın üzvləri təmsil olunurlar. Hətta partiyanın özündə də görkəmli şəxsiyyətlər yer alır, xeyli sayda xanımlar və gənclər vardır. Onlar başlıca olaraq hansı amal birləşdirir?

- Onları partiyanın ətrafında yeni Azərbaycançılıq ideyası, Vətəninə, dövlətinə sədaqət, Heydər Əliyev yolu, siyasi xətti birləşdirir. Biz bu xəttin inkişaf etməsi və davamlı olması üçün davamlı addımlar atırıq. Bu gün xeyli sayda gənc nəsil YAP-a üz tutur. Mən özüm 10 il YAP Gənclər Birliyinin sədri olmuşam. Ümummilli Lider Heydər Əliyevin açdığı o yol gənclərə çox müsbət təsir göstərdi. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxışlarının birində qeyd etdi ki, qələbənin əsas təminatlarından biri də ondan ibarət oldu ki, bu gənclər Heydər Əliyevin və Mənim hakimiyyətim dövründə doğulub boya-başa çatmış gənclərdir. Artıq bu gənclər yeni informasiya texnologiyaları, sosial şəbəkələr və yeniliklərlə məşğul olaraq partiya işini, təbliğatını daha da irəli aparır. Bu gün onlar Azərbaycan həqiqətlərini dünyaya çatdırır və ölkəmiz əleyhinə olan qarayaxma kampaniyalarının qarşısını alır. Hesab edirəm ki, bu çox vacib amillərdən biridir. Ümummilli Liderin tarixi sözlərini xatırlatmaq istərdim. O deyirdi ki, "Şuşasız Azərbaycan necə ola bilər". Bu fikirlər çox adamın yadından çıxmışdı. Ulu Öndər həmin sözləri bugünkü günü düşünərək deyirdi. Ümummilli Lider Heydər Əliyev gənclər üçün tam meydan yaratmışdı. Heydər Əliyev çox doğru vurğulamışdı ki, "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır". Bəli, YAP məhz gələcəyin partiyasıdır. Çünki bu müstəqillik, qələbələr, inkişaf dövründə, prezidentimiz tərəfindən həyata keçirilən islahatlar dövründə, dünyada aparıcı bir status qazandığı halda, dünyanın ən mötəbər tədbirlərinin Azərbaycanda keçirildiyi bir məqamda o gənclər artıq öz dövləti ilə fəxr etsinlər. Onlar qalib və inkişaf etmiş dövlətin vətəndaşlarıdır.

- YAP beynəlxalq əlaqələr müstəvisində də daim inkişaf edir və öz sözünü deyir. Dünyanın baxış bucağından hakim Partiya necə görünür?

- YAP az sayda partiyalardandır ki, dünyanın bir çox partiyalarında və partiya sistemlərində iştirak edir. Məsələn, Asiya Ölkələrinin Siyasi Partiyalarının İdarə Heyətinin üzvüdür. Orada 50-yə yaxın partiya mövcuddur. Hətta onların əksəriyyəti heç İdarə Heyətinin belə üzvü deyil. Çin, Rusiya, İran, Pakistan, Filippin, Vyetnam və s. olduğu məkanda Yeni Azərbaycan Partiyası da təmsil olunur. Hakim Partiya Avropa Xalq Partiyalarının qurumunda təmsil olunur və orada iştirak edir. Ayrı-ayrılıqda YAP-ın böyük dövlətlərdə iqtidar partiyalarının (Türkiyə, Rusiya, Mərkəzi Asiya dövlətləri, Çin Kommunist Partiyası) əksəriyyəti ilə münasibəti var. Bu yaxınlarda Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çin Xalq Respublikasında səfərdə idi. Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın partiyaları ilə əlaqələrimiz mövcuddur. Eləcə də Ukraynadakı, Belarusiyadakı və s. siyasi partiyalarla geniş əməkdaşlığımız vardır. YAP hərtərəfli şəkildə partiya olaraq beynəlxalq əlaqələrə çox üstünlük verir.

Digər xəbərlər