PDF Oxu

Siyasət

  • 555

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib

image

YAP Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin bigə təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatının inzibati binasında Ulu Öndərin anım günü münasibəti ilə “dəyirmi masa“ keçirilib.

“Dəyirmi masa”da YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyətinin nümayəndələri, təhsil, səhiyyə işçiləri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək bildirib ki, Heydər Əliyev 1982-ci ilin noyabrında dünyanın iki super gücündən birinin – SSRİ-nin rəhbərliyinə yüksəlib, həm SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilib, həm də Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib.

1987-ci ilin oktyabrında Mixail Qorbaçovun yeritdiyi siyasətə etiraz əlaməti olaraq, Siyasi Büro üzvlüyündən və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verib. Bundan sonra Qorbaçov və onun ərtafında yer alan erməni mafiyası tərəfindən təqib və təzyiqlərlə üzləşən Heydər Əliyev ona yönələn bütün hücumları dəf edib, mətanətlə sinə gərib.

1990-cu ildə yenidən Azərbaycana, doğma Naxçıvanına qayıdan Heydər Əliyev elə həmin ilin payızında Azərbaycan SSRİ Ali Sovetinin sonuncu çağırış seçkilərində deputat seçilib, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə fəal iştirak edib, SSRİ-nin qorunub-saxlanılması ilə bağlı 17 mart referendumunun əleyhinə səs verən cəmi 43 millət vəkilindən biri olub.

Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyətindən danışıb. Qeyd olunub ki, Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə Azərbaycanın tarixində dövlət müstəqilliyinə doğru böyük dönüş və milli oyanış dövrü başlayıb. O, Azərbaycan dövlətçiliyinin əsasını qoyub. Ulu Öndərin 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxış Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərini müəyyənləşdirib.

Sonra Həsənqaya kənd İƏD-si üzrə nümayəndə İlqar Həsənov, Tərtər şəhər 6 nömrəli tam orta məktəbin psixoloqu Dürdanə Quliyeva, 2 nömrəli məktəb-liseyin müəllimi Tamella Tağıyeva çıxış ediblər. Çıxışçılar Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu, onun xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib, Ulu Öndərə allahdan rəhmət diləyiblər.

Digər xəbərlər