“Dövlətimizin başçısı İlham Əliyev bu ilin fevral ayında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində böyük qürur hissi ilə bildirdi ki, 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Ötən dövrün hesabatı kimi dəyərləndirilən bu fikrin davamı olaraq o da qeyd olundu ki, verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Ümummilli Lider Heydər Əliyev 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində əminliklə bildirmişdir ki, axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyev axıra çatdıracaq. Ona özü qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyir.
Göründüyü kimi, cənab İlham Əliyev Prezidentlik dövrünün 20 ilində bütün vədləri yerinə yetirməklə Ona göstərilən etimadı, ümidləri doğrultdu, 30 il işğal altında qalan torpaqlarımızı tarixi sahibinə qovuşdurdu, Azərbaycan Bayrağının Şuşada, Xankəndidə, Xocalıda, azad edilmiş bütün torpaqlarda ucaldılmasına nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin adını çoxəsrlik tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırması böyük qətiyyətin, siyasi iradənin, düşünülmüş siyasətin, liderlik bacarığının nümayişi oldu. Prezident İlham Əliyev qeyd etdi ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, son bir il suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəflərə doğru inamla addımladığı mərhələdir: “Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınan Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət uğurlarının miqyasını daha da genişləndirir, ölkələr, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Azərbaycan həmişə yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanır. Yeni körpülərin qurulması, müxtəlif mədəniyyətlərin, dinlərin bir araya gətirilməsi həmişə prioritet məsələlər kimi öndə dayanır. Həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir”.
Malik Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür: “İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Cənab İlham Əliyev verilən bütün vədlərin yerinə yetirildiyini əsaslı şəkildə diqqətə çatdırarkən bu mühüm məqamı xüsusi qeyd edir ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik”.
Millət vəkili Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən bəhs edərək bu Zəfərləri uğurlarımızın zirvəsi kimi qeyd edib: “Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Ümummilli Lider Heydər Əliyevə müraciət edərək bildirmişdir ki, əsəriniz olan Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik. Təbii ki, 2003-cü ildən bu günədək keçilən yolu təhlil etdikdə Azərbaycanın addım-addım hədəflərə doğru irəlilədiyini görür və bundan qürur hissi keçiririk. Güclü Azərbaycan həmişə həyata keçirilən siyasətin əsasında dayanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə davamlı uğurlara imza atdı. Dayanıqlı iqtisadi inkişafı ilə diqqətdə olan Azərbaycan özünü dünyaya sosial dövlət, demokratik islahatlar sahəsində zəngin təcrübəyə, dünyanın ən güclü orduları sırasında qərarlaşan orduya malik ölkə kimi təqdim edir. Rəşadətli Azərbaycan Ordusu gücünü, qüdrətini 44 günlük İkinci Qarabağ müharibəsində və bir günlük antiterror tədbirlərində nümayiş etdirdi. Bu Zəfərlər, eyni zamanda, Azərbaycanın informasiya cəbhəsində üstünlüyünün nümayişi oldu”.
Malik Həsənov vurğulayıb ki, Azərbaycanın son 21 ildə qazandığı uğurların miqyası olduqca genişdir və onları sadalamaqla bitməz: “Artıq yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəflərindən bəhs edirik. Ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi yeni dövrün başlanğıcı oldu. Cənab İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi. Son bir il yeni dövrün yeni reallıqları ilə diqqətdədir. 2024-cü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş xalq kimi qədəm qoyan Azərbaycan xalqı sevinclidir, xoşbəxtdir. Bu il seçki ili kimi xarakterizə olunur. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident və parlament seçkiləri keçirildi. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyası “Qalib xalqın qalib Lideri”, “Yeni dövrə yeni Azərbaycanla” söylədi. Bu seçki prosesləri yeni Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açdı. Bu il, eyni zamanda, Azərbaycanın COP29 tədbirinə yüksək səviyyədə ev sahibliyi ilə diqqətdə oldu. Dünya Bakıya toplaşdı və uğurlu nəticələr əldə edildi. Dekabrın 19-da Azərbaycan növbəti diplomatik uğura imza atdı. Belə ki, Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisi kimi dəyərləndirilir. Bu, Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir”.
Millət vəkili qeyd etdiklərinin ümumiləşdirilmiş ifadəsi olaraq bildirib ki, qalib, bütövləşən, yeni Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da möhtəşəm uğurlara, yeni-yeni hədəflərə nail olacaq.