Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında ölkə idmançılarının uğurlarından danışaraq əldə edilmiş qələbələr münasibətilə onları təbrik edib. Dövlət başçısı bildirib ki, idmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər. Gənc nəslin yetişdirilməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması üçün idman amili çox böyük məna daşıyır.
Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Ölkəmizin beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsi dövlətimiz tərəfindən bu sahəyə böyük diqqət və qayğı göstərildiyini sübut edir. Dövlət başçısı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunması üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradır. Respublikamızda idmana axın edən gənclərin sayı günü-gündən artır. Ölkəmizin bütün bölgələrində ən müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya İdman kompleksləri, stadionlar, idman zalları tikilərək idmançıların istifadəsinə verilib. İdmançılarımızın mötəbər yarışlarda yüksək nəticələr əldə etməsi Azərbaycanı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb.
Dövlət başçısı çıxışında Azərbaycanın idman siyasətinin uzunmüddətli strateji məqsədlərə əsaslandığını bildirdi. Federasiyaların gücləndirilməsi, yeni idman növlərinin inkişafı və seleksiya işinin aparılması bu siyasətin əsas elementləridir. İdmanın inkişafı, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına, ölkənin iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlərin dünyaya təqdim olunmasına xidmət edir.
Prezident İlham Əliyev, həmçinin gələn ildən Gəncə şəhərində həyata keçiriləcək böyük təmir-bərpa işlərindən danışıb. Qeyd olunub ki, həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək.
İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğati məzmun kəsb edir. Cənab İlham Əliyevin çıxışı bir daha göstərdi ki, idman Azərbaycan dövlətinin prioritet sahələrindən biridir. Dövlətin bu sahəyə göstərdiyi diqqət, idmançıların əldə etdiyi uğurlar və güclü infrastruktur Azərbaycanı dünya idman xəritəsində lider ölkələrdən birinə çevirmişdir. Qarşıdakı illərdə daha böyük nailiyyətlər gözlənilir və Azərbaycan idmanı inkişaf yolunda əmin addımlarla irəliləyir.
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri