PDF Oxu

Siyasət

  • 941

Bəşəriyyət “ən qorxulu kabus”la təhdid olunur TƏHLİL

image

Atom bombası tətbiq olunsa, dünyanın heç bir ölkəsi və xalqı fəlakətdən xilas ola bilməyəcək

Bu gün dünyamız heç zaman olmadığı, üzləşmədiyi ən ağır fəlakətli dövrünü yaşayır. Çünki dünyanın elə bir bölgəsi yoxdur ki, orada müharibələr, münaqişələr, vətəndaş qarşıdurmaları baş verməsi. Sanki bir otağın əsas hissəsi alova qərq olub. Alovu söndürmək haqqında düşünən də yoxdur. Baxmayaraq ki, həmin alovun bir qədər də genişlənməsi onların olduğu, dayandıqları məkanı da əhatə edəcək. Bunla belə hikkə, iddia, qatı düşmənçilik hissi, başlıcasısı, insan qətillərinə, kütləvi ölümlərə, şəhər və qəsəbələrin xarabazarlığa çevrilməsinə, həvəsli olan və özlərini böyük siyasətçi adlandıran dövlət başçıları qapılarının ağzında olan alovu ram etmək istəmirlər. Ən təhlükəlisi isə atom bombasından istifadə ediləcəyi barədə tez-tez hədlər eşidilir. Kimlərdi o hədələri edən? Təbii ki, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında aparıcı rola malik olduqlarını iddia edən dövlət başçıları. Bu baxımdan demək olar ki, dünyamızın sabahı sual altındadır. Hər an beyni pozulmuş lider, ağlı başında olmayan siyasətçi atom bombasından istifadə etməklə dünyanın varlığına son qoya bilər. Dünən bir daha Rusiya hakim zümrəsi ABŞ-ı, Avropanı nüvə silahı ilə hədələdi. Avropanın Fransa kimi nasizmin tədricən inkişaf etməyə başladı dövlət də atom bombasından istifadə etməkdə tərəddüd etməyəcəklərini bəyan ediblər. Nəzərə almaq lazımdır ki, Rusiya prezidenti nüvə silahına arxalanaraq “ Rusiyasız dünya bizim nəyimizə lazımdır” deyə bildirmişdir. 2022-ci ilin fevralından Ukraynaya qarşı başladığı müharibə minlərlə insanın həyatını itirməsi, yüzlərlə şəhərin , kənd və qəsəbənin dağıdılması, milyonlarla insanın öz isti ev-eşiyini tərk etməsi ilə nəticələndi. Demək olar ki, Ukrayna ərazisinin az qala 70 faizi dağılıb, 20 milyon insan müxtəlif ölkələrə köç ediblər. İtkilərinin sayı da hər iki tərəfdən milyonu keçir.

800 000 əsgər Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndəriləcək

Rusiya-Ukrayna müharibəsi davam edir. Hər gün yüzlərlə insan ölür, kənd və şəhərlər dağıdılır. Vəziyyətin daha da ağırlaşacağı proqnozlaşdırılır. Çünki Fransa, Böyük Britaniya və Almaniya Ukraynaya ordu göndərmək niyyətində olduqlarını bəyan ediblər. Almaniya kansleri O.Şolts isə daha dəqiq rəqəmlə çıxış edib. O bildirib ki, NATO bayrağı altında 800 000 min əsgər Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndəriləcək. Hələlik isə Avropa və ABŞ-ın razılığından sonra Ukrayna tərəfi Rusiyanın dərinliklərini raketlə vurur. Buna cavab olaraq Rusiyada Ukraynaya qitələrarası balistik raketlə zərbələr endirir. Bunla kifayətlənməyən Rusiya Ukraynanı və rəsmi Kiyevin müttəfiqlərini nüvə silahının tətbiqi ilə hədələyir. Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədri Dmitri Medvedev nüvə silahından istifadə riskinin yüksək olduğunu və NATO hərbi bazalarına zərbələr endirmək ehtimalının olduğunu açıqlayıb. Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədri Dmitri Medvedev daha açıq mətnlə çıxış edib. O bildirib ki, Rusiyanın atom silahından istifadə etmək riski yüksəkdir. O ilk növbədə Fransanın, Polşa və Rumıniyanın əsas hədəf seçilə biləcəyini istisna etmədiyini açıqlayıb: “Hazırda münaqişə eskalasiya ssenarisi üzrə inkişaf edərsə, heç nəyi istisna etmək olmaz. Çünki NATO-ya daxil olan dövlətlər əslində bu münaqişəyə tam şəkildə qoşulublar”.

Dünyanı düşündürən bir sual var: Atom bombasından istifadə edilərsə, bəşəriyyətin aqibəti necə olacaq? Birmənalı şəkildə cavab olaraq qeyd etmək olar ki, nüvə silahından istifadə edilməsi dünyanın sonu olacaq. Çünki nüvə dövlətlərindən hər hansı biri arsenalına daxil olan nüvə başlıqlarından müharibədə istifadə edərsə, o zaman böyük iqlim fəlakətləri, faciəvi nəticələr, elmi dildə deyildiyi kimi “nüvə qışına” səbəb olacaq. Hətta kiçik miqyasda və cəmi 2-3 dəfə atılacaq nüvə raketi regionda yüzlərlə yanğın törədəcək ki, yanğınlardan strotosferə atılan qazlar Günəş işığını blok edib, planetimizin böyük qismində “Qış alatoranlığı” yaradacaq. Atom bombasının tətbiqi ilə insanlar tüstü və zəhərli hava ilə nəfəs almağa məcbur olmaqla bərabər həm də içməli su tapa bilməyəcəklər. Yəni içməli su təminatı tamamilə məhv ola bilər. Bu fəlakətdən heç bir ölkə və xalq xilas ola bilməyəcək. Çünki insanlar partlayışı olan yerlərdən uzaqda yaşasalar da “nüvə qışı”nın təsirini yaşamalı olacaq.

ABŞ nüvə silahı ilə bəşəriyyəti təhdid edir

Müasir tibb hər nə qədər inkişaf etsə də, nüvə partlayışının fəsadları qarşısında çox acizdir. Aparılan araşdırmalara görə, dünyada 14,995 ədəd nüvə silahı var. Hər bir nüvə dövləti bu qorxulu silahla dünyanı qorxu altında saxlamağa çalışırlar. Hazırda dünya üzərində nüvə silahı sınaqlarını uğurlu şəkildə tamamlamış 8 dövlət mövcuddur. Rusiyanın 7000 nüvə bombası, ABŞ-ın 6800 nüvə bombası, Fransanın 300 nüvə bombası, Çinin 270 nüvə bombası, İngiltərənin 215 nüvə bombası, Pakistanın 140 nüvə bombası, Hindistanın 130 nüvə bombası, İsrailin 80 nüvə bombası, Şimali Koreyanın 60 nüvə bombası var. İlk dəfə atom bombasından ABŞ Yaponiyaya qarşı istifadə edib. ABŞ 1945-ci ilin avqustun 6-da Yaponiyanın Xirosima şəhərinə, 9 avqust 1945-ci ildə Naqasaki şəhərinə isə ikinci atom bombasını atıb Nəticədə 450 min insan həyatını itirib, yüz minlərlə insan yaralandı və psixoloji təsirləndi. Xirosima üzərinə dünyanın ilk hücum atom bombası olan Little Boy atılarkən bomba yerə düşdükdən 45 saniyə sonra sensorlarından gələn məlumatlara uyğun olaraq atəş mexanizmini işə salıb. Partlayıcı maddələr sayəsində bir-birindən ayrı yerləşdirilən Uran 235 (U-235) izotopunun kütlələri bir-biri ilə toqquşub. Bu toqquşmadan sonra parçalanma reaksiyalarının partlayışa səbəb olacağı kritik kütlə aşılıb. ABŞ vəhşi və qəddar əməllərinə görə, dünya xalqlarından üzr istəməkdənsə, insanlığa yönələn soyqımı əməllərinə daha da genişləndirib. Nəticə də ABŞ 1952-ci ildə atom bombasından daha təsirli və dağıdıcı bir silah olan hidrogen bombasını yaradıb. İlk bomba 1954-cü ildə Sakit okeandakı Marşal adalarına atılaraq sınaqdan keçirilib. Bu bomba Xirosima və Naqasakiyə atılan bombalardan 1000 qat daha çox dağıdıcı gücə sahib olub. Nüvə sahəsində SSRİ də ABŞ-dan geri qalmayıb və 1961-ci ildə istehsal etdiyi “Çar Bomba” adlı ilk hidrogen bombasını sınaqdan keçirib. SSRİ-nin malik olduğu bomba Xirosimaya atılan bombadan 3800 dəfə güclü olub. Hətta 1961-ci ilin 30 oktyabrında Novaya Zemlyada həyata keçirilən sınaq zamanı yaranan alov topu 965 km aralıdan görünüb.

Atom bombası kosmosun sıradan çıxmasına gətirib çıxara bilər

Hərbi ekspertlərin qeyd etdiyi məlumata görə, atom bombasının partlayışı zamanı əmələ gələn radiasiya kosmosda saniyədə 200.000 km-ə yaxın sürətlə hərəkət edən qamma şüaları, neytronlar, elektronlar və daha bir neçə atomaltı zərrəciklərdən ibarət olur. Atom bombası partladıqdan sonra istilik, şok dalğaları və radiasiya vasitəsilə ətrafa ziyan vurur. Parçalanma reaksiyası diametri iki yüz metrdən çox olan alov topunu yaratdı. Atəş kürəsi yaranan kimi ətrafa istilik və işıq yaymağa başladı. Partlayışın ilk anlarında od kürəsi ultrabənövşəyi, infraqırmızı və görünən dalğa uzunluqlarında radiasiya yayırdı. Bu yüksək enerjili işıq (termal şüalanma) insanlara və ya cisimlərə dəydikdə udulur və sürətlə qızdırılır. Qızdırılan qaz kütləsinin diametri böyüyür və ətrafa müxtəlif şüalar yayılır. Bu şüalar onlarla kilometr uzaqda olan hər hansı bir insanda korluğa səbəb ola biləcəək “başlanğıc parıltı”sını meydana gətirir. Bu parlaq işıq Günəş səthindən yayılan işıqdan yüzlərlə qat daha böyükdür. Partlayış anından başlayaraq keçən zaman elə qısadır ki, partlayışın yaxınında olan adam gözlərini qırpmağa belə vaxt tapa bilmir. Partlayışdan 2 saniyə sonra parlayan kütlə və onu əhatə edən hava alov topu meydana gətirir. Səthi çox isti və Günəşdəki qədər, hətta ondan da parlaq olan bu alov topundan yayılan istilik 4-5 km sahədəki bütün yana bilən maddələri alovlandırmağa kifayət edir. Partlayışdan 6 saniyə sonra şok dalğası yerə dəyir və ilk mexaniki zərərlərə səbəb olur. Dalğa şiddətli hava təzyiqi yaradır və bu təzyiqin şiddəti partlayış mərkəzindən uzaqlaşdıqca azalır. Bu yerdən təxminən 1,5 km uzaqda belə təzyiq normal atmosfer təzyiqindən təxminən iki qat artıq olur. Bu təzyiqdə insanların sağ qalma ehtimalı 1%-dir.13 saniyə sonra şok dalğası yayılır və onu alov topunun qovduğu havanın yer dəyişdirməsi səbəbindən yaranan partlayış izləyir.

Atom bombasından yaranan radiasiya qalıqları qısa vaxt ərzində dünyanı bir neçə dəfə fırlana biləcək

Bu partlayış saatda 300-400 km sürətlə yayılır. Bu zaman alov topu soyuyur və həcmi azalır. Havadan yüngül olduğu üçün də yüksəlməyə başlayır. Yuxarıya doğru yönələn bu təzyiq yerdəki küləyin istiqamətinin dəyişməsinə səbəb olur və şiddətli külək partlayışdan əvvəl partlama mərkəzindən kənara doğru əsirdisə, indi mərkəzə doğru əsməyə başlayır. Partlayışdan 30 saniyə sonra alov topu yüksəldikcə kürə formasını dəyişir və göbələk formasına çevrilir.
Partlayışın son anı 2 dəqiqə sonra göbələk formalı bulud 12.000 metrlik yüksəkliyə, yəni atmosferin stratosfer təbəqəsinin altına qədər yüksəlir. Bu yüksəklikdə əsən küləklər göbələk formasında olan buludu yavaş-yavaş dağıdır və buludu yaradan maddələri (əsasən, radioaktiv qalıqları) atmosferə yayır. Bu radioaktiv qalıqlar çox xırda olduqlarından atmosferin daha yüksək qatına çıxırlar. Bu qalıqlar yerə düşməzdən əvvəl atmosferin üst təbəqələrindəki küləklər vasitəsilə dünyanın ətrafında bir neçə dəfə fırlanır. Nəticə də radiasiya qalıqları dünyanın hər tərəfinə yayılır. Mütəxəssislərin bildirdiyinə görə, əgər indiki vəziyyətdə atom bombasından istifadə edilərsə, bəşəriyyətdə insan qalmayacaq, həm də heyvanat aləmi sıradan çıxacaq. Meşələr, bitki örtüyü, çaylar, dənizlər “nüvə qışı”na çevriləcək.

Nüvə silahından imtina edilməsinə nə mane olur?

Dünyada nüvə silahının ləğvi ilə bağlı bəzi dövlət rəhbərləri, xüsusilə də atom bombasının ağır nəticələrini yaşamış Yaponiya çox cəhdlər edib, təşəbbüslər göstərib. Lakin dünya Yaponiya hakimiyyətinin, o cümlədən dünyada sülhün və təhlükəsizliyin tərəfdarı olan dövlətlərin, xalqların istəkləri baş tutmayıb. Düzdür, 1987-ci ildə aparılan intensiv danışıqlar nəticəsində Rusiya və ABŞ Orta və qısa mənzilli raketlər haqqında Müqavilənin imzalanmasına nail oldular. 3 yanvar 1993-cü ildə isə Rusiya və ABŞ strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması haqqında razılığa gəldilər. Sənəd 2008-ci ilə qədər tərəflərin döyüş başlıqlarının ümumi sayının 3500 ədədə qədər azaldılmasını, həmçinin çoxsaylı döyüş başlıqlarına malik, qurudan atılan qitələrarası ballistik raketlərin məhv edilməsini nəzərdə tuturdu. Müqavilə də əks olunan müddüalara görə, böyük nüvə dövlətlərinin nüvə arsenalının demək olar ki, yarıya qədər azaldılmasını nəzərdə tuturdu. Rusiya və ABŞ strateji buraxılış sistemlərindəki döyüş başlıqlarının sayını 3000-3500-ə, dəniz bazalı ballistik raketlərdəki döyüş başlıqlarının sayını 1750-yə endirməyi öhdələrinə götürdülər.

Müqavilə 1996-cı ildə ABŞ Konqresi, 2000-ci ildə isə Rusiya Federasiyasının Federal Məclisi tərəfindən ratifikasiya edilib. Lakin insanlığa, bəşəriyyətə qarşı yırtıcı xislətlərini davam etdirmək niyyətindən əl çəkmək fikrində olmayan dövlətlər, xüsusilə də ABŞ 2002-ci ildə ABŞ SHS-2-nin bağlı olduğu 1972-ci il ABM Müqaviləsindən çıxdı. Rusiyada ABŞ-ın atdığı addıma cavab olaraq 2002-ci ilin iyununda SHS-2-dən çıxdığını elan edib. Sonradan, yəni 2017-ci ildə BMT- yə üzv olan 122 dövlət tərəfindən Nüvə Silahlarının Ləğvi Barədə Müqavilə sənədini qəbul etməyə nail oldu. Sənəddə nüvə silahı ilə bağlı istənilən fəaliyyəti qadağan edən hərtərəfli tədbirlər əksini tapıb. Müqavilə nüvə silahının istənilən istifadəsini beynəlxalq humanitar qanunvericiliyin prinsip və qaydalarının pozulması kimi müəyyən edir. Sənəd 50 ölkə tərəfindən rəsmən qəbul edilib. Lakin nüvə silahına malik olan ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və digər nüvə silahına malik dövlətlər həmin müqaviləni imzalamaqdan imtina edirlər. Səbəbi də aydındır. Onların yaranışı sakit, sabit dünyaya qarşı olmaq, qayğısız, sülh və əmin-amanlıq şəraitində həyat sürmək istəyən dinc insanlara qarşı düşmən kəsilmək olub.

İLHAM ƏLİYEV

Digər xəbərlər