Bir neçə gündən sonra həyatımızın bütün sahələri ilə zəngin olan 2024-cü ilə vida söyləyəcəyik Təqvimizə yola salacağımız il yaddaqalan hadisələrlə həkk olundu. Biri digərini əvəzləyən hadisələr Azərbaycan ictimai-siyasi mədəni tarixinə silinməz iz saldı. Bu gün yarandığı zamandan etibarən, xalqımızın mənəvi sərvətinin və milli mədəniyyətinin təbliği və inkişafı istiqamətində mühüm işlər görən, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəz kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun il ərizində gördüyü işlər vərəqləyəcəyik. Əhəmiyyəti ilə diqqətə çəkən hər bir görülən iş xalqın böyük məhəbbətini və etimadını qazanan Azərbaycanın Birinci vitse-prezident, Heydər Əliyev Fodunun prezidenti Mehriban xanım Əliyevanın Ulu Öndər Heydər Əliyev ucalığını başlıca meyar götürməsindən, eləcə də Azərbaycanın birinci xanımının zəngin mənəvi və intellektual potensialından qaynaqlanır. Məhz bu cür mükəmməl fəaliyyətin məntiqi nəticəsi olaraq indi Heydər Əliyev Fondunun gördüyü işlərin sorağı dünyanın sayılıb-seçilən ölkələrindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir. Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi, mədəni həyatında gördüyü işlərin bir illik məsafəsinə diqqət yetirsək nə qədər möhtəşəm hadisələrin reallaşdığının bir daha şahidinə çevrilərik. Belə ki, 2024-cü ildə Azərbaycanda baş verən sıçrayışlarda, onun simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiq yer qazanmasında Mehriban xanım Əliyevanın fəaliyyəti, genişmiqyaslı layihələrinin müstəsna yeri və əhəmiyyəti var. Onun həyata keçirdiyi layihələr yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyır. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək istiqamətində Fondun böyük mahiyyət daşıyan addımları Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə söykənir.
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA TARİXİ-DİNİ ABİDƏLƏRƏ YENİ HƏYAT
Fondur işğaldan azad olunan ərazilərdə tarixi-dini abidələrin təmir və bərpası ilə bağlı gördüyü işlər təqdirəlayiqdir. Bu ilin ən yaddaqalan hadisələrindən biri Ağdam Cümə məscidinin bərpadan sonra açılışı oldu. İşğaldan azad olunan ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində Ağdam Cümə məscidindəki işlər yekunlaşıb və məscid əvvəlki görkəminə qaytarılıb. Torpaqlarımız işğaldan azad olunduqdan sonra 2022-ci ilin martından Ağdam Cümə məscidinin bərpasına başlanılıb. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən aparılıb.
Mamayı məscidinin bərpadan sonra açılışı da bui lə təsadüf etdi. Heydər Əliyev Fondunun layihəsi əsasında məsciddə və məscid ərazisindəki bulaqda aparılan bərpa işlərinə 2023-cü ildə başlanılıb. Mamayı məscidi şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında tikilib. Düzbucaqlı plan quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri var. Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan güldəstə quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib. Şəhərin digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Bildirilib ki, işğal dövründə məscid və onun yanında yerləşən bulaq yararsız hala salınıb. Erməni işğalçıları şəhərdəki bir çox abidələr kimi ərazidəki Mamayı bulağını da erməniləşdirməyə çalışmışdılar. Bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunmuşdu. Bundan başqa, ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk etmişdilər. Aparılan bərpa işləri nəticəsində artıq burada erməni vandalizminin bütün izləri aradan qaldırılıb. Bundan əlavə Şuşada Heydər Əliyev Fondu tərəfindən Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və 2023-cü ilin may ayında istifadəyə verilib.
ŞUŞADA AŞAĞI GÖVHƏR AĞA MƏSCİDİ
Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatdı. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.
Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər Ağa məscidində aparılıb.
Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər.
Qeyd edək ki, məscid ərazisindəki tarixi mədrəsə binasında hazırda muzey yaradılıb. Muzeydə dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, dini abidələrin bərpası və mühafizəsinə daim diqqət yetirilməsinə dair məlumatlar əks olunub. Ölkəmizdə ayrı-ayrı dinlərin məbədləri bütün dövrlərdə yüksək səviyyədə mühafizə olunub, məscid, kilsə və sinaqoqlar təmir və bərpa edilib. Azərbaycan xalqının qədim mədəniyyətinin təşəkkül tapdığı Qarabağ və Şərqi Zəngəzur əraziləri öz tarixi, maddi-mədəniyyət və dini abidələri ilə hər zaman zəngin olub. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrə qarşı vəhşiliklər törədilmişdir. İşğalın ən ağır fəsadlarından biri bəşəri əhəmiyyətə malik mədəni irsin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsidir. İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə artmaqdadır. Muzeydə Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirmək və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə foto və videomateriallar nümayiş olunur.
TARİXİ ZƏNGİLAN MƏSCİDİ
Bu ilin mayın 18-də Zəngilan məscidinin açılışı da yaddaqalan tarixi hadisəyə çevrildi. Qeyd edək ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Məscidin tikintisini Heydər Əliyev Fondu "PAŞA Holdinq" MMC-nin dəstəyi ilə həyata keçirib.
Ermənistan 30 illik işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrimizə qarşı vəhşiliklər törədib. Ermənilər şəhər və rayonlarımızda yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıdıb, təbii sərvətlərimizi talan edib, bu ərazilərdəki dini, tarixi, mədəniyyət abidələrimizi vandalizm aktlarına məruz qoyub. O cümlədən Zəngilan rayonundakı tarixi, dini, mədəniyyət abidələrimiz erməni təcavüzünün qurbanları sırasındadır. Burada da müqəddəs ocaqlarımız ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib.
İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.
İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb. Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir. Burada işğalın ən ağır fəsadlarından biri kimi bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb.
GƏLƏCƏYİMİZƏ OLAN QAYĞI
Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində böyük uğurlara səbəb oldu. Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı əsasında ötən illərdə olduğu kimi, 2024-cü ildə də təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olundu. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla proqram çərçivəsində müasir standartlara cavab verən məktəb binaları inşa olunaraq yenidən quruldu. Belə ki, müəssisələrin yüksək səviyyədə yetişən nəslin ixtiyarına verilməsi gələcək nəslin sağlam, savadlı, yetkin bir formada böyüməsinə təsirini göstərməkdədir.
Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Qarabağ və Şərqi Zəngəzurla məhdudlaşmır. Bu ili sentyabrın 16-da Heydər Əliyev Fondu tərəfindən Şamaxı rayonu Bağırlı kənd tam orta məktəbi üçün inşa edilmiş 460 şagird yerlik məktəb binası istifadəyə verilib. 1988-ci ildə inşa olunmuş Şamaxı rayonu F.Şıxəliyev adına Bağırlı kənd tam orta məktəb ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Ona görə də yeni təhsil ocağının inşasına qərar verilmişdi. 2024-2025-ci tədris ilində təhsil müəssisəsinə 433 şagird təhsil prosesinə cəlb olunub. Heydər Əliyev Fondu tərəfindən inşa edilən 3 korpusdan ibarət 2 mərtəbəli məktəb binasında 21 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim və tibb otaqları, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.
Heydər Əliyev Fondu tərəfindən Samux şəhərində isə 80 yerlik uşaq bağçası – körpələr evi inşa etdirilib. İkimərtəbəli bir korpusdan ibarət bağça zəruri mebel və avadanlıqla təchiz edilib. Binada metodika otağı, oyun zalı, yeməkxanalar, yataq otaqları, həkim otağı, musiqi və idman zalları və s. yaradılıb. Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, oyun meydançası salınıb.
