Misirdə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsinə anım guşəsi yaradılıb. SİA-nın məlumatına görə, cəmiyyətdən bildirilib ki, Misirdə yaşayan soydaşlarımız, Cəmiyyətdə təhsil alan misirli tələbələr gələrək anım guşəsinə güllər düzüb, qəza nəticəsində həlak olanların xatirəsini hörmətlə anıb, yaralananlara şəfa arzulayıblar. Anım günü həlak olanların ruhlarına Qurani-Kərim oxunub.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov çıxış edərək bildirib ki, Misir ictimaiyyətinin nümayəndələri də zəng edərək və cəmiyyətə gələrək öz başsağlıqlarını bildiriblər.