"1992-ci il mayın 28-də Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində “Ümid” körpüsünün açılışı olmuşdu və biz də “Əlincə“ Xeyriyyə Cəmiyyəti olaraq həmin açılışa dəvət olunmuşduq. “Səs” qəzeti də həmin “Əlincə“ Xeyriyyə Cəmiyyətinin orqanı idi. “Səs” qəzeti yeganə qəzet olub ki, Heydər Əliyevin səsini bütün dünyaya yayıb".
Bu fikirləri SİA-ya açıqlamasında ölkənin tanınmış ictimai-siyasi xadimi, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.Komitə sədri bildirib ki, o zamanlar ölkəmizin regionları arasında Naxçıvan daha çətin durumda idi və iqtisadi, siyasi, informasiya cəhətdən blokadaya alınmışdı: "Yadımdadır ki, qəzet o informasiyanı yardı və Naxçıvan Ali Məclisinin qəbul etdiyi bütün qərarları öz səhifəsində dərc etdirdi. Biz bunları çox çətin mübarizələr şəraitində edirdik. Çünki bildiyiniz kimi o zamanlar senzura fəaliyyət göstərirdi və harda Ümummilli Lider Heydər Əliyevin adı gəlirdisə dərhal o səhifəni çıxarırdılar və yayımlanmasına imkan vermirdilər. Amma buna baxmayaraq çox çətin və mübarizə şəraitində yazılar dərc olundu. “Səs” qəzetinin elə nömrələri olurdu ki, ancaq Naxçıvan Ali Məclisinin, Heydər Əliyevin qəbul etdiyi qərarlara həsr olunurdu. “Səs” partiya yaranana qədər də Ümummilli Liderin səsini bütün dünyaya çatdırırdı. Qəzetin adının “Səs” seçilməsi də əbəs yerə deyildi. Ümummilli Lider Heydər Əliyev dəfələrlə qurultaylarda, toplantılarda 5-6 dəfə də olsa “Səs” qəzetinin adını çəkirdi. Hətta yeganə müsahibə verdiyi qəzeti belə “Səs” olub.Təbii ki, “91-lər”-in fəaliyyəti kimi tariximizə düşən bu hadisə çox önəmlidir. Çünki bu ziyalılar görürdülər ki, ölkədə separatçılıq baş alıb gedir, qanunsuz silahlı dəstələr insanlar üçün böyük təhlükəyə çevrilir, əhalinin həyat səviyyəsi də sürətlə aşağı düşür. Yəni, sözün əsl mənasında Vətən əldən gedirdi. Belə bir şəraitdə 91 ziyalı Heydər Əliyevə yeni bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsi ilə bağlı müraciət etdi. Partiyanın yaradılmasında məqsəd demokratik yolla hakimiyyətə gəlib vətəni xilas etmək idi. Bütün Azərbaycan xalqı görürdü ki, Heydər Əliyev Naxçıvanı məhv olmaqdan xilas etdi. Blokada şəraitində olan bir bölgədə insanlarla Heydər Əliyevin birliyi bütün çətinliklərə sinə gərdi. Bütövlükdə bütün xalqımız Heydər Əliyevi çox sevirdi. Çünki Ulu Öndərimiz bütün həyatı boyu xalqına şərəflə xidmət etmişdi. Beləliklə, o dövrdə “91-lər” çox mühüm missiyanı həyata keçirdi".Siyavuş Novruzovun sözlərinə görə, Ulu Öndər “91-lər”in müraciətinə bir neçə gündən sonra verdiyi müsbət cavab yenə “Səs” qəzetində dərc olundu və partiyanın yaradılması istiqamətində hazırlıq işləri başladı: "“Səs” qəzeti rupor rolunu oynayırdı.Hakimiyyət isə Heydər Əliyevin rəhbərliyi ilə partiyanın yaranmasının qarşısını almağa çalışırdı. Onlar başa düşürdülər ki, xalqın Heydər Əliyevə böyük sevgisi var və belə bir partiya yaransa, xalqın ən güclü siyasi təşkilatına çevriləcək. Ona görə də, partiya işi ilə məşğul olan şəxslərə qarşı hədə-qorxular edirdilər, fiziki təzyiqlərə məruz qoyurdular. Amma bütün bunlar bu insanların iradəsini sındıra bilmədi. 1992-ci ilin oktyabr ayında isə Naxçıvanda Ulu Öndər Heydər Əliyevi hakimiyyətdən devirməyə cəhd göstərdilər. Amma Naxçıvan əhalisi Heydər Əliyevi qorudu və çevriliş cəhdi edənlərə tutarlı cavab verdi. Beləliklə, bütün çətinliklərə rəğmən 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyev partiyanın Sədri seçildi, eləcə də YAP-ın Proqram və Nizamnaməsi qəbul olundu, partiyanın rəhbər orqanları formalaşdı. Bundan sonra isə respublikada təşkilatlanma prosesi başlandı. Bu günə qədər də YAP-ın Proqram və Nizamnaməsində bir vergül belə olsun dəyişiklik olmayıb. Çünki Ümummilli Lider öz qələmi ilə onu ustalıqla hazırlayıb. 1992-ci ilin dekabrın sonlarında ilk YAP-ın ilk Biləsuvar rayon təşkilatı yarandı, daha sonra Sabirabad və Şərur təşkilatları yarandı. Sonradan isə digər təşkilatlar yaranmağa başladı.Bunu o zamanlar görən AXC-Müsavat cütlüyü dərhal fövqəladə vəziyyət elan etdilər. “Səs” qəzeti o zamanki iqtidarlar, demokratiyadan dəm vuranlar tərəfindən bir neçə dəfə bağlanıb. Hətta qəzetin binasına bir neçə dəfə basqınlar olmuşdu, redaksiya dağıdılmışdı və əməkdaşlarına xəsarətlər yetirilmişdi. Hətta “91”-lərin üzvlərini Bakı Şəhər Prokurorluğuna çağırıb döyürdülər. YAP İdarə Heyətinin sabiq üzvü, görkəmli alim, pedaqoji elmlər doktoru, professor, Moskvadakı Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, tanınmış ictimai-siyasi xadim Zahid Qaralovun "Heydər dağına kölgə salmaq olmaz" adlı müsahibəsi “Səs” qəzetində dərc olunduğuna görə “Səs” qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərovu həbs etdirmək istəyirdilər. Partiyanın İdarə Heyətinin, Siyasi Şuranın üzvləri ara-sıra yazılar verirdi, çıxışlar edirdilər və beləcə təbliğatımız getikcə güclənirdi. Bu gün də ölkəmizin inkişafında, tərəqqisində YAP-ın Proqram və Nizamnaməsinin bütün layihələri tam şəkildə həyata keçirilir".