PDF Oxu

Siyasət

  • 987

"Azərbaycan dövləti yalnız sağlam inteqrasiya, əməkdaşlıq tərəfdarıdır" - ŞƏRH EDİLDİ

image

"İnformasiya sahəsində mücadilə səngimir, bu gərginlik var, həmişə də olacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.O bildirib ki, çünki burada qrupların, ölkələrin, siyasi dairələrin həmişə mövqeyi toqquşaraq ictimai rəyin formalaşmasına təsirlər göstərir: "Bu baxımdan Azərbaycanın da deməyə həmişə sözü olub. Çünki Azərbaycan həmişə tarixin işıqlı tərəfindədir. Biz heç kəsə hücum etməmişik, heç kəsin torpağına göz dikməmişik. Əksinə, həmişə bizim torpaqlarımızı qonşularımız hədəfə tutublar. Çalışırlar ki, dünyaya təlqin etsinlər ki, guya azərbaycanlılar gəlmədilər, guya, özləri qədim xalqdırlar. Halbuki, 200 il əvvəl böyük imperiyalar ermənilərin bizim bölgəyə köçürülməsinə izin verdilər. Bununla da problemləri Qafqaz diyarına gətirdilər. Nahaq yerə Rusiyanın böyük mütəfəkkir və yazıçısı Tolstoy bildirmirdi ki, ermənilərin Qafqaza köçürülməsi ilə bağlı çar hökuməti Qafqaz xalqlarını arxadan zərbə ilə vurdu. Bu, həqiqətən də, belə oldu. Amma bunun ən böyük ağrısını da Azərbaycan çəkir. Çünki onlar məhz bizim torpaqlara iddia edirlər. Əsassız öz istəklərini də çalışırlar ki, yalanları ilə doldursunlar"."Kiselyova verilən müsahibədə bəzi həqiqətlər yenidən səsləndi, ancaq bir çox məqamlar da yeni kontent kimi meydana gəldi. Çünki Prezident İlham Əliyevin ötürdüyü mesajlar həmişə aktual olur, reallığı əks etdirir. Nəhayət, göstərir ki, kim beynəlxalq hüququn gücündən istifadə edir, kim isə gücün imkanlarına bel bağlayır. Burada Azərbaycan hüquqdan çox məharətlə istifadə edir. Beynəlxalq hüququn normalarını aydın təsbit edir, göstərir ki, insanlar, cəmiyyətlər, dövlətlər özlərini necə aparmalıdırlar. Prezident bildirdi ki, Ermənistan ciddi silahlanır. Bu, tək onun niyyəti deyil, onun arxasında duran qüvvələrin də istəyindən irəli gələn məqamdır. Ona görə də, buna ciddi yanaşmaq lazımdır. Digər tərəfdən Prezident 300 mindən artıq azərbaycanlının Qərbi Zəngəzura köçürülməsi barədə danışdı. Çünki bu, çox vacib məsələdir. Ermənilər 30-35 il bundan əvvəl azərbaycanlıları oradan deportasiya etdilər, demək olar ki, Ermənistan özü normal vəziyyətə çıxa bilməyib. Onların vəziyyəti çox gərgindir. İqtisadi sistem axsaqdır. Azərbaycanlılar orada çox vacib kəsim təşkil edirdilər. Onlar xüsusən aqrar sektorda fəaliyyət göstərirdilər. Ermənistanın o dövrdəki respublikasının imkanlarını artırırdılar. Buna baxmayaraq onlar nankorluq edərək azərbaycanlıların xeyirxahlığından sui-istifadə edərək onları pis vəziyyətə saldılar, ölkədən çıxardılar. Niyyətləri ondan ibarət idi ki, Ermənistanı respublika etsinlər. Bunu etdilər, özləri çox bədbəxt vəziyyətə düşdülər. Görürük ki, bu dövlət öz subyektivliyini hiss edə bilmir, nəticədə onun-bunun əlinə baxır. Digər dövlətlər - Fransa, Kanada, Amerika, Hindistan, Yunanıstan Ermənistandan türk toplumlarına qarşı müharibə ruhu üçün istifadə etməyə çalışırlar. Prezident bir daha yada saldı ki, Ermənistanın silahlanması heç bir şeyi dəyişməyəcək. Çünki burada güclü Azərbaycan var. Azərbaycan həm də öz sadiq tərəfdaşları ilə, o cümlədən də Rusiya Federasiyası ilə elə münasibətlər qura bilib ki, onlar bölgənin stabillik təminatını yarada bilirlər. Dayanıqlı sabitlik, ümidli stabillik və rifah Azərbaycan dövlətinin istəyindən irəli gələn normalardır. Odur ki, elə başa düşürəm ki, müsahibə vaxtında səslənib. Həm Rusiyanın daxilində olan ermənipərəst qüvvələrə bu, işarədir ki, onlar da hədlərini aşmasınlar, təhlükələr yaradan Ermənistana rəvac verməsinlər. Kifayət qədər dünya birliyi tərəfindən Azərbaycan liderinin, onun məmləkətinin mövqeyi son dərəcə vacib amildir. Çünki Azərbaycan bölgədə, Avrasiya məkanında sabitləşdirici rol oynayır. Əgər Ermənistan bizim funksiyalarımızı pozmaq niyyətindədirsə, heç bir şeyə nail ola bilməyəcək. Odur ki, Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində bütün məqamları, Azərbaycan dövlətinin aydın baxışlarını bir daha yada saldı. Bildirdi ki, Azərbaycan dövləti yalnız sağlam inteqrasiya, əməkdaşlıq tərəfdarıdır. Bu potensialı da artırmaq niyyətindədir. Eləcə də biz bütün qonşu dövlətlərlə, Rusiya Federasiyası ilə müsbət münasibətlərimizi davam etdirmək niyyətindəyik. Bu, bizim seçimimizdir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər