"Dünən Bakı-Qrozni səfərini edən Azərbaycan Hava Yollarına (AZAL) aid sərnişin təyyarəsinin havanın pisləşməsi səbəbindən Aktauya məcburi eniş edərkən meydana gələn qəza başda Azərbaycan xalqını, türk millətini kədərləndirmişdir". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.Hulusi Kılıç qəzada dünyasını dəyişənlərə Allah rəhmət diləyib, ailələrinə və yaxınlarına başsağlığı verib: "Azərbaycan xalqına da başsağlığı vermək istəyirəm. Türk millətinin də başı sağ olsun. Yaralılara təcili şəfalar diləyirəm.Cənab Prezidentin Zirvə görüşünə gedərkən havada bu məlumatı alması ilə dərhal Bakıya dönməsi və qəza ilə əlaqədar məlumat alması böyük bir Liderliyin göstəricisidir. Həm də vətəndaşına verdiyi dəyərin əsl göstəricisidir. Azərbaycan Prezidentinin tapşırığı ilə Baş Nazir Əli Əsədovun başçılığı ilə komissiya yaradılıb və Aktauya azərbaycanlı həkimlər və səlahiyyətlilər göndərilmişdir. Azərbaycan xalqını kədərləndirən bu hadisə Türkiyədə də böyük bir kədərlə qarşılanmış, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənab Prezident İlham Əliyevə başsağlığı vermişdir.Təyyarə qəzaları çox az olan qəzalardır. Bu qəza Azərbaycan tarixində üçüncü təyyarə qəzası olmuşdur: 1996, 2005 və dünən meydana gələn qəza. Təyyarələrdə qara qutu var. Qara qutu ilə qəzanın səbəbi araşdırılıb məlumat yayılacaq. Buna inanırıq ki, AZAL təyyarələrinə lazımi baxıb edib. Bu, çox önəmlidir. Onun üçün qara qutu hər şeyi ortaya çıxaracaq. Görürük ki, havanın pisləşməsi səbəbindən Qrozniyə gedərkən təyyarənin istiqamətini Aktauya çevirməsi hava şəraiti ilə bağlıdır. Millətimizin başı sağ olsun. Mustafa Kamal Atatürkün bir sözü var: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". Bəli, Azərbaycanın kədəri türk xalqının da kədəridir".
Müəllif: Söylü Ağazadə