Hazırda Azərbaycan özünün ən qürurlu dövrünü yaşayır. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, söydaşlarımızın dogma yurd-yuvalarına mərhələli şəkildə qayıdışı uğurlu siyasətin məntiqi nəticələridir. 1993-cü ildən başlanan Heydər Əliyev yolu Azərbaycana biri-birindən möhtəşəm uğurlar qazandırır.
Bu gün son 21 ilin möhtəşəm, zəfər dolu uğurlarından danışırıq. Ümummilli Lider 1 oktyabr 2003-cü il tarixli müraciəti ilə Azərbaycanın bugünkü inkişafının əsasını qoydu. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin böyük əksəriyyətinin səsini qazanan cənab İlham Əliyev son 21 ildə hər bir vədini reallığa çevirmək üçün səylər göstərdi, mühüm addımlar atdı. Dövlətimizin başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablandı. Fəaliyyəti ilə həm Prezident, həm də Ümummilli Liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının Sədri kimi Azərbaycanın dayanıqlı inkişafını təmin etdi. Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı, rolu vardır. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir.
21 ilin reallıqları fonunda bu mühüm məqam bir daha öz təsdiqini tapdı ki, mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır. Bu mühüm məqamı da qeyd edək ki, Prezident İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək!” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi.
2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin həlli ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mindən artıq adda hərbi təyinatlı məhsul istehsal edilir.
Azərbaycan 4 il öncə tarixi Zəfərə imza atdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulysiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalandı. İşğaldan azad edilmiş ərazilərimizdə, Qarabağın tacı Şuşada üçrəngli Bayrağımız ucaldıldı. Ölkəmiz tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Dövlət başçısı İlham Əliyevin daim müraciətlərində bu məqamı xüsusi qeyd edir ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı ucaldıldı. Cənab İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi təsis edildi.
Hazırda Azərbaycan təkmil dirçəliş modelini dünyaya təqdim edir. Bütün hədəflərin zamanında və yüksək səviyyədə yerinə yetirilməsi həyata keçirilən siyasətin düzgünlüyünü və uğurla davam etdirilməsini təsdiqləyir. Artıq yeni dövrə qədəm qoymuşuq. Prezident İlham Əliyev həm bu ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində, həm də sentyabr ayında parlament seçkilərinin keçirilməsindən sonra 7-ci çağırış Milli Məclisin ilk iclasında yeni dövrün hədəflərini açıqladı. Bu çağırışlar gələcək uğurlarımız barədə aydın təsəvvür yaradır. Hazırkı dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin uğurla davam etdirilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına mərhələ-mərhələ qovuşmasıdır. Cənab İlham Əliyev böyük əminliklə qeyd etdi ki, yeni dövr uğurla başlayır və uğurla da davam edəcək. Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın ötən illərdə qazandığı uğurlar, daim irəliyə doğru inamla addımlamasıdır.
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri