Ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu siyasət nəticəsində idman sahəsində də böyük müvəffəqiyyətlərə imza atılıb. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb. İdman sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bunun da bariz nəticəsi kimi, Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı artmaqdadır.
Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra ölkə idmanının inkişafında sıçrayış baş verdi. Ötən illər ərzində ölkədə güclü idman infrastrukturu da yaradılıb. Respublikamızda idman infrastrukturunun yaradılmasında ən yüksək standartlar tətbiq edilir. İndiyədək istifadəyə verilən idman obyektlərində beynəlxalq səviyyəli yarışları keçirmək üçün bütün imkanlar var. Yaradılan güclü idman infrastrukturunun sosial əhəmiyyəti də kifayət qədər genişdir. Ölkədə idman-olimpiya komplekslərinin və qurğularının tikintisi və onların ətrafında yaradılan infrastruktur sosial məsələlərin həllinə də kömək edir. Paytaxtda və bölgələrdə ən yüksək dünya standartları səviyyəsində inşa edilən idman obyektləri bir tərəfdən gənclərin asudə vaxt keçirmələri, fiziki sağlamlıq göstəricilərini yüksəltmələri üçün əvəzolunmaz məkandır. Sayı getdikcə artan bu obyektlərdə keçirilən mötəbər yarışlarda Azərbaycanın himnini səsləndirən, üçrəngli bayrağını qaldıran idmançılar ordusu yetişir. Digər tərəfdən, idman-olimpiya komplekslərinin və qurğularının tikintisi, onların ətrafında yaradılan infrastruktur artıq böyük təsərrüfat təşkil edir. Bu obyektlərdə çoxlu sayda yeni iş yerləri yaradılıb. Yaradılan müasir infrastruktur, ölkədəki möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi və xalqın xoş məramı beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. Bunun nəticəsidir ki, artıq respublikamızda Avropa və Dünya çempionatlarının keçirilməsi ənənə halına çevrilib. 2015-ci ilin yayında Azərbaycan Avropa Oyunlarının keçirilməsində çox yüksək standartlar müəyyənləşdirdi. Respublikamız bütün dünyada məşhur olan və böyük tamaşaçı auditoriyasına malik “Formula-1” yarışlarına uğurla ev sahibliyi edir. 2017-ci ilin birinci yarısında ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirildi. Parisdə keçirilən Olimpiadadan sonra Prezident İlham Əliyev tarixi qələbəyə imza atan güləş,cüdo və boks komandasının üzvlərini və məşqçıləri qəbul edərkən bildirib ki, “Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər”.
Dekabrın 24-də keçirilən 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev idmançılarla görüşüb. 2024-cü ilin idman yekunlarına həsr olunan görüşdə dövlət başçısı ölkə idmançılarının uğurlarından danışaraq əldə edilmiş uğurlar münasibətilə onları təbrik edib. Ölkə rəhbəri bildirib ki, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil ediblər, yarışlarda 1700-ə yaxın medal qazanılıb. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.
Ötən illər ərzində bu sahədə çox ciddi nailiyyətlər əldə olunub. İlin ən böyük yarışı olan Yay Olimpiya Oyunlarında Azərbaycan idmançları tarixi nəticə əldə ediblər. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülub, komanda hesabında ölkəmiz 30-cu yerdə qərarlaşıb. Bu, da idmanımızın tarixində ən yüksək nəticədir. Bütövlükdə isə iki yüzdən çox milli komandanın iştirak etdiyi Olimpiya Oyunlarında 30-cu olmaq çox böyük nailiyyətdir. Müsəlman ölkələri arasında isə Azərbaycan üçüncü yerə çıxmışdır. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır.
Bu gün dünyada gedən proseslərin göz qabağında olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib:“Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi - bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik”.
Digər bir vacib məqam isə işğaldan azad edilmiş ərazilərimizdə ən müasir tələblərə cavab verən idman infrastrukturunun yaradılması məsələsidir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində Şuşada beynəlxalq şahmat, Suqovuşanda beynəlxalq avarçəkmə yarışlarının və Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarışın keçirilməsi həm də ondan xəbər verir ki, tarixi torpaqlarımızda mötəbər idman yarışlarının təşkili ənənəsinin əsası artıq indidən qoyulur. Bundan əlavə, Ağdamın məşhur “İmarət” stadionunun nəzərdə tutulan yeni layihəsi, Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin yaradılması, Füzuli şəhərində Olimpiya Komleksinin tikilməsi bu sahədə görüləcək mühüm tədbirlərdən xəbər verir. Şübhə yoxdur ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda yaradılan idman infrastrukturları da nüfuzlu yerli və beynəlxalq yarışların keçirildiyi məkanlar olacaq.
Son 21 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız İlham Əliyevin idmançılarla mütəmadi görüşü bir daha idmananın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman sahəsində inkişaf və uğur göz qarşısındadır.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri