Yeni Azərbaycan Pariyası (YAP) Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin Anım gününə həsr olunmuş “Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adlı layihəyə yekun vurulub. SİA xəbər verir ki, layihənin keçirilmə məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin gənclərə öyrədilməsi və gənclərin ölkənin sosial, iqtisadi və siyasi həyatında fəal iştirak etməyə təşviq edilməsi, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişafı sahəsində müasir Azərbaycan gəncliyinə inkişaf, bilik və vətənpərvərlik kimi ali dəyərlərin aşılanmasıdır.
Layihənin son gününün məruzəçisi Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Heydər Əliyevin həyat və fəaliyyəti əsil dövlətçilik məktəbidir” mövzusunda çıxış edərək bildirib ki, Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası xalqımızın birliyini, cəmiyyətdə dövlətçilik və vətənpərvərlik şüurunun inkişafını təmin etmiş, bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə dayaq olmuş, xalqı ardınca aparmış, gənclərə hər zaman yüksək dəyər vermişdir.
Üç günü əhatə edən siyasi kursun məruzəçiləri Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" ictimai birliyinin sədri Zərifə Quliyeva, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisinin deputatı Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü Amin İsmayılov olmuşdur.
“Heydər Əliyev: Zaman, şəxsiyyət və əbədiyyət faktoru”, “Heydər Əliyev və gənclər siyasəti”, “Elm və təhsilin inkişafında Heydər Əliyev mərhələsi” mövzularında çıxış edən natiqlər Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi haqqında dolğun məlumat veriblər.
Layihədə gəncləri maraqlandıran suallar ətrafında geniş fikir mübadilələri aparılıb.
Sonda layihədə iştirak edən gənclərə Fəxri Diplomlar təqdim olunub.
Qeyd edək ki, siyasi kursda Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının və Xəzər Universitetinin tələbələri iştirak ediblər.