PDF Oxu

Siyasət

  • 389

Türk dünyası ilə əlaqələr yeni inkişaf dövrünə qədəm qoyur TƏHLİL

image

Bu gün Azərbaycan dünyanın ən sivil, demokratik, güclü və qüdrətli dövlətləri sırasında özünəməxsus yer tutur. 30 il erməni işğalı altında olmuş torpaqlarımızın 44 günlük Vətən Müharibəsində azad edilməsi və ərazi bütövlüyümüzün tam şəkildə bərpa edilməsi Azərbaycanın dünya miqyasında nüfuzunun daha da artmasına təkan oldu. Hər bir dövlət Azərbaycanla səmərəli əməkdaşlıq əlaqələr qurmaqda, isti münasibət saxlamaqda maraqlıdır. Həm də əlaqələrin dövlətlərin maraqlarına uyğun inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətinin ana xəttini təşkil edir. Bu baxımdan Azərbaycan beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyət göstərməsi ilə fərqlənmiş və milli maraqlarımızın təmin olunmasına yönəlmiş siyasət həyata keçirmişdir. Ölkəmizin beynəlxalq təşkilatlarda nüfuzunun yüksək olmasının nəticəsidir ki, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı dünyanın inkişafına mühüm töhfələr verən qlobal əhəmiyyətli tədbirlər keçirlib. Koronavirus pandemiyasının qarşısının alınması və dövlətlərin bu istiqamətdə əməkdaşlığının gücləndirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə Qoşulmama Hərəkatının videokonfrans formatında toplantısı keçirilib. Eyni zamanda, dünya ölkələrinin pandemiya ilə mübarizədə fəaliyyətlərinin artırılması məqsədi ilə bu il Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının konfransı keçirilib. Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində dünyada ən fəal və sərt qabaqlayıcı tədbirlər görən dövlətlərdəndir. Pandemiyaya qarşı ölkədaxili tədbirlərlə yanaşı, Azərbaycan dövləti dünyanın 30-yaxın dövlətinə maliyyə yardımları göstərib. Ümumdünya Səhiyyə Təşkilatına isə Azərbaycan dövləti 10 milyon ABŞ dolları həcmində maliyyə yardımı göstərib. Məhz bu kimi xeyirxah və humanist addımlarına görə, Ümumdünya Səhiyə Təşkilatının Baş direktoru dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubları ünvanlayıb. Bütün bunlar ölkəmizə çox mühüm diplomatik uğurlar gətirməklə yanaşı, beynəlxalq müstəvidə nüfuzunun və müsbət yöndə imicinin artmasına xüsusi imkanlar yaradır. Təbii ki, səbəbsiz deyil ki, Azərbaycan ordusunun sentyabrın 27-dən erməni terrorçularına qarşı Qarabağda uğurlu hərbi əməliyyatlar apardığı zaman İslam Konfransı Təşkilatının, Qoşulmama Hərəkatının, Türk Şurasının, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin irəli sürdükləri separatçı layihəyə qeyri-daimi üzvlərin sərt münasibət bildirmələri və ayrı-ayrı ölkələrin Azərbaycanın haqq işini, ədalətli mövqeyini müdafiə etmələri ölkəmizin dünyada böyük nüfuza malik olması ilə bağlıdır. Dövlətimizin uğurlu xarici diplomatiyasının prioritetlərindən biri də türk dünyasının qarşılıqlı əlaqələrinin möhkəmlənməsidir.

Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri dönməz və sarsılmazdır

Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, türk dünyası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri, strateji müttəfiqliyi, beynəlxalq təşkilatlarda, diaspor fəaliyyətlərində eyni maraqlardan çıxış edilmələri dünya xalqları və dövlətləri üçün həsəd aparılan, paxıllıq hissi yaradan məsələyə çevrilib. Sentyabrın 27-dən Qarabağda aparılan uğurlu təmizləmə əməliyyatlarında Türkiyə hakimiyyəti və xalqı Azərbaycan dövlətinə, ordusuna ən yüksək səviyyədə mənəvi, siyasi, diplomatik dəstək göstərdi. Hələ 2016-cı il aprel döyüşləri zamanı Türk dünyası Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın ordusunun erməni terrorçularını darmadağın etməsinə haqq qazandırıb, hər cür məsələdə Azərbaycana dəstək olduqlarını bəyan etdilər. Məlumdur ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan və ayın 5-də Rusiya atəşkəs razılaşmasının imzalanmasına qədər davam edən döyüşlərdə Ordumuz işğal altında olan torpaqlarımızın bir hissəsini, strateji məntəqələri azad edib. Hərb tariximizə “Dörd günlük müharibə” və ya “Aprel döyüşləri” kimi qəhrəmanlıq və zəfər vuruşu kimi şöhrət qazanan bu fenomenal hadisənin öz yeri və rolu vardır. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş bu hərbi münaqişə, əslində, Ermənistan işğalçılarının növbəti atəşkəsi pozmalarına verilən cavab olmuşdu. Yəni Azərbaycan ordusu bütün Beynəlxalq sülh prinsiplərinə sadiq qalsa da, qarşı tərəfin mənfur niyyəti, arxadan vurmaq xisləti, xainliyi özünü növbəti dəfə göstərəndə, ordumuz sadəcə onlara yerlərini göstərmişdi. Dörd günlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçirmişdir. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların da nəzarətdə saxlanılmasını təmin etmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprel döyüşlərinin bizim böyük hərbi qələbəmiz olduğunu bildirib: “Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir”.

