Xalqımızın əziz xatirəsini sonsuz ehtiram və böyük minnətdarlıqla yad etdiyi Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyi və dövlətçiliyi uğrunda göstərdiyi misilsiz xidmətləri ilə tarixdə silinməz iz qoymuş, ölkəmizi ən çətin dövrlərdən çıxararaq müasir inkişaf mərhələsinə yüksəltmişdir. Onun uzaqgörən liderliyi sayəsində Azərbaycanın gələcəyi möhkəm təməllər üzərində qurulmuş, müstəqilliyimiz əbədi təmin olunmuşdur.Heydər Əliyevin siyasi və dövlət xadimi olaraq qoyduğu zəngin irs bu gün də Azərbaycan xalqının birliyinin, gücünün və ölkəmizin beynəlxalq arenadakı mövqeyinin əsas təminatçısıdır. SSRİ dövründə Ümummilli Liderin əvəzolunmaz xidmətləri Azərbaycanın həm iqtisadi, həm də sosial sahələrdə əhəmiyyətli irəliləyişlər əldə etməsini təmin etmişdir. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi təyin edildikdən sonra Heydər Əliyev respublikada genişmiqyaslı islahatlara start vermişdir. Ulu Öndər sənayenin inkişafına və əhalinin rifah halının yaxşılaşdırılmasına böyük diqqət yetirmişdir.
Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək milli zabit kadrlarının hazırlanmasının vacibliyini uzaqgörənliklə dəyərləndirmişdir. Məhz bu məqsədlə 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmışdır. Bu təhsil müəssisəsi müstəqil Azərbaycanın dövlətçiliyini qoruyacaq güclü ordunun təməlini qoymuş və milli zabit kadrlarının yetişdirilməsində mühüm rol oynamışdır.
Heydər Əliyev, həmçinin Azərbaycanda təhsil və mədəniyyət sahələrinin inkişafını təmin etmişdir. O dövrdə maşınqayırma və neft-kimya sənayesinin inkişafı nəticəsində ölkə iqtisadiyyatı mühüm irəliləyişlər əldə etmiş, Azərbaycanın SSRİ daxilində iqtisadi çəkisi artmışdır. Onun təşəbbüsü ilə minlərlə gənc, o cümlədən istedadlı tələbələr SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilərək müxtəlif sahələrdə müasir biliklərə yiyələnmişdir. Bu siyasət Azərbaycanın intellektual potensialının formalaşmasında və gələcək inkişafında mühüm rol oynamışdır.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etsə də, ölkə ciddi siyasi, iqtisadi və sosial böhranla üzləşmiş, vətəndaş müharibəsi və parçalanma təhlükəsi yaranmışdır. Məhz belə ağır bir dövrdə Heydər Əliyev xalqın təkidli çağırışına cavab olaraq, Naxçıvandan Bakıya qayıtmış və ölkənin xilası uğrunda mübarizəyə başlamışdır. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və qısa müddət sonra - 3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkilərində xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ulu Öndər müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, daxili sabitliyin bərpa olunması və Azərbaycanın milli maraqlarının qorunması üçün qətiyyətli addımlar atmışdır.
Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının əsasını qoymuşdur. Bu müqavilə Azərbaycanı dünya iqtisadiyyatına inteqrasiya etmiş, ölkəyə xarici sərmayələrin cəlb olunmasına və neft gəlirlərinin milli inkişaf üçün səmərəli istifadəsinə şərait yaratmışdır. Bu dövrdə həyata keçirilən islahatlar yalnız iqtisadi sahədə deyil, həm də sosial və mədəni sahələrdə böyük irəliləyişlərə səbəb olmuşdur. Bununla yanaşı, milli ordunun gücləndirilməsi istiqamətində atdığı addımlar ölkənin müdafiə qabiliyyətini artırmışdır.
Ulu Öndər beynəlxalq arenada Azərbaycanın mövqeyini gücləndirmək üçün balanslı xarici siyasət həyata keçirmişdir. O, Azərbaycanı etibarlı tərəfdaş kimi tanıdaraq, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı münasibətlər qurmuşdur.
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin strateji kursunu davam etdirərək Azərbaycanın iqtisadi inkişafını və beynəlxalq nüfuzunu daha da artırmışdır. Onun rəhbərliyi ilə Azərbaycan təkcə regionda deyil, həm də qlobal miqyasda güclü dövlətə çevrilmişdir.
Xüsusilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olmuşdur. Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın milli qürurunun və birliyinin ifadəsi olmuşdur.
Heydər Əliyev ideyaları müasir Azərbaycanın inkişafının, sabitliyinin və dövlətçiliyinin əsasıdır. Ulu Öndər hər zaman xalqımızın yaddaşında dahi, xilaskar və qurucu lider kimi qalacaqdır.
Heydər Əsədov
Milli Məclisin deputatı