Siyasət

  • 494

Laçının azad edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük hərbi və siyasi uğurların zirvəsinə çevrildi

image

Qürur hissi ilə deyirik ki, 28 illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının bir güllə belə atmadan və şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm, parlaq tarixi hadisəyə çevrilib. Doğrudur, işğal altında olan bütün rayonlarımızın azad edilməsi Azərbaycanın tarixi qələbəsidir. Lakin Laçının işğaldan azad edilməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin uzun illər apardığı düşünülmüş siyasətin nəticəsi olmaqla, son iki ayda qazandığımız möhtəşəm hərbi və siyasi uğurların zirvəsinə çevrildi. Artıq minilliklərdən soraq verən qalalar məskəni, qədim türk yurdu Laçın da öz əzəli və əbədi sahiblərinə qaytarıldı, işğaldan azad edildi, əsirlikdən azad edilmiş digər torpaqlarımız kimi yeni tarixə qədəm qoydu. Prezident İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, “Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Müzəffər Ali Baş Komandanımızın tvitterdə paylaşdığı statusunda: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”. Bəli, məhz bugünkü tarix və Müzəffər Ali Baş Komandanımızın sözləri – də şanlı Zəfər tariximizin bundan sonra heç vaxt silinməyəcək qürur səhifəsinə yazıldı. Və dövlət başçımızın bir müddət əvvəl nəyi, necə və nə vaxt etmək fəlsəfəsini əks etdirən bəyanatı da bir daha öz təsdiqini tapmış oldu!

Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi: "Mən nəyi, nə vaxt və necə etməyi özüm bilirəm". Bəli, dövlət başçımızın qətiyyətinə və prinsipiallığına inanan Azərbaycan xalqının böyük əksəriyyəti şübhə etmirdi ki, Prezident indiyədək bütün vədlərini yerinə yetirib, dediyi sözlərə əməl edib, bu sözünə də əməl edəcəkdir. Və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu işğaldan azad etdi. Beləliklə, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir.

Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində demişdir: “Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə”.

Laçının qaytarılmasını böyük tarixi hadisə adlandıran dövlətimizin başçısı xüsusi vurğulayıb ki, “Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq”.

Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, doğma Laçınımız tezliklə öz əvvəlki şöhrətini bərpa edəcək və yenə də cənnət məkana çevriləcəkdir.

Bəli, bütün bunlar onu göstərir ki, doğma Laçınımız tezliklə öz əvvəlki şöhrətini bərpa edəcək və öz keçmiş həyatına qayıdacaqdır.

Dövlət başçımızın dediyi kimi: Fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan! Laçın bizimdir! Qarabağ Azərbaycandır!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyin sədri

Digər xəbərlər