İdman Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artırılmasında mühüm rol oynayan sahələrdən biridir. İdman sahəsində əldə edilən uğurlar yalnız idmançılarımızın fərdi nailiyyətləri ilə məhdudlaşmır, həm də Azərbaycanın dünyada müasir, inkişaf etmiş və idman mədəniyyətinə önəm verən bir ölkə kimi tanınmasını təmin edir. Azərbaycan idmanı təkcə milli qürur mənbəyi deyil, həm də ölkəmizin beynəlxalq səviyyədə tanınması və hörmət qazanmasında önəmli vasitədir. İdman sahəsindəki bu uğurlar Azərbaycanın güclü dövlət olduğunu göstərir. Qeyd edək ki, Azərbaycan Olimpiya Oyunlarında müstəqil dövlət olaraq 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarından başlayaraq iştirak edir. Bu müddət ərzində Azərbaycan idmançıları bir çox yüksək nəticələr qazanaraq ölkəmizi beynəlxalq arenada layiqincə təmsil ediblər.
Cari ilin 24 dekabr tarixində Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib və çıxış edib. Prezident İlham Əliyev çıxışında Azərbaycan idmançılarının 2024-cü ildə əldə etdiyi uğurları vurğulayıb. O, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edərək 1700-ə yaxın medal qazandıqlarını qeyd edib. Xüsusilə, 2024-cü il Yay Olimpiya Oyunlarında Azərbaycanın müstəqillik dövründə ən yüksək nəticə əldə edərək komanda hesabında 30-cu yeri tutduğunu bildirib. Bu uğurla Azərbaycan, iki qızıl, iki gümüş və üç bürünc olmaqla, toplam yeddi medal qazanıb.
Dövlətimizin başçısı, həmçinin, Azərbaycanın idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqlədiyini və yeni nəsil idmançıların yetişdiyini vurğulayıb. Prezident gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, onun da ediləcəyini bildirib. Prezident İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və dəstək Azərbaycanın beynəlxalq arenadakı uğurlarını daha da artırıb.
Son illər Azərbaycanda idman İnfrastrukturunun İnkişafı haqqında danışsaq: Bakıda müasir Olimpiya kompleksləri və idman obyektləri inşa edilib. Bu, yeni nəsil idmançıların yetişdirilməsinə şərait yaradıb.
Onu da qeyd edək ki, Azərbaycan 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları kimi böyük tədbirlərin ev sahibi olub.
Azərbaycan idmançıları Olimpiya Oyunlarında uğurları ilə ölkənin idman dövlətinə çevrildiyini bir daha sübut ediblər.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini