PDF Oxu

Siyasət

  • 850

"ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib"

image

ABŞ-ın Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı Vaşinqtonun mümkün addımlarına dair Azərbaycan mediasının sualına cavab verməyib, sadəcə, bu ölkənin işğaldan azad edilmiş ərazilərimizdə hansısa layihələr təklif etdiyini xatırlatmaqla kifayətlənib. Bu azmış kimi, ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: "Hesab edirik ki, səfirlik özünün cavabının tonu ilə, o cümlədən media subyektlərinin sualını "aldadıcı" kimi dəyərləndirməklə ABŞ-ın hər zaman vurğuladığı "söz azadlığı", "fikir müxtəlifliyi" prinsiplərinə, əslində, necə "hörmət bəslədiyi"ni nümayiş etdirib.

Qərbi Azərbaycan İcması olaraq ABŞ-ın Ermənistandan zorla çıxarılmış azərbaycanlıların məsələsini, o cümlədən onların mədəni irsinin Ermənistan tərəfindən dağıdılmasını görməzdən gəlməsini təəssüf hissi ilə qeyd edirik. Qayıdış hüququmuzun dəstəklənməsi xahişi ilə hələ ötən ilin aprelində ABŞ Dövlət katibi Antoni Blinkenə göndərdiyimiz məktuba bu günədək cavab verilməyib. Halbuki ötən dövr ərzində ABŞ hökuməti "insan hüquqları" adı altında bir sıra uydurma məsələləri dəfələrlə gündəmə gətirib. Hamıya məlumdur ki, ABŞ-ın hazırkı administrasiyası "insan hüquqları" və "mədəni irs" mövzularını yalnız Azərbaycana qarşı saxta ittihamlar irəli sürmək lazım gəldikdə xatırlayır.

ABŞ-ın hazırkı administrasiyasının azərbaycanlılara qarşı nümayiş etdirdiyi irqi ayrı-seçkiliyi qətiyyətlə qınayır və qərəzli siyasətinə heç olmasa səlahiyyət müddətinin bitməsinə az qalmış son verməyə, o cümlədən Dövlət katibi Antoni Blinkeni göndərdiyimiz məktuba cavab verməyə çağırırıq. Bundan əlavə, biz regional məsələlərə dair müxtəlif birtərəfli dinləmələr təşkil edən ABŞ Senatı, Konqresin Tom Lantos adına İnsan Hüquqları Komissiyası, Dini Azadlıq Komissiyası kimi qurumlarının növbəti dinləmələrində Qərbi Azərbaycan İcmasının da iştirakının təmin olunacağına dair gözləntimizi ifadə edirik".

Digər xəbərlər