Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin qarşısında duran yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda çıxışı ölkəmizin keçdiyi şərəfli inkişaf yoluna, əldə olunmuş tarixi zəfərlərə və qarşıdakı dövrün əsas prioritetlərinə geniş nəzər salmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Qurultayın əsas xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilməsidir. 2020-ci il 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər və 2023-cü il sentyabrın 20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdur. Bu tarixi hadisələr xalqımızın milli iradəsini, dövlətimizin siyasi qətiyyətini və Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirmişdir.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulandığı kimi, bu qələbələr asanlıqla əldə edilməmişdir. Azərbaycan uzun illər ərzində siyasi təzyiqlər, qərəzli kampaniyalar və ikili standartlarla üzləşmişdir. Lakin Azərbaycan xalqının birliyi, dövlət rəhbərliyinin qətiyyətli siyasəti və ölkənin artan iqtisadi və hərbi imkanları bütün bu maneələrin aradan qaldırılmasına imkan vermişdir. Xalqın “yumruq kimi” birləşməsi Zəfərin əsas amillərindən biri olmuşdur.
Azərbaycanın bugünkü uğurlarının təməlində Yeni Azərbaycan Partiyasının və onun qurucusu Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti dayanır. 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası ölkənin ağır siyasi, iqtisadi və hərbi böhran keçirdiyi bir dövrdə xalqın sabitlik və güclü dövlətçilik tələbinin ifadəsi kimi meydana çıxmışdır. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın tarixində dönüş nöqtəsi olmuşdur.
Ulu Öndərin rəhbərliyi ilə dövlətçiliyin əsasları möhkəmləndirilmiş, ölkədə sabitlik təmin edilmiş, iqtisadi inkişaf üçün əlverişli şərait yaradılmış və Azərbaycanın beynəlxalq mövqeyi gücləndirilmişdir. “Əsrin müqaviləsi”nin imzalanması, xarici investisiyaların ölkəyə cəlb edilməsi və Azərbaycanın beynəlxalq təşkilatlarda mövqelərinin möhkəmləndirilməsi gələcək inkişaf üçün möhkəm təməl yaratmışdır. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli maraqların qorunması Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu siyasətin nəticəsində Azərbaycan bu gün regionun aparıcı dövlətlərindən birinə, beynəlxalq münasibətlər sistemində öz sözünü deyən və milli maraqlarını qətiyyətlə müdafiə edən ölkəyə çevrilmişdir.
Qurultayda qarşıdakı dövr üçün əsas vəzifələrdən biri Azərbaycanın hərbi gücünün daha da artırılması kimi müəyyənləşdirilmişdir. Dünyada mürəkkəb geosiyasi proseslərin, müharibə və münaqişələrin davam etdiyi bir şəraitdə güclü ordu dövlət təhlükəsizliyinin mühüm təminatıdır. Azərbaycan sülh tərəfdarı olsa da, öz təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün hər zaman güclü olmalıdır. Eyni zamanda, Ermənistanla sülh prosesinin inkişaf etdirilməsi və regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas məqsədlərindəndir.
Prezident İlham Əliyev çıxışında ideoloji təhlükəsizliyin əhəmiyyətini də xüsusi qeyd etmişdir. Müasir informasiya texnologiyaları dövründə müxtəlif təxribatlar yalnız fiziki sərhədlərlə məhdudlaşmır. İnternet və sosial media vasitəsilə yayılan yanlış məlumatlar cəmiyyətə təsir göstərə bilər. Buna görə də təhsil, maarifləndirmə və vətənpərvərlik ideoloji təhlükəsizliyin əsas dayaqlarıdır. Savadlı, milli düşüncəyə və dövlətçilik mövqeyinə malik cəmiyyət informasiya təxribatlarına qarşı daha dayanıqlı olur.
Azərbaycanın xarici siyasəti də milli maraqlar və müstəqillik prinsipləri əsasında həyata keçirilir. Ölkəmiz müxtəlif dövlətlərlə qarşılıqlı hörmət və etimad əsasında münasibətlər qurur, beynəlxalq təşkilatlarda fəal iştirak edir və regional əməkdaşlıq layihələrində mühüm rol oynayır. Enerji və nəqliyyat layihələri Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı ölkəmizin tranzit imkanlarını genişləndirir.
İqtisadi inkişaf və sosial rifahın yüksəldilməsi də dövlət siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycanın maliyyə sabitliyi, investisiya imkanlarının genişlənməsi, xarici borcun aşağı səviyyədə saxlanılması və valyuta ehtiyatlarının artması ölkə iqtisadiyyatının dayanıqlığını göstərir. Qarşıdakı dövrdə yeni investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması əsas vəzifələrdəndir.
Qarabağ və Şərqi Zəngəzurun bərpası isə Azərbaycanın qarşısında duran ən mühüm strateji vəzifələrdən biri olaraq qalır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. “Böyük Qayıdış” proqramının qarşıdakı illərdə daha da sürətləndirilməsi Qarabağın və Şərqi Zəngəzurun Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına tam inteqrasiyasına imkan verəcəkdir.
Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Ölkəmiz artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, öz gücünə arxalanan və milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi gələcəyə doğru inamla addımlayır.
Qurultayda səsləndirilən fikirlər göstərir ki, qarşıdakı mərhələdə milli birlik, güclü dövlətçilik, iqtisadi inkişaf, hərbi qüdrət, ideoloji təhlükəsizlik və fəal xarici siyasət Azərbaycanın əsas prioritetləri olacaqdır. Yeni Azərbaycan Partiyasının üzvləri və fəalları da bu strateji vəzifələrin həyata keçirilməsində mühüm rol oynayacaqlar. Bu baxımdan, VIII Qurultay yalnız görülən işlərin yekunu deyil, həm də Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri