PDF Oxu

Siyasət

  • 1 063

Heydər Əliyev: Müdrik siyasətin və uğurlu inkişafın müəllifi

image

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir tarixində özünəməxsus yer tutmuş, xalqımızın rifahı və ölkənin inkişafı üçün misilsiz xidmətlər göstərmişdir. Heydər Əliyev həm görkəmli dövlət xadimi, milli dövlətçilik ideyalarının daşıyıcısı, həm də Azərbaycanın müstəqil və güclü dövlətə çevrilməsinin əsas memarı olmuşdur. Onun həyatı və fəaliyyəti xalqımıza liderlik, qətiyyət və müdriklik nümunəsi göstərmişdir.

1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının Birinci Katibi seçilməsi ilə ölkəmizdə yeni inkişaf mərhələsi başladı. O dövrdə Azərbaycan iqtisadi, mədəni və sosial sahələrdə gerilik yaşayır, SSRİ-nin ucqar respublikalarından biri kimi dəyərləndirilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın sənaye potensialının artırılması üçün mühüm tədbirlər həyata keçirildi. Ölkəmizdə neft-kimya, maşınqayırma, yüngül sənaye və digər sahələrdə yüzlərlə yeni müəssisə tikildi, mövcud müəssisələr isə modernləşdirildi. Bu inkişaf, həmçinin kənd təsərrüfatı sektorunu əhatə etdi. Meliorasiya və suvarma sistemlərinin təkmilləşdirilməsi sayəsində kənd təsərrüfatında məhsuldarlıq dəfələrlə artırıldı.
Heydər Əliyev gənclərin təhsilinə xüsusi diqqət ayırırdı. Onun təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərildi, bu isə ölkəyə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etdi. Bakıda yeni mədəniyyət obyektləri, ali təhsil müəssisələri, tibb mərkəzləri yaradıldı.
SSRİ dövrünün milli ideoloji məhdudiyyətlərinə baxmayaraq, Heydər Əliyev xalqımızın mədəni irsinin qorunmasına və inkişafına böyük önəm verirdi. Azərbaycan dilinin təkmilləşdirilməsi, tarixi abidələrin bərpası və mədəniyyətin təşviqi Onun prioritetləri sırasında idi.
1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması Heydər Əliyevin uzaqgörənliyinin ən bariz nümunələrindən biridir. Bu lisey milli zabit kadrlarının hazırlanması üçün mühüm baza oldu və Azərbaycanın hərbi sahədəki mövqelərini gücləndirdi.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün dərin siyasi, iqtisadi və hərbi böhran dövrü idi. Bu çətin şəraitdə Heydər Əliyev xalqın çağırışı ilə Naxçıvana qayıtdı və 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi. Ermənistanın blokadası nəticəsində ciddi təcrid vəziyyətində olan Naxçıvanda Heydər Əliyev iqtisadi və siyasi sabitliyi təmin etdi.
1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransında partiyanın sədri seçilən Heydər Əliyev müstəqil Azərbaycanın siyasi sisteminin formalaşmasına böyük təkan verdi.
1993-cü ilin yayında Azərbaycan ağır daxili siyasi böhran yaşayırdı. Qarabağ müharibəsində məğlubiyyətlər, daxili siyasi çəkişmələr və iqtisadi tənəzzül dövlət müstəqilliyinin mövcudluğunu təhlükə altına almışdı. Bu çətin məqamda xalqın tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu. Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, həmin gün Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd olunur. İyunun 24-dən Prezident səlahiyyətlərini icra etməyə başlayan Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən ümumxalq seçkilərində Prezident seçildi.
Beləliklə, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra tezliklə ölkədə siyasi sabitlik təmin edildi, milli birlik bərpa olundu. 20 sentyabr 1994-cü il tarixində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft və qaz sektoruna beynəlxalq sərmayələrin cəlb olunmasına imkan yaratdı və ölkənin enerji potensialını dünya bazarına təqdim etdi. Bu müqavilə Azərbaycanın beynəlxalq enerji bazarında mövqeyini gücləndirərək, iqtisadi inkişaf üçün mühüm bir zəmin formalaşdırdı. Bununla yanaşı, “Əsrin müqaviləsi” regionda sabitlik və əməkdaşlıq üçün yeni bir dövrün başlanğıcı olaraq, Azərbaycanın geosiyasi rolunu ön plana çıxardı. Yeni Konstitusiyanın qəbul edilməsi ilə hüquqi dövlətin əsasları yaradıldı, demokratik idarəetmə prinsipləri tətbiq edildi. Milli ordu müasir standartlara uyğunlaşdırıldı, hərbi sahədə ciddi islahatlar həyata keçirildi. Balanslaşdırılmış xarici siyasət yürüdərək, Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındı.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın inkişafını yeni bir səviyyəyə qaldıraraq, ölkənin enerji təhlükəsizliyini təmin edən TANAP və TAP layihələrinin əsasını qoydu. Bu layihələr, Heydər Əliyevin uzaqgörən strateji siyasətinin nəticəsi olaraq, Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini gücləndirdi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, dahi lider Heydər Əliyevin ordu quruculuğu və milli müdafiə siyasətinin təməlində atılan strateji addımların nəticəsi idi.
Bu gün Heydər Əliyevin ideyaları Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir, Azərbaycan Ulu Öndərin müəyyən etdiyi inkişaf yolunda əmin addımlarla irəliləyir. Heydər Əliyevin adı xalqımızın yaddaşında əbədi qalacaq, Onun misilsiz xidmətləri isə hər zaman hörmət və qürurla xatırlanacaq.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Digər xəbərlər