Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır. Bunun da bariz nəticəsi kimi Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı artmaqdadır. Təkcə 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatınnın nəticələrinə nəzər salsaq deiklərim dəfələrcə təsdiqini tapmış olar. Gənc güləşçilərimiz ölkəmizi bu yarışda layiqincə təmsil edərək 7-si qızıl olmaqla 16 medal qazanıblar. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülüb. Bununla da idmançılarımız Azərbaycanın təkcə müharibə meydanında deyil, idmanda da Qalib xalq olduğunu sübut ediblər. Parisdə keçirilən Olimpiadadan sonra Prezident İlham Əliyev tarixi qələbəyə imza atan güləş,cüdo və boks komandasının üzvlərini və məşqçıləri qəbul edərkən bildirib ki, “Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər”. Milli idman növü olan güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Həm sovet dövründə və xüsusilə müstəqillik dövründə güclü güləşçilərimiz olub. Onlar Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri davam etdirir. Dekabrın 24-də, ad günündə cənab Prezidentin ilin idman yekunlarına həsr olunan mərasimdə iştiakı və çıxışı ikiqat qürur yaratdı. Cənab Prezident çıxışında bildirdi ki, “İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir. Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Yenə də deyirəm, əlbəttə ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir”. Onu da deyim ki, bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada layiqincə təbliğ edirlər. İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Hazırda ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində çox sayda müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır. Bütün bunlar, dünya miqyaslı müxtəlif çempionatında idmançılarımızın qazandığı parlaq qələbələr bir daha sübut edir ki, Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri uğurla davam etdirir. Ən əsası, Azərbaycanda hər zaman güclü idmançılar yetişib və bunlar gələcək nəsil üçün də örnək olacaq, idman ənənələri qorunub saxlanılacaq!
Ceyhun İsgəndərov,
YAP Göygöl rayon təşkilatı üzrə Mollacəlilli kənd ərazi partiya təşkilatının fəal üzvü