Heydər Əliyev Fondunun bu ilki tədris ilində növbəti layihəsi Xaçmazda reallaşıb. Xaçmaz rayonunun İstisu qəsəbəsində 1938-ci ildə inşa olunmuş tam orta məktəb ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondunun təhsil sahəsindəki növbəti layihəsinin ünvanı məhz Xaçmazın həmin qəsəbəsi seçilib. Yeni məktəbin inşası ilə bağlı bu ilin əvvəlində başlanılan tikinti işləri yekunlaşıb.
Yeni tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra yeni inşa olunmuş məktəblər sırasında Ağstafa rayonu Zəlimxan kənd A.Asimoğlu adına tam orta məktəbin binası da var. Məktəb binasının birinci korpusu 1930-cü ildə, ikinci korpusu isə 1988-ci ildə inşa olunub. Ötən müddət ərzində bina köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən məktəb üçün 220 şagird yerlik yeni bina inşa edilib.
SƏRHƏDLƏRİ AŞAN LAYİHƏLƏR
Fondun gördüyü işlərin sərhədi yoxdur. Elə bu günlərdə Neydər Əliyev Fondunun dəstəyi ilə Ruanda məktəbi içməli su ilə təchiz olunub. Heydər Əliyev Fondu əksər Afrika ölkələri üçün bir nömrəli problem olan – içməli su ilə təchiz məsələsinə öz töhfəsini verib. Belə ki, Fondun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi çərçivəsində Ruandanın Şərq əyalətinin administrativ mərkəzi Rvamaqana şəhər məktəbi içməli su ilə təchiz edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb binasının yerləşdiyi ərazidə su quyusu qazılaraq saatda 3 tona yaxın içməli suyun verilməsi təmin edilib. Bundan əvvəl sakinlər tələbatlarını təmin etmək üçün yağış suyundan asılı vəziyyətdə olublar.
Qeyd edək ki, Heydər Əliyev Fondu "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsini həyata keçirir. Fondunun Ruandada həyata keçirdiyi layihə çərçivəsində 1000-dək şagirdin təhsil aldığı məktəb tədris şəraitinin yaxşılaşdırılması və uşaqların yüksək texnologiyalarla bağlı biliklərə yiyələnməsi məqsədilə kompyuterlərlə təchiz olunub. Bununla yanaşı Fond tədris ocağının internetə çıxışını da təmin edib.
Qeyd edək ki, Heydər Əliyev Fondu bu günədək Afrika qitəsi ölkələrində səhiyyə, sosial, təhsil sahələrində bir sıra layihələr həyata keçirib. Bu sırada Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq humanitar fəaliyyət çərçivəsində Afrika İrsi Məktəbinin inkişafı üçün maliyyə yardımı, Cibuti Respublikasına səhiyyə sisteminin inkişafı məqsədi ilə tibbi avadanlıqların verilməsi layihələrini qeyd etmək olar. Gələcəkdə Afrikanın digər ölkələrində də Heydər Əliyev Fondu tərəfindən təhsil və mədəniyyət sahəsində layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Əlbəttə ki, bütün bunlar Fondun il ərizində gördüyü işləri tam əhatə etmir. Bu layihələrin miqyası geniş və əhatəlidir. Mehriban xanım Əliyeva hər zaman olduğu kimi, yola salacağımız 2024-cü ildə də möhtəşəm layihələrə imza atdı. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla yanaşı, gənclərin hərtərəfli inkişafına diqqətlə yanaşaraq uşaq və yeniyetmələrdə idmana maraq aşılamaq, onları sağlam ruhda tərbiyə etmək istiqamətində müxtəlif layihələr də həyata keçirdi. Əlbəttə ki, bu Mehriban xanım Əliyevanın yalnız təhsillə bağlı həyata keçirdiyi layihələri yox, Qarabağımızda və Şərqi Zəngəzurda gerkələşdirdiyi layihələr də tarixin yaddaşına həkk olundu.
Nəzakət ƏLƏDDİNQIZI