Ərazilərimizin azad edilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsidir

Torpaqlarımızın erməni terrorçularından, “hərbi cinayətkar”lardan təmizlənməsi xoş müjdə olaraq bütün müsəlman Türk dünyasında böyük coşqu ilə qeyd olundu. Bakıda keçirilən Qələbə Paradında Türkiyənin hökumət və dövlət rəhbərləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Türkiyə Silahlı Qüvvələrinin mehmetçiklərinin Qələbə Paradında sıra keçidində iştirak etmələri bütün Türk dünyasına qürurverici anlar yaşatdı. Bu nümunəvi dəstək Ulu Öndər Heydər Əliyevin Türkiyə- Azərbaycan qardaşlığı barədə dediyi "bir millət iki dövlət", Mustafa Kamal Atatükün "Azərbaycan xalqının sevinci sevincimiz, kədəri kədərimizdir" tarixi fikirlərinin ruhuna tam uyğundur. Məhz buna görə də, türk dünyasının beynəlxalq aləmdə özünəməxsus yer tutması uğrunda müasir dövrün türk liderləri olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böyük xidmət göstərməkdədirlər. Hər iki ölkənin liderləri təkcə Türk Şurasının Zirvə Görüşlərində, Türk PA-da TÜRKSOY-da deyil, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli addımlar atır, qərarlar verirlər. İki dost, qardaş ölkə arasında iqtisadi-ticarət əlaqələri də hər il artmaqdadır. Hazırda Türkdilli dövlətlər arasında Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard dollar, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard dollar təşkil edir. Azərbaycan dövləti BMT-nin UNESKO, UNİCEF və digər xüsusiləşdirilmiş təşkilatları ilə genişmiqyaslı əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələr çərçivəsində Azərbaycan-BMT birgə layihələri icra edilib və bu layihələrin həyata keçirilməsi demokratik institutlarının inkişafına mühüm töhfələr verib. Azərbaycan ATƏT-lə də geniş əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələr daha çox seçkilərin müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xətti ilə həyata keçirilən layihələr, Azərbaycanın Ermənistanın yumruqla başını əzib Qarabağı azad etdikdən sonra tarixin arxivinə atılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasının həyata keçirilməsi məsələləridir. Azərbaycan Respublikası 2001-ci ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlığı da yüksək səviyyədə, hər iki tərəfin maraqlarına uyğun həyata keçirilir.

“Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”

Azərbaycan hərbi təşkilat olan NATO ilə əlaqələri də arzuolunan səviyyədədir. Ölkəmizin bu qurumun "Sülh naminə Tərəfdaşlıq" proqramına qoşulması ilə, Avro-Atlantika Tərəfdaşlıq Şurasında mühüm mövqeyə malik olub. Ölkəmizin dünyada baş verən bütün siyasi - ictimai proseslərə təsir etmək imkanlarına malik olan Avropa İttifaqı ilə münasibətlər, əməkdaşlıq əlaqələri ən yüksək səviyyədə inkişaf etməkdədir. Bu mötəbər qurumla Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”ndə tərəflər arasında siyasi və ticarət sahəsində əməkdaşlıq, Azərbaycanın qanunvericiliyinin Avropanın hüquq sisteminə uyğunlaşdırılması məsələləri öz əksini tapmışdır. Avropa İttifaqı ilə əməkdaşlığa Azərbaycanın xüsusi önəm verdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyevin qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasətinin prioriteti hesab edir: “Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə bizim qarşımızda yeni imkanlar açacaq yeni saziş imzalayacağıq”. Birmənalı şəkildə demək olar ki, Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır. Bunu qurumun rəhbərləri də çıxışlarında vurğulayıblar və Azərbaycanın Avropanın enerji təchizatında önəmli rol oynadığını qeyd ediblər. Uzunluğu 3500 kilometr olan "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması ilə Xəzər regionundan qaz təchizatının Avropa bazarlarına birləşdirməsinə nail olunur. Eyni zamanda, Azərbaycan qurumun 23 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması, 14 üzv ölkə ilə isə Hökumətlərarası Komissiyanın yaradılması haqqında saziş imzalanıb. Əlaqələrin inkişafı, yeni müqavilələrin, sazişlərin imzalanması Azərbaycanla yanaşı dövlətlərə və beynəlxalq təşkilatlara iqtisadi, humanitar, sosial, mədəni sahələrdə xeyirlər verir. Söz yox ki, bu cür iki və çoxtərəfli müqavilələrin imzalanması və əlaqələrin inkişafı bundan sonra da davam etdiriləcək. Çünki Azərbaycan dövlətinin Prezidenti, Fateh Sərkərdə İlham Əliyevin apardığı siyasət sülhə, əmin-amanlığa, iqtisadi əlaqələrin inkişaf etdirilməsinə əsaslanır.

İLHAM ƏLİYEV

Digər xəbərlər