"Hər şeydən əvvəl sevindiricidir ki, Suriya, nəhayət ki, Bəşər Əsədin zülmündən qurtuldu". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.O bildirib ki, 2009-cu ilin sonunda başlamış ərəb baharı növbəti mərhələdə Suriyanı da ağuşuna almışdı: "Orada proseslər sadəcə olaraq süni şəkildə əngəlləndi. Bəşər Əsəd dirəniş göstərdi və on minlərlə insanın ölümünə səbəb olan bir proses getdi. Ölkə darmadağın oldu. Faktiki olaraq Bəşər Əsəd öz maraqlarını dövlətin və millətin maraqlarından üstün tutdu. Bu proses düz 15 ildir ki, davam edir. İndi bir neçə günlük əməliyyatla müxaliflərin Suriya milli ordusunun Bəşər Əsədi devirməsi, ölkədən qaçmağa məcbur etməsi və xalqın azadlığa çıxması kimi yeni bir şərait yaradır. Belə bir şəraitdə ağla gələn ilk məsələlərdən biri qardaş Türkiyədə sığınacaq tapmış milyonlarla suriyalının evinə qayıtması məsələsidir. Bu məsələ o qədər də asan deyil. Çünki o insanların əksəriyyətinin ev-eşiyi darmadağın edilib. Onların qayıdacağı təqdirdə Suriyada yaşamağa yerləri belə olan deyil. Ona görə də, proses bir qədər uzanacaq. Necə ki, Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra insanları tam olaraq oraya köçürə bilmir. Məcburiyyət qarşısındayıq. Çünki tikib-qurmaq lazımdır.Eyni qaydada da Bəşər Əsəd Suriyanın böyük bir hissəsini o günə qoyub, üstəlik də bu işdə ona PKK, YPG terrorçuları dəstək verib. Əlavə olaraq Amerika Birləşmiş Ştatları, Rusiyanın həmin ölkədə olması və müxtəlif siyasi oyunlara əhalini və dövləti qurban etməsi nəticəsində bu saat altı üstünə çevrilmiş bir Suriya var. Ona görə qaçqınların belə tezliklə qayıtması o qədər də mümkün görünmür"."Bizim üçün məsələlərin başqa yönü də maraqlıdır. Bilirsiniz ki, Suriyada bir neçə milyon türkmən soydaşımız yaşayır. Onlar Bəşər Əsəd, ona qədər atası Hafiz Əsəd, ümumiyyətlə isə 61 il ərzində Baas partiyasının zülmündən çox əziyyət çəkiblər. Onların taleyinin necə olacağı bizi daha çox maraqlandırır. Təbii ki, Suriya sabitləşərsə, oradakı türkmənlərin taleyi də mütləq masa üzərində olacaq. İndi sevindirici hallardan biri odur ki, müvəqqəti hökumətin rəhbəri Suriya türkmənlərindən olan və bu mücadilənin önündə gedənlərdən biri Abdurrahman Mustafa təyin edilib. Ən azından indiki mərhələdə bu var. İkinci tərəfdən isə bu prosesdə qardaş Türkiyə bir nömrəli oyunçudur. Nəzarət, proseslərin idarə olunması Türkiyənin əlindədir. Üstəlik də Amerika Birləşmiş Ştatları, Rusiya və İran özlərini geri çəkilmiş kimi göstərirlər. Yerdə bir PKK, YPG terrorçuları qalır. Onları da, yəqin ki, silahsızlaşdıracaqlar. Gərək olanı məhv edəcəklər, yaxud da, Suriyadan çıxaracaqlar. Proseslər hələ ki, yaxşılığa doğru gedir. Sonrakı mərhələdə isə biz uduzmamalıyıq. Qeyd etdiyim kimi bizim oradakı öncəliyimiz həm də qardaş türkmənlərdir. Soyu soyumuzdan, qanı qanımızdan, cani canımızdan olan biz azərbaycanlıların da bir parçası olan türkmən əhalidir. Ona görə də, Suriyadakı prosesləri diqqətdə saxlayacağıq" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə