Azərbaycanın növbəti diplomatik uğuru
Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bu gün Azərbaycan düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Ötən dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi siyasət və islahatlar ölkəni regionda lider dövlətlərdən birinə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda həyata keçirilən bütün beynəlxalq və irimiqyaslı layihələr Azərbaycanın milli maraqları nəzərə alınmaqla reallaşır. Bu gün Prezident İlham Əliyevin qüdrətli rəhbərliyi ilə Azərbaycan dünyada, xüsusilə Avrasiyada mühüm iqtisadi və siyasi oyunçu və güc mərkəzinə çevrilib.
AZƏRBAYCAN YEKDİLLİKLƏ D-8 TƏŞKİLATININ ÜZVÜ SEÇİLİB
Bu günlərdə Azərbaycanın növbəti diplomatik uğuru – D-8 təşkilatına üzvlük ölkəmizin müstəqillik tarixində beynəlxalq diplomatik uğurlar sırasına daxil olan növbəti əlamətdar hadisə kimi yadda qalıb. Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. Bu, D-8 yarandığı gündən təşkilatın sıralarının ilk genişlənməsi kimi əlamətdardır. Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə malik, 130 milyard ticarət dövriyyəsi həyata keçirən, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən (ümumi əhali 1,2 milliardan artıqdır) və böyük iqtisadi potensiala malik "İslam Səkkizliyi" adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Bu, Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminliklə deyə bilərik ki, Ulu Öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə söz sahibi olan müstəqil dövlətə çevirdi. Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı. Bu gün regiondakı hər hansı bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşə bilməz.
XARİCİ SİYASƏTDƏ BİR-BİRİNİ TAMAMLAYAN ELEMENTLƏR
Prezident İlham Əliyev ilk dəfə olaraq fəxri qonaq qismində İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edib. Azərbaycanın D-8-ə qoşulması, ölkəmizin multilateralizm siyasətinə sadiqliyini bir daha nümayiş etdirir. Bu, Azərbaycanın təşkilat çərçivəsində həm çoxtərəfli, həm də ikitərəfli formatda əlaqələrinin inkişafına təkan verəcək. D-8-ə üzvlük və İslam Əməkdaşlıq Təşkilatına üzvlük, ölkəmizin xarici siyasətində bir-birini tamamlayan elementlərdir. Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir. Bu gün Azərbaycan islam həmrəyliyi ideyalarına və mədəniyyətlərarası dialoq ənənələrinə sadiqdir. Azərbaycan öz əqidəsinə, milli dəyərlərinə sadiq bir dövlətdir. Azərbaycan islami dəyərlərə, islam dininə bağlı dövlətdir. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi və tolerantlıq yeni dövrünü yaşayır. Dünyada baş verən siyasi proseslər, müsəlman ölkələrindəki müharibə və münaqişələr, bəzi ölkələrdə islamofobiyanın yayılması islam dünyasında həmrəyliyin zəruriliyini bir daha əyani surətdə göstərir. Belə şəraitdə Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir.
Ölkəmizin D-8 üzvlüyü bir daha sübut edib ki, Azərbaycan hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir. Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq.
İSLAMOFOBİYA İLƏ MÜBARİZƏ SAHƏSİNƏ BÖYÜK TÖHFƏ
Bu çərçivədə həmçinin geniş regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət və bir sıra digər vacib istiqamətlərdə əlaqələrinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Geosiyasi mövqeyi, geniş iqtisadi potensialı, strateji tranzit məntəqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regional mərkəzlərdən biri kimi seçilən Azərbaycanın üzvlüyünün təşkilatı daha da möhkəmləndirəcəyinə əminlik yaradır. Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP və digər layihələr Azərbaycanı qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir. Bu layihələr regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın enerji diplomatiyası regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət edir. Qeyd edək ki, Azərbaycan diplomatiyasının uğurları yalnız BMT ilə deyil, digər nüfuzlu təşkilatlarla da sıx əlaqə yaratmasına imkan verib. Bu sırada Azərbaycanın ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, Avropa İttifaqı, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi xüsusi qeyd olunmalıdır. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindənbiri olan Azərbaycanın D-8 üzvlüyü eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq.
TƏŞKİLATIN YENİ HƏDƏFLƏRİ - "2020-2030 İLLƏR YOL XƏRİTƏSİ"
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. Təşkilatın yeni hədəfləri "2020-2030 illər yol xəritəsi" sənədində əks olunub.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 21 il ərzində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilib. Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Hakimiyyətə gəldiyi ilk dövrdən dövlət başçısı İlham Əliyev beynəlxalq diplomatik səviyyədə Azərbaycanın mövqelərinin gücləndirilməsi və müxtəlif tərəfdaşlıqların qurulması işini yorulmadan davam etdirir.
Zümrüd BAYRAMOVA