Millət vəkili qeyd edib ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərin ardından 2023-cü ildə suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə Qərbi Azərbaycana Qayıdış məsələsi yenidən aktuallaşıb. Necə deyərlər, hər şeyin öz vaxtı olduğu kimi, bu ədalətin də bərpası vaxtı yetişib: “1987-ci ilin noyabr ayında Ermənistan azərbaycanlılara qarşı sonuncu deportasiyasını həyata keçirdi. Həmin ayın 24-də Qərbi Azərbaycanda soydaşlarımızın kütləvi şəkildə qovulması başlandı və dekabrın 5-də başa çatdırıldı. Məhz buna görə də 5 dekabr ölkəmizdə Deportasiya Günü kimi hər il qeyd edilir. Beləliklə, XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən zorakı deportasiyalar nəticəsində Ermənistan adlanan ərazidə bir nəfər də olsun, azərbaycanlı qalmadı. Ən pisi odur ki, bütün bunlar SSRİ rəhbərliyinin gözü qarşısında baş verdi”.
Onun sözlərinə görə, ötən əsrin 80-ci illərinin sonunda erməni millətçiləri və yerli hakimiyyət azərbaycanlılara qarşı sistemli təzyiqlər göstərirdi: “Qafan bölgəsində yaşayan azərbaycanlılar öz evlərindən zorla çıxarıldılar, əmlakları talan edildi və evləri yandırıldı. Vandalizm aktı Ermənistanın digər bölgələrinə də yayıldı. 1987-1991-ci illər arasında baş vermiş deportasiya dalğası qərbi azərbaycanlıların tarixinə və mədəniyyətinə böyük zərbə oldu. Azərbaycanlıların dədə-baba yurdlarından qovulması və onların mülkiyyətinin məhv edilməsi nəticəsində tarixi kəndlərimiz xarabalığa çevrildi. Nə biləydik ki, sonradan bu proses daha iyrənc formada Azərbaycanın sərhədləri daxilində - Qarabağ və Şərqi Zəngəzurda da davam etdiriləcəkdi. Ancaq bilməli idik, manqurtlaşma siyasətinə məruz qalmasa idik, bilərdik.
1918-ci il mayın 24-də Tələt paşa Batum konfransındakı Osmanlı hökumətinin nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşəyə göndərdiyi teleqramda yazdığını diqqətinizə çatdırım: “Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən razı deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcək. İran və Amerikada olan bütün ermənilər orada toplanaraq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə çox asanlıqla birlikdə bizim əleyhimizə hərəkət edəcəklər”.
Reallıq budur. Gələcək məhz tarixdən keçir ifadəsi də tarixi yaddaşa qayıdışı diqtə edir. Sonuncu deportasiya Azərbaycan-Ermənistan münaqişəsinin alovlanmasına səbəb oldu. Deportasiya hər dövrdə Ermənistanın dövlət siyasətinin əsasını təşkil edib. Zəngəzur, Göyçə, İrəvanda erməni vəhşiliyinə məruz qalmış 100 minlərlə həmvətənimiz qaçqın düşüb. Təəssüf ki, UNESCO kimi qurumlar Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəniyyət abidələri, dini məbədlərin dağıdılması, məhv edilməsinə, genosid siyasətinə qarşı heç bir reaksiya verməmiş, bu günə qədər heç bir tədbir görməmişlər. Çox da keçmişdə olmayan tarixlə razılaşmaq istəməmişlər. Ancaq biz özümüz tarixi haqlarımızı qaytara bilirik”.
Millət vəkili əmindir ki, Azərbaycan dövləti indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıtması üçün siyasi mübarizənin uğurla tamamlanmasına hər cür dəstək verəcək: “İnanırıq ki, didərgin salınmış azərbaycanlılar beynəlxalq hüquq çərçivəsində və beynəlxalq nəzarət altında öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıdacaqlar. 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev öz ad günündə Qərbi Azərbaycan İcmasının inzibati binasını açaraq qərbi azərbaycanlılara böyük hədiyyəsini təqdim etdi və soydaşlarımızda tezliklə tarixi torpaqlarına qaytarılacaqlarına inam yaratdı.
Çıxışında Prezident qeyd etdi ki, Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ Qərbi Azərbaycana qayıdışdır. Bu ilin oktyabrında Azərbaycan Milli Məclisində Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradıldı. Bununla da Qərbi Azərbaycan İcması Ermənistana qayıdış mövzusunu regional və beynəlxalq miqyasda, parlamentlərarası münasibətlərdə əlaqələndirmək imkanı əldə etdi.
Bundan başqa, Qərbi Azərbaycan İcması bu istiqamətdə çox böyuk, samballı işlər ortaya qoyub. İcma Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin olunması ilə bağlı BMT-yə müraciət edib. Ermənistanın Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Qorunması üzrə Çərçivə Konvensiyasından irəli gələn öhdəlikləri bu müraciətdə öz əksini tapıb. Bütün beynəlxalq təşkilatlarda Qərbi Azərbaycanla bağlı kifayət qədər məlumat olsa da, erməni şovinizmi, erməni lobbisi, erməni işğalçılarının arxasında duran Fransa kimi güclər onlara məsələlərə obyektiv qiymət verməyə mane olur. Beynəlxalq güclər daha çox ermənilərin hüquqlarını gündəmə gətirməklə qərbi azərbaycanlıların hüquqlarını görməzlikdən gəlir, məsələni ört-basdır etməyə çalışırlar. Düşünürəm ki, Milli Məclisdə yaradılan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu beynəlxalq müstəvidə soydaşlarımızın qayıdış hüquqlarının arxa plana keçirilməsinə imkan verməyəcək və bu məsələni daim diqqətdə saxlayacaq.
Hesab edirəm ki, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin olunması üçün AŞPA-da monitorinq qrupu yaradılmalıdır. İndiki Ermənistan ərazisində tarixi Azərbaycan torpaqlarına, toponimlərinə sahib çıxmalıyıq. II Qarabağ müharibəsindən sonra qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq ümidləri çoxalıb. Bizim başqasının torpağında gözümüz yoxdur. Tarix boyunca başımıza gələn ədalətsizlikləri, qanunsuzluqları unutmadıq.
Bu gün Azərbaycan güclü dövlətdir. Güclü ordusu, dinamik iqtisadiyyatı və ən önəmlisi xalqın dövlətə sonsuz inamı vardır. Biz vaxtı ilə haqsızlıqla qayçılanan, parçalanan, itə-qurda pay verilən torpaqlarımıza sahib çıxmalıyıq. Zəngəzuru, Göyçəni, Zəngibasarı, Basarkeçəri, Dərələyəzi, Amasiyanı və ən başlıcası, qədim İrəvanı unutmuruq. Araşdırdıqca anlayırıq ki, heç bir səbəb, hüquqi əsas olmadan bizi vətənimizdən məhrum ediblər.
Sadəcə Qərbi Azərbaycan deyil, Azərbaycanın bütün torpaqları müqəddəsdir. İrəvanı Osmanlı sultanı IV Murad 1635-ci il tarixli fətnaməsində belə göstərmişdi: “İran ilə Turan, Şirvan və Naxçıvan, Azərbaycan mülkünün gözünün nuru, abır-həyası İrəvan”.
Güclü Azərbaycan dövlətinin, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağa, Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında Qərbi Azərbaycana qayıdışın heç də uzaqda olmadığına əminik. Qarabağ naminə hər birimiz qarabağlı olduğumuz kimi, bu yolda da hər birimiz qərbi azərbaycanlıyıq, zəngəzurluyuq!”