31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu günü dünyada yaşayan bütün azərbaycanlılar çox böyük qürurla qeyd edir, haqlı olaraq fəxr edirlər ki, qüdrətli, müstəqil Azərbaycanın vətəndaşlarıdırlar.
Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər Heydər Əliyev çox böyük səylər göstərmişdir. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.
Ümummilli lider Heydər Əliyev 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirilmişdir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla isə Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Əlbəttə ki, keçirilmiş qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyi baxımından olduqca mühüm tarixi əhəmiyyət kəsb edir.
"Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir" – deyən Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş, uzaqgörən siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev qeyd edir ki, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü artıq xalqımız, dünyada yaşayan azərbaycanlılar çox böyük qürurla , fəxrlə qeyd edirlər. Çünkü prezidentimiz , Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində artıq 4 ilidir ki,Azərbaycan xalqı tarixi torpaqlarına qovuşub. Erməni işğalı nəticəsində 30 ildir öz yurd yuvalarından didərgin düşmüş vətəndaşlarımız doğma ata – baba ocaqlarına qayıdıblar. Bu həm milli birliyimizin təntənəsi,xalqımızın öz Liderinin ətrafında sıx birləşməsinin göstəricisidir.
Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. 27 sentyabr 2020-ci ildə başlanmış Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımız olduqca fəal şəkildə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdıraraq öz üzərlərinə düşən vətəndaşlıq borclarını yerinə yetirdilər və bununla da şanlı Zəfərimizə layiqli töhfə vermiş oldular. Vətən müharibəsi xalqımızın mübarizliyini, həